24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından biridir. Bu qədim diyar min illərə şahidlik edən tarixi abidələri, füsunkar təbiəti, ləziz təamları ilə Naxçıvana ayaq basan insanları təəccübləndirir. Şanlı tariximizin izlərini  özündə qoruyub saxlayan, 3500 ildən çox yaşı olan bu diyarın adına tarixdə ilk dəfə Klavdiy Ptolomeyin əsərlərində rast gəlinir. Mən də  Naxçıvanda doğulub boya-başa çatmış bir gənc kimi şəhərimin gözoxşayan gözəlliyini tərif etməyi hər zaman özümə borc və şərəf bilirəm.

Odlar diyarının ayrılmaz hissəsi kimi Naxçıvan bütün tarixboyu Azərbaycanla birgə addımlamış və eyni taleyi yaşamışdır. Əzəli-əbədi düşmənimiz olan Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ulu diyar öz Azərbaycanından cismən ayrıldı. Ölkəmizin digər bölgələri ilə əlaqəsi kəsildikdən sonra blokada şəraitində qalan Naxçıvan bir çox çətinliklərlə üzləşməli oldu. Ermənistanın heç bir ağıla və məntiqə söykənməyən saxta torpaq iddiaları diyarımızdan da yan keçmədi. Təsadüfi deyil ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qızıl Ordunun Bakıya hücumundan 8 saat əvvəl erməni təcavüzkarları tərəfindən Naxçıvanın Kərki kəndi işğal edildi. Bununla da kifayətlənməyən mənfur düşmən Naxçıvanla-Bakı arasındakı nəqliyyat vasitələrini xalqın üzünə bağladı. Bütün Azərbaycan xalqı ilə birgə Naxçıvan da erməni daşnaklarının alnımıza yazdığı bu acı taleyi yaşamağa məcbur oldu. İllər bir-birini yola salsa da yenə də keçmiş günləri xatırlayarkən, çəkdiyimiz iztirabları düşünərkən qəlbimizdəki nisgil alovu körüklənir.

90-cı illərin şaxtalı qışı təbiətlə birgə xalqın sabaha olan ümidlərini də dondurmuşdu. Bir tərəfdən yenicə ayaq açmış müstəqilliyimizə qarşı rus imperiyasının hədə-qorxuları, digər tərəfdən saxta iddialarla xalqımızı sıxışdırmağa çalışan erməni dığaları qara bulud kimi başımızın üstünü almışdı. Lakin bu çətinliklər heç vaxt xalqın əzmini, iradəsini sındırmamışdı, onları bir yumruq kimi birləşdirdi. Vətəninə dərin sədaqət bəsləyən xalqımız elin xilaskar oğlu ulu öndər Heydər Əliyevin ətrafında cəm olaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdı. Partiyanın yaranması ölkəmizə, eləcə də muxtar respublikaya hərtərəfli inkişaf və rifah gətirdi.
Ötən 30 ilə qısa baxış göstərir ki, Naxçıvan çətin və bir o qədər də məşəqqətli yollardan keçərək öz tarixinin ən yüksək zirvəsinə çatmışdır. Muxtar respublikada aparılan yenidənqurma və abadlaşma işlərinin bəhrələri gündən-günə artır. Qədim abidələrimizin bərpası ilə 100 minlərlə turistə qapı açmaqla bərabər, yeni yaşayış binaları, sosial obyektlər, məktəb binaları, məscid kompleksi tikilib xalqın istifadəsinə verilir. Naxçıvanda görülən bu məqsədyönlü işlər heç də sözlə ifadə ediləcək qədər asan başa gəlməmişdir. Bu uğurları biz ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan, dünya boyda Naxçıvan sevgisini qəlbinə sığdıran, yurduna dərin məhəbbət bəsləyən və xalqına misilsiz xidmətlər göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova borcluyuq. O, yurduna sonsuz məhəbbətlə, Naxçıvanı, sözün həqiqi mənasında, cənnətə çevirmişdir. Naxçıvana cənnət dedikdə yanılmıram, çünki muxtar respublikamızın rəhbəri ulu öndər Heydər Əliyevin yolu ilə uğurla addımlayaraq yeni bir Naxçıvan qurub yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Naxçıvanı diqqət mərkəzində saxlamış, Naxçıvan Muxtar Respublikasına etdiyi bir çox uğurlu səfərlərdə mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etmiş və görülən işləri yüksək qiymətləndirmişdir.
Muxtar respublika ərazisindəki ucqar kəndlərimizdə yeni məktəb binaları, səhiyyə məntəqələri, kitabxanalar, kənd və xidmət mərkəzləri sakinlərin istifadəsinə verilmişdir. Xatırlayıram, 10-12 il bundan öncə orta məktəbdə oxuyarkən məktəbimiz təmirsiz halda idi. Sinif otağının çürümüş taxta döşəməsi ayaq basarkən eybəcər səs çıxarır, divarların suvağı uçub tökülürdü. Məktəb binası yenidən qurulduqdan sonra bütün çətinliklər aradan qalxdı. Hər gün maşınların şütüdüyü, bir zamanlar palçıq olan yollar indi asfaltlanmış və yol boyunca işıq dirəkləri ucaldılmışdır. Sözügedən yenidənqurma və abadlaşdırma işləri kənd təsərrüfatı və iqtisadiyyat sahəsində də öz bəhrəsini verməkdə davam edir. Xatırlayıram ki, balaca olarkən kəndimizdə arpa sahəmiz vardı. Biçin vaxtı gəldikdə babam deyirdi ki, yenə qara ay gəldi çıxdı. Ha gözlə ki, kəndə kombayn gələcək. Bir zamanlar bu sözlər bütün kənd camaatının dilində idi. İndi isə hər rayonun özündə müxtəlif kənd təsərrüfatı texnikaları sakinlərin ixtiyarına verilmiş, bu çətin problemlər aradan qalxmışdır. Bir zamanlar insanların yuxusuna haram qataraq gecədən-səhərə qədər gözlədikləri çörək növbələri indi bu gün bizə nağıl təsiri bağışlayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, azadlıq memarımız ulu öndər Heydər Əliyevin dövlətçilik məktəbində yetişən Ali Məclisin Sədri günü-gündən çiçəklənən, Avropa şəhərləri ilə müqayisə ediləcək bir muxtar dövlət yaratmağa qadir oldu. Jurnalist Sahil Tahirli “Yaratmaq amalı” adlı kitabında yazır: “Naxçıvan televiziyasının arxiv fondunda 25-30 il əvvələ aid çox dəyərli videokadrlar mühafizə olunur. 1996-cı ilə aid həmin videoxronikalardan birində öz platformasını açıqlayan Ali Məclisin Sədri deyir ki, “Bütün qüvvə və bacarığımı Naxçıvanın çiçəklənməsinə sərf edəcəyəm. Ordu quruculuğu, təhsil, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə üstün istiqamət olacaq”.
Bu gün artıq Azərbaycan tarixə adını qızıl hərflərlə yazdı. Dillərə dastan olan qəhrəmanlıq salnaməmiz nəticəsində 30 illik nisgil alovu söndü. Bu qələbə Azərbaycan, o cümlədən muxtar respublika üçün böyük önəm daşıyır. Çünki ermənilərin biabırçı şəkildə imzaladığı təslim aktı ilə diyarımızın ana Vətəni ilə cismani ayrılığı sona çatacaq. Naxçıvan tezliklə ərazi etibarilə blokada , birbaşa Azərbaycana birləşəcək. Naxçıvanla qərb rayonlarımız arasında quru yolunun açılması muxtar respublikanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Türkiyə Respublikası ilə vahid quru yolunun bərpa olunması və Ermənistanla İran İslam Respublikası arasındakı quru yolunun kəsilməsi Ermənistanın özünü blokada vəziyyətinə salacaq. Bir zamanlar xalqımızın başına açdıqları acı taleyi indi özləri cəzasını çəkməklə ödəyir və ödəyəcək.
Atılan uğurlu addımlar, görülən bütün məqsədyönlü işlər sayəsində cənab Sədr Heydər Əliyev dəstxətinə sadiq olmuş və ulu öndərin etimadını doğrultmaqla biz gənclər üçün əsl vətənpərvərlik örnəyinə çevrilib. O,Vətəninə olan sevgini yalnız sözdə yox, əməldə göstərmiş və Vətəninə sadiq bir şəxsiyyət kimi dərin el məhəbbəti qazanmışdır. Biz də bir Azərbaycan gənci kimi bizim üçün qurulan bu gözəl şəraitdən səmərəli istifadə etməli, onları qoruyub gələcək nəsillərə ötürməli, ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycana layiqli vətəndaş olmalıyıq. Çünki Vətəni sevmək hər bir şəxsin borcudur. Məhz həyatın mənası qədir-qiymət bilməkdir. Vətənpərvərlik isə dildə yox, əməldə olmalıdır.

Məcid ƏKBƏROV
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR