Naxçıvan Müəllimlər İnstitutunda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Dövlət himninin oxunması ilə başlanan tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək 44 günlük Vətən müharibəsində böyük hünər və şücaət göstərən Vətən oğullarının əziz xatirəsini yad edib. Bildirilib ki, torpağımıza göz dikən yağı düşməni məhv edərək kənd və şəhərlərimizi işğaldan azad edən və bu yolda şəhidlik zirvəsinə yüksələn igidlər hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Bu müharibədə öz şəhadətinə çatan qəhrəman oğullarımız sırasında Naxçıvan Müəllimlər İnstitutunun iki nəfər məzun tələbəsi – Kamran Hüseynov və Ruhid İslamlı da olub.
İnstitutun prorektoru Çapay Quliyev öz çıxışında məzun tələbə şəhidlər haqqında geniş məlumat verib, hələ tələbə ikən onların cəsurluğu və çalışqanlıqlarını vurğulayıb.
Pedaqoji fakültənin III kurs tələbəsi Gülcan Əlizadə çıxış edərək bugünkü gəncliyin şəhidlərimizə olan münasibətini qeyd etmiş, onlarla eyni dövrdə tələbə adını daşıyan, birlikdə institut tədbirlərində iştirak edən şəhid Ruhid İslamlı haqqında fikirlərini bildirib.
Tədbirdə tələbələr şəhidlərlə bağlı şeirlər qiraət ediblər. Şəhidlərə həsr olunmuş kompozisiya da maraqla qarşılanıb. Sonda İncəsənət kafedrası müəllimlərinin və Təsviri incəsənət ixtisası tələbələrinin təqdimatında şəhidlərin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.