23 Dekabr 2024, Bazar ertəsi

Zamanı  uzun bir yola, tarixi isə zamanın ağır-ağır addımlayan yolçusuna bənzədirlər. Tarix ona görə ağır-ağır  addımlayır ki, o hər yeni addımında geriyə nəzər salır. Bu nəzər gedilən yolun nəticəsi – salnaməsidir. Naxçıvanlılar da 25 il əvvəl zamanın yolayrıcından  bir  yolçuluğa çıxmışdılar. Bu yol qaranlığın çökdüyü zülmət içərisində bir yol idi. Həmin yoldan Naxçıvanı işıqlı yola çıxaran isə ulu öndərin siyasi xəttini davam etdirən cənab Vasif Talıbov oldu. İndi söz ötən həmin 25 ilindir. Çünki o, artıq bir salnamə, tarixdir. Tarixin söylədiyi söz isə deyilən bütün sözlərdən kəsərlidir.  

Yolun başlanğıcındakı Naxçıvanın ümumi mənzərəsi belə idi: 1995-ci ildə Naxçıvan Muxtar Respublikası blokadanın ən çətin anlarını yaşayırdı. Ağır sosial-iqtisadi vəziyyət muxtar respublikanın ümumi mənzərəsinə duman kimi çökmüşdü. Havadan kasıblıq, yoxsulluq qoxusu gəlirdi. Dəmir yolunun fəaliyyətinin hələ düz 5 il bundan əvvəl dayanması ilə Naxçıvan iflic vəziyyətə düşmüşdü. Yanacaq qıtlığı, elektrik enerjisi və təbii qazın yoxluğu burada həyatı dayandırmışdı. İnsanlar olmazın əzab-əziyyəti ilə üz-üzə qalmışdılar: informasiya blokadası, evlər, iş yerləri soyuq, qaranlıq, süfrələr bomboş, iş yerləri bağlı, çörək, ərzaq, neft növbələri, əllərdə talonlar mağazaların qarşısında ailə başına yarım kiloqram şəkər tozu, 2 kiloqram un almaq üçün saatlarla sırada dayanmaq... Elə bir ev yox idi ki, oradan bir və ya iki nəfər işləmək üçün qonşu ölkələrə getməmiş olsun. İnsanlar ağır sosial vəziyyətdə yaşayırdılar. Naxçıvandakı vəziyyət burada heç bir evdən, ailədən kənarda qalmırdı. Çünki bu, ümumi bir problem idi. Kiminsə kimdən azacıq da olsa, üstünlüyü yox idi, insanlar ortaq bir həyatı bölüşürdülər.

Hələ naxçıvanlılar bu yolçuluğa çıxmamışdan əvvəl tarix də, zaman da göstərdi və sübut etdi ki, Yaradanın bu xalqın xilaskarı olaraq yer üzərinə göndərdiyi, həyatını Azərbaycana və Azərbaycançılığa həsr edən, xalqımızın qeyrətli övladı, müstəqilliyimizi əbədi edən ümummilli liderimiz Heydər Əliyev olmasaydı, Naxçıvan Muxtar Respublikası da 1990-cı illərdə işğal olunan əzəli torpaqlarımızın taleyini yaşayacaqdı. Ulu öndərimiz bunun qarşısını aldı. Lakin həmin dövrdə bütün ölkəmiz Naxçıvan kimi təhlükəli vəziyyətə düşdüyündən xalqın təkidi ilə böyük şəxsiyyət xilaskarlıq missiyası ilə Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtmalı oldu. Ulu öndər Naxçıvandan Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında istəklərinin, planlarının yerinə yetirilməsi arzusu ilə ayrıldı.
Böyük Heydər Əliyev o zaman bəzi “vətənsevərlərin” ölkədə nə kimi təxribatlar törətdiklərini, torpaqlarımızı bir-birinin ardınca güdaza verdiklərini, ölkədə dəfələrlə qarşıdurma yaratdıqlarını, bununla kifayətlənməyib Naxçıvana da əl uzatdıqlarını çox gözəl təhlil edir, nəticələrə gəlirdi.
Həmin illər Azərbaycandakı ağır vəziyyətə tab gətirməyib xarici ölkə­lərdə yaşamağı seçənlər çox oldu. Özlərini ziyalı, lider kimi qələmə verib sovet Moskvası ilə əlbirlik edib torpaqlarımızın işğal olunmasına rəvac verənləri gördük. Naxçıvanın blokadası üçün xüsusi planlar hazırlayanları, vəzifə meylində olanları, yaranmış vəziyyətdən istifadə edənləri gördük. Azərbaycan da, onun ayrılmaz parçası olan Naxçıvan da bir ana bənd idi ki, məhv edilsin, tarixdən, xəritədən silinsin. Lakin Heydər Əliyev siyasəti, uzaqgörənliyi bunun qarşısını aldı. Naxçıvan əmin əllərə verildi. Naxçıvanlıların taleyi isə məhz ulu öndərin etibar etdiyi Vətən oğluna tapşırıldı. O Vətən oğlu ki illər sonra da “Mənim işim Heydər Əliyevin Naxçıvanda görmək istədiyi, ancaq zaman kəsiyinin yarımçıqlığı ucbatından gerçəkləşdirə bilmədiyi işləri tamamlamaqdan ibarət olmuşdur və bundan sonra da belə olacaq”, – deyəcək və böyük iradə, qətiyyət və bacarıqla ulu öndərin Naxçıvanla bağlı arzu və istəklərini, planlarını reallığa çevirəcəkdi.
Ötən illərin göstəriciləri, statistikası, Naxçıvanın haradan haraya gəldiyini təsdiqləyən sənədlər var. Bu gün Naxçıvanın bütün bölgələri ötən 25 ildən söhbət açır. Naxçıvanın dünəni ilə bu gününün mənzərəsi fonunda insanlar nələrin sahibi olduqlarını yaxşı bilirlər. Şəhər, qəsəbə, kəndlərimizin yenidən qurulub-yaradılan abad yollarının, məktəblərinin, səhiyyə, mədəniyyət ocaqlarının hər biri dünənin müqayisəsində bu gün insanların nail olduqlarıdır. Bu gün Naxçıvan işsizlik ucbatından başqa yerlərə gedənləri qaytararaq torpaq mülkiyyətçisinə, fermerə, sahibkara, ailə təsərrüfatçısına çevirən, insanların qürur duyduqları yurd yerləridir. Naxçıvan 30 il blokada şəraitində olsa da, ötən illərdə insanlara yaradılan şərait, məşğuliyyət, dolanışıq, yaşayış bu sözü unutdurub onlara. İndi bu yerin insanları inkişafdan, tərəqqidən danışırlar. Nəinki naxçıvanlılar, buraya yolu düşən hər bir qonaq, turist ölkəsində, yaşadığı yerlərdə Naxçıvandan heyranlıqla danışırlar. Blokada və inkişafın paralel kontekstində isə ötən 25 ilin Naxçıvanının sosial-iqtisadi mənzərəsini qısa olaraq belə xarakterizə etmək olar: çıraq işığından elektrik enerjisi ixracatçısına, çörək növbələrindən ərzaq təhlükəsizliyinə, kötüklər sıralanan meşələrdən min hektarlarla yaşıllıqlara, yararsız torpaqlardan yüzlərlə hektar əkinəyararlı torpaqlara sahib diyara, itib-batmaqda olan abidələrdən, kəhriz, dəyirmanlardan yeni həyat verilmiş tarixi yurda, 70 ilin köhnəliklərini silən yeniliklərə...
Bunlar rəhbər-sakin birliyinin, sədaqətinin göz önündə olan bəhrələridir. Lakin ötən 25 ilə bir də duyğuların “gözü ilə” nəzər salmaq da yerinə düşərdi:
- Naxçıvana Naxçıvan boyda sevgi. Bu sevgi ilə o qaranlıq yollara işıq tutuldu. O yollar keçildi.
-Yurda, torpağa məhəbbət. Bu məhəbbətlə yurd qorundu, torpağa uzanan əllər kəsildi.
- Şəhidə, qaziyə övlad qayğısı. Biz bunu illər uzunu onlara göstərilən hərtərəfli qayğıda görmüşdük. Bir də 44 günlük Vətən müharibəsində bu günədək 17 dəfə şəhidini qarşılayan Naxçıvanda bir daha gördük. Muxtar respublika rəhbərini naxçıvanlı şəhidlərimizi böyük kədərlə qarşılamasında, onların valideynlərinə, övladlarına isti münasibətində, qazilərimizi ziyarətində, onların müalicəsi üçün bütün imkanlardan istifadə ilə bağlı verdiyi tapşırıqlarda gördük.
- Əminlik. Buna alınmaz qala olan Naxçıvanda müdafiə mövqeyinin gücləndirilməsi, ordu quruculuğu sayəsində nail olmuşuq. Bu, 1990-cı illərdən fərqli olaraq naxçıvanlılara bir əminlik verir. Lap ucqar kəndlərimizdə belə, insanlar əmindirlər və rahatdırlar ki, onların təhlükəsizliyi muxtar respublikada ən önəmli məsələdir.
- Əməyə, zəhmətə dəyər. Bu gün muxtar respublikada uşaqdan böyüyə hər kəsin zəhmətinə böyük dəyər verilir. Heç kim diqqətdən kənarda qalmır.
- İnsanlara sayğı. Muxtar respublika rəhbərinin ziyalı ilə ziyalı, müəllimlə müəllim, əkinçi ilə əkinçi ünsiyyətinin şahidiyik.
- Səmimiyyət. Bunu ən ucqar kəndlərdən tutmuş şəhər mərkəzində yaşayan sakinlərlə görüşlərdə müşahidə etmişik. Muxtar respublika rəhbərinin festival, yarmarkalarda məhsul istehsalçılarının qayğısı ilə maraqlanmasında, onların məhsullarının ilk alıcısı olmasında görmüşük.
- Gənclərlə dostluq. Bu hər an gənclərin təhsilinə, sağlamlığına qayğıda hiss olunub. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan onlarla gənclə tək-tək görüşüb, onlara hədiyyələrin təqdim edilməsində, uğurlar arzulanmasında, gənc ailələrin mənzillə təminatında görmüşük.
- İstedada qiymət. Naxçıvanda istedadlı insanlar, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılmasının da şahidiyik.
- Həmişə qürur duyduğumuz ən önəmli bir məsələ. Naxçıvanda əlil sözü illər öncədən sağlamlıq imkanları məhdud şəxs sözü ilə əvəz olunub. Bu, muxtar respublika rəhbərinin illərlə nitqlərində əlil yox, sağlamlıq imkanları məhdud sözünü səsləndirməsi ilə formalaşıb və hər kəsin bu cür ifadə tərzinə çevrilib. Bütün bunlar isə bir siyasi şəxsiyyətin özünə­məxsus xarakterində insani dəyərin ən ali mərhələsidir.
Bu gündən baxanda gözlər önündə qaranlıq bir mənzərə kimi canlanan 25 il əvvəlki Naxçıvan Konfutsinin bir kəlamını xatırladır: “Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır”. Biz qaranlığı lənətləmədik, əksinə, muxtar respublika rəhbərinin yandırdığı və yolumuza tutduğu şamla irəliyə doğru addımladıq. Coğrafi ərazisinə görə də, düşdüyü vəziyyətə görə də ağır şəraitdə olan Naxçıvan cənab Vasif Talıbovun potensialı, ulu öndərdən mənfəətləndiyi siyasi qabiliyyəti ilə o ağır, şam işığına möhtac illəri günbəgün arxada qoyaraq işığa, inkişafa, xoş günlərə doğru yol aldı. O illər ki hər insan o ağır yükü çiyinlərinə götürməyə özündə güc tapa bilməzdi. Lakin tarixdə o insanlar böyük şəxsiyyət­lərə çevrilirlər ki, məhz belə ağır vəziyyətlərdə vəzifələrinin öhdəsindən layiqincə gələ bilirlər. Belə insanlar tarix yazan insanlardır. Tarixi yazanları isə tarixin özü yaşadır.
Bu gün Naxçıvan ulu öndərimizin arzu və istəklərinin reallaşması ilə işıqlanan, hər birimizin qürur yerimiz olan doğma diyarımızdır. Ötən 25 ilin müstəqillik, sabitlik, inkişaf, ən əsası isə Vətənə, xalqa məhəbbət müstəvisində məğrur dayanan Naxçıvan... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Mətanət MƏMMƏDOVA
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR