Azadlıq meydanı hansı hadisələrə şahidilik etməyib ki? Bu meydan milli azadlıq hərəkatını görüb. Bu meydanda 20 Yanvar şəhidləri son mənzilə yola salınıb. Bu meydan dəfələrlə hərbi paradlar da görüb. Amma Azadlıq meydanı Zəfər paradını heç vaxt görməmişdi. Azərbaycan dekabrın 10-da daha bir tarixi anı yaşadı.
Düşmənin kapitulyasiya aktına qol çəkməsindən bir ay sonra qalib Azərbaycan Ordusu paytaxt Bakının mərkəzində güc nümayişinə çıxmışdı. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Zəfər paradında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirak etməsi Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun bariz ifadəsi idi.
Otuz il bir igidin ömrüdür. Nə az, nə çox, Azərbaycan xalqı əzəli torpaqlarına qovuşmaq üçün otuz il gözlədi. Azərbaycan dövləti düşmənə bu müddət ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün, bəlkə də, otuz yox, üç yüz dəfə şans verdi. Çünki biz tarixən sülh və humanizm dəyərlərinə hörmətlə yanaşmışıq, qan tökülməsini istəməmişik. Düşmən isə nəinki sülhə yaxın durmadı, hər fürsətdə təxribat törətməkdən, atəşkəsi pozmaqdan da çəkinmədi. O qədər azğınlaşdı və həyasızlaşdı ki, yeni ərazi iddiaları ilə çıxış etməyə başladı. “Qarabağ Ermənistandır” kimi cəfəng bəyanatla erməni ordusunun sonunu gətirən, xalqını isə məhvə sürükləyən baş nazir Paşinyan qırx dörd günün hökmü qarşısında diz çökdü.
26 iyun 2018-ci il. Azadlıq meydanında Silahlı Qüvvələr Gününə həsr olunmuş növbəti parad keçirilir. Ali Baş Komandanın çıxışında deyir: “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
10 dekabr 2020-ci il.QALİB SƏRKƏRDƏ xalqına verdiyi bu sözə əməl edir. Zəfər bayrağı Azadlıq meydanına gətirilir və qələbə paradı başlayır. Hərbi mütəxəssislər də belə hesab edirlər ki, yenicə müharibədən çıxmış bir ordunun qısa bir vaxtda dirçəlməsi və formalaşması elə də asan məsələ deyil. Amma biz döyüş meydanından qalib kimi ayrılmışdıq. Buna görə də “Dəmir yumruq” hərbi əməliyyatından bir ay sonra Azərbaycan əsgəri yenidən meydana çıxmışdı. Döyüş meydanından alnıaçıq, üzüağ qayıdan, düşməni işğal altındakı torpaqlarımızdan qovmaqla tarixi missiyasını başa çatdıran qalib ordu iradəli xalqı, müzəffər Ali Baş Komandanı ilə yenidən bütövləşmək üçün Azadlıq meydanında idi.
Budur, hərbi marşın sədaları altında Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən təşkil olunmuş şəxsi heyəti nizami addımlarla meydandan keçir. Bu addımlar məğrurluğun, yenilməzliyin, qalibiyyətin, zəfərin əks-sədasıdır. Qırx dörd gün ərzində dünya hərb tarixinə düşəcək döyüş taktikasından istifadə edərək nəyə qadir olduğunu göstərən oğullar siyasi xəritəmizdəki qara ləkəni təmizlədilər. Qarabağın qara bağını açdılar.
Qürur dolu kadrlar bir-birini əvəz edir. Bu dəfə parad heyətinin tərkibində döyüşlərdə düşmənin qorxulu röyasına çevrilən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı dəstələri keçid edir. Şəhidlər veriblər, qazi olublar, amma haqq yolundan dönməyiblər bu oğullar. İndi onların Azadlıq meydanında məğrurluq rəmzinə çevrilən nizami addımları bir ay bundan öncə düşmənin bağrını yarıb. Düşmənə qarşı ürəklərində bəslədikləri intiqam eşqi dünyanın ən müasir texnikasından da, atıcı silahından da güclü olub.
Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları da ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak etdilər. Düşünürəm ki, bu, çox vacib və rəmzi məna daşıyan bir addımdır. Çünki liseyin məzunu olan neçə-neçə oğullar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb, öz qəhrəmanlıqları ilə dastan yazıblar. Azadlıq meydanından keçən bu gənc kursantlar bir neçə il sonra güclü Azərbaycan Ordusunun sıralarını formalaşdıracaqlar.
Ardınca Azərbaycan Ordusu üçün qalibiyyəti, düşmən üçün biabırçı məğlubiyyəti, rəzil imici ifadə edən döyüş vasitələri meydanın önündən keçir. Düşmənin döyüş meydanında qoyub qaçdığı və saz vəziyyətdə olan texnika artıq Azərbaycan Ordusunun ixtiyarındadır. Bir vaxtlar bəzi erməni hərbi-siyasi rəhbərlərinin “tanklarımız Bakıya gələcək” kimi populist çıxışları reallığa dönür. Amma məğlub kimi, məhv edilmiş kimi, bundan sonra bizim ordumuza xidmət göstərəcək döyüş vasitələri kimi... Düşmən, sən işğalçı xislətini ordunun imicindən, nüfuzundan, döyüş vasitələrindən üstün tutmaqla bir daha nümayiş etdirdin ki, Qarabağ Azərbaycandır!
Hərbi qüdrətimizi təcəssüm etdirən Zəfər paradında növbə ordumuzun silah arsenalındakı texnikaların nümayişindədir. “Dəmir yumruq” hərbi əməliyyatında düşmənə yerini göstərən ən müasir texnikalar, zenit raket qurğuları, artilleriya vasitələri, zirehli transportyorlar, piyadaların döyüş maşınları, “İti qovan”, habelə, “Bayraktar-TB2”, “Harop” PUA-ları meydanın önündən keçir. “Zəfər paradı” həm də Azərbaycanın iqtisadi gücünün nümayişidir. Deməli, biz həm də BÖYÜK QƏLƏBƏni Azərbaycanın müstəqillik illərində düşünülmüş və möhkəm dayaqlar üzərində formalaşan güclü iqtisadiyyatına borcluyuq.
Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayan helikopterlərin ardınca döyüş təyyarələri aviaşou göstərirlər. Səmada dövlət bayrağının təsvirinin yaradılması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirirlər. Beləliklə, tarixi parad başa çatır. 10 noyabr daha bir qürurlu və unudulmayacaq gün kimi, şanlı tariximizdə öz yerini alır. Bu, qalib ordunun güc nümayişi idi. Bu, haqqın və tarixi ədalətin arxasınca gedən, onu bərpa edən ordudur. Bu, müzəffər Ali Baş Komandanın hər bir əmrinə daim müntəzir olan şanlı ordudur. Zəfər paradın mübarəkdir, QALİB ORDU!...
Muxtar RZAZADƏ
“Şərqin səsi” qəzetinin redaktoru