Hər bir insanı digərlərindən fərqləndirən, ucaldan xüsusiyyətləri vardır. Vətənpərvərvərlik, xeyirxahlıq, fədakarlıq və s. kimi insanı ideallaşdıran xüsusiyyətlər. Lakin hər insan bunlara sahib olmaqla bir dahiyə çevrilib insanların ürəklərində əbədi yer tuta bilməz. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Bu dahi əlbəttə ki, Heydər Əlirza oğlu Əliyevdən başqası ola bilməz. Böyükdən kiçiyə hər kəsin dilinin əzbəri olan bu şəxs dünya azərbaycanlılarını vahid ad altında birləşdirdi, xalqımıza müstəqillik qazandırdı, dövlətimizi dünyaya tanıtdı. Bir dövlət kimi formalaşmağımız üçün elm, təhsil, mədəniyyət, iqtisadiyyat bir sözlə bütün sahələrdə əvəzolunmaz addımlar atdı.
Ümummilli liderimizin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də təhsil idi. Elmin, öyrənməyin, yeni biliklərə yiyələnməyin həddi-hüdudu yoxdur və bunu ulu öndər yaxşı bilirdi. Gənclər onun sayəsində xaricdə təhsil ala bilir, dövlət vəsaiti hesabına dünya miqyasında tanınmış nüfuzlu ali təhsil müəssisələrində ən gözəl ixtisaslara yiyələnirdilər. Ümummilli liderin təhsilə, elmə, öyrənməyə olan diqqətinin nəticəsidir ki, bu gün dünya xalqları siyahısında öz yerimizi almışıq.
Ulu öndər Heydər Əliyevin bir dahi kimi bütün azərbaycanlıların ürəyində yaşamasına saysız-hesabsız səbəb göstərmək olar. O, xalqımızın xilaskarıdır. Ulu öndər zəngin təbiəti, tarixi ilə məşhur olan torpaqlarımıza göz dikən düşmənə də öz yerini sərt şəkildə bildirdi. Əzəli Azərbaycan torpağı olan Qarabağı qorumaq üçün əlindən gələni etdi. Çünki o, xalqına bağlı bir öndər idi. Onun Azərbaycanlılara olan inamı, güvəni bizi bu günlərə gətirib çıxardı. Liderimiz bir ömür yaşadı və həmin ömrü sadəcə xalqına qurban verdi. O ömür ki, həmin ömrün əvəzinə indi milyonlarla ömür yaşayır. Dinc, əmin-amanlıq şəraitində yaşayan on milyondan artıq insan Heydər Əliyevə minnətdardır...
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir ki, artıq 30 illik əsarət bitdi. Onun uzaqgörən siyasəti özü həyatda olmasa belə, bu gün bizim köməyimizə çatdı. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad etdi, Qarabağı öz sahiblərinə qovuşdurdu. “Qarabağ Azərbaycandır!” şüarı altında bütün xalqımız ayaqlandı. Həmin xalqın qəlbində əbədi yaşadacağı ümumilli liderimizə də, bizlərə miras qoyduğu Vətən torpağına da sevgisi, məhəbbəti sonsuzdur...
Ürəklərdə yaşayan dahi... Onun bir ömrə sığdırdıqlarını əsrlər sonra da xalqımız unutmaz, unuda bilməz. Çünki biz Azərbaycan vətəndaşıyıq. “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam”. Dilimizin əzbəri olmuş bu cümlə bizləri doğma Vətəni sevməyə, onu daim uca tutmağa səsləyir. Nəinki gənclər, kiçikdən böyüyə hər birimiz Vətənin qulluğunda dayanmağa, onu öz gücümüzlə ucaltmağa hazırıq.
Bu gün Azərbaycan xalqı ulu öndərimiz sayəsində mövcuddur. O, bundan sonra da qəlbimizdə yaşayacaq, böyük sevgi və hörmət hissi ilə anılacaq. Hər bir azərbaycanlının borcudur ki, bu dahini ürəyində yaşatsın. Yaşatsın ki, Azərbaycan həmişə vahid və müstəqil ola bilsin.
Cəfərli Aysun
Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi
“Ürəklərdə yaşayan dahi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi