Dekabrın 11-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Gülnar Quluzadə əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Açıq dərsdə vurğulanıb ki, dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən qurtarıb. Vurğulanıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib.
Qeyd olunub ki, bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti