24 Dekabr 2024, Çərşənbə axşamı

Dekabrın 11-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzu­sunda interaktiv dərs keçilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Gülnar Quluzadə əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.

Açıq dərsdə vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən qurtarıb. Vurğulanıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib.

Qeyd olunub ki, bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaradıb, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

*   *   *

AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzu­sunda interaktiv dərs keçilib.
Dərsdə bölmənin sədri, akademik İsmayıl Hacıyev şagirdlərə ulu öndərin dövlət adamına xas olan xüsusiyyətləri, həyat və fəaliyyətinin dövrləri, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycan SSR-in rəhbəri, Nazirlər Soveti Sədrinin birinci müavini kimi siyasi xidmətləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi diyarımızın inkişafında və müstəqil Azərbaycan dövlətinin qurulmasında əvəzsiz rolu, müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi ölkəmizin sosial-iqtisadi tərəqqisində, daxili və xarici siyasətinin müəyyənləşdirilməsindəki xidmətləri haqqında danışıb. Dərsdə dünya siyasi xadimlərinin ulu öndər Heydər Əliyev haqqında tarixi fikirləri barəsində də ətraflı məlumat verilib.
Bildirilib ki, siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə ümummilli lider Heydər Əliyevin fəaliyyətinin ana xəttini təşkil edirdi. Dahi şəxsiyyət Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail oldu. İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istərsə də yüksək rəhbər vəzifələr daşıdığı sonrakı dövrlərdə Heydər Əliyev dühası, cəsarəti və müdrikliyi baxımından həmişə seçilib.
Xalqın əbədi sevgisini qazanan ulu öndərin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazan­masında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri xalqımız tərəfindən sonsuz məhəbbət və dərin ehtiram hissi ilə yad edilir, onun əziz xatirəsi daim qəlbimizdə yaşayır.
Qeyd edək ki, interaktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR