23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunan zəfərin əldə edilməsinə səbəb olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, hərbi qulluq vəzifəsini icra edərkən nümayiş etdirdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif edilib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal olunan ərazilərin azad olunması üçün əks hücum əməliyyatlarının başlanıldığı ilk gündən Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hücuma məruz qalmasına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Azərbaycan ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsir və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq vermişdir. Ali Bas Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşmış, bu münasibət həmin şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, yerli və kütləvi informasiya vasitələrinə müsahibələri vasitəsilə geniş işıqlandırılıb.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunan qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarıb.

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olan erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülən erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Əvvəllər bu barədə mətbuata verilən məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanan materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda sosial mediada yayılan digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir".

"Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bu sahədə hüquq mühafizə orqanları tərəfindən qeyd olunan hüquq pozuntuları ilə bağlı ictimaiyyət məlumatlandırlmaqla cinayət işləri çərçivəsində istintaq araşdırmalarının aparılmasına dair açıq bəyanatlar verilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən 101 dinc sakinin öldürülməsi, 423 mülki şəxsin yaralanması, habelə Ermənistan hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı təəssüf ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülməmiş və açıqlama verilməmişdir.

Qeyd olunmlaıdır ki, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi ilə bağlı bütün cinayətlər üzrə zəruri və intensiv istintaq hərəkətləri aparılır. Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır", Mətbuat Xidmətindən bildirilib.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR