23 Dekabr 2024, Bazar ertəsi

Tarixən Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq, dostluq münasibətləri müasir dövrümüzdə bütün istiqamətlər üzrə uğurla davam edir. Ölkəmizin 44 gün ərzində apardığı Vətən müharibəsi dövründə də bu amil özünü ən yüksək səviyyədə göstərdi, döyüşlərin başladığı gündən qardaş ölkə həm xalq, həm də dövlət olaraq öz dəstəyini əsirgəmədi.
Dekabrın 12-də iki ölkə qardaşlığının növbəti nümunəsi kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının xəttilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularının ailələrinə ərzaq və tibbi ləvazimatlar hədiyyə olunub. Bu münasibətlə keçirilən tədbirdə partiyanın vəkili Ahmet Nazif Yücel ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirlərini xatırladaraq bildirib ki, artıq iki ölkə arasındakı qardaşlıq münasibətləri bütün dünyada nümunə səviyyəsində qəbul edilir. Tarixboyu Türkiyə hər zaman bütün məsələlərdə Azərbaycanın yanında olub, ona öz dəstəyini əsirgəməyib. Vətən müharibəsinin başladığı ilk gündən sonadək qardaş ölkənin haqq səsinə səs vermiş, birlik, bərabərlik nümayiş etdirmişik. Cümhuriyyət Xalq Partiyası olaraq müharibədən sonra atdığımız bu addım da qardaşlıq münasibətlərimizin növbəti təzahürüdür.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Rafail Gözəlov çıxışında Vətən müharibəsi dövründə Türkiyənin verdiyi böyük dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, münasibətlərimizin bundan sonra da ən yüksək səviyyədə davam edəcəyini vurğulayıb, humanitar yardıma görə qardaş ölkənin nümayəndələrinə, Cümhuriyyət Xalq Partiyasına minnətdarlığını bildirib.
Qonaqlar Azərbaycanın öz ərazi bütövlüyünün təmin olunması, erməni vandalları tərəfindən işğal olunan əzəli torpaqlarının azad edilməsi uğrunda apardıqları haqq savaşının əhəmiyyətindən danışaraq bu Böyük Qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.
Sonra Türkiyənin Cümhuriyyət Xalq Partiyasının xəttilə gətirilən 1000 qutu ərzaq, 100 min tibbi maska, 5 min göz üçün plastr, 5 min tibbi kalpak, 5 min steril sarğı üçün plastr və digər tibbi ləvazimatlar Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.
Qonaqların “Şərq qapısı” qəzetinə verdiyi müsahibələri oxucularımıza təqdim edirik:

Ahmet Nazif Yücel – Cümhuriyyət Xalq Partiyasının vəkili: – Bildiyimiz kimi, Azərbaycanın haqq-ədalətə söykənən 44 günlük Vətən müharibəsi ötən ayın 10-da imzalanan üçtərəfli Bəyanatla, qardaş ölkənin Qələbəsi ilə yekunlaşdı. İllərdir, işğal altında qalan Qarabağ torpaqlarının azad edilməsi, qardaş ölkəmizin zəfəri bizləri olduqca sevindirdi. İstər 30 ilə yaxın davam edən danışıqlarda, istərsə də müharibə başlanan gündən sonadək Türkiyə əsl qardaşa layiq addımlar atdı, həm xalq, həm də dövlət olaraq Azərbaycanın yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Cümhuriyyət Xalq Partiyası olaraq da daim Azərbaycanın haqq işinə dəstəyimizi göstərmişik, bundan sonra da hər zaman qardaşlarımızın yanında olacağıq. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Böyük Zəfər münasibətilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında dərin ehtiramımı bildirir, bütün yaralı qardaşlarımızın tezliklə şəfa tapmalarını arzu edirəm.

Gökşen Anıl Ulukuş – Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi: – Azərbaycanla Türkiyə eyni soykökə, çox yaxın tarix və mədəniyyətə malik olduğu üçün xalqlarımız tarixin bütün dövrlərindəki kimi, bu gün də bir-birinə candan, könüldən bağlıdır, düşüncələrimiz, mənafelərimiz hər zaman üst-üstə düşür. Təsadüfi deyil ki, Azərbaycanda olduğumuz müddətdə öz Vətənimizdəki doğmalıq hisslərini yaşayırıq.
Onu da qeyd edim ki, 30 ilə yaxındır, qardaş ölkəmiz ədalət mübarizəsi apardı və biz də təbii olaraq buna daim dəstək vermişik, Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu bütün dünyaya elan etmişik. 44 gün davam edən Vətən müharibəsinin hər gününü, qazanılan zəfər müjdələrini azərbaycanlı qardaşlarımızla birgə bölüşmüşük, sevincinə də, kədərinə də şərik olmuşuq. Müharibədən sonra da öz dəstəyimizi göstərmişik və bundan sonra da qardaşlıq münasibətlərimizi ən yüksək səviyyədə davam etdirməyə çalışacağıq. Azərbaycanlı qardaşlarımızın Zəfər bayramını təbrik edir, onlara işğaldan azad olunmuş doğma Qarabağı tezliklə abadlaşdırıb gözəlləşdirmələrini, orada yeni firavan həyat sürməyə başalamalarını diləyirik.

- Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR