24 Dekabr 2024, Çərşənbə axşamı

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının qorunmasına ən çox diqqət yetirən ulu öndər demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, müəllifi ümummilli liderimiz olan Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqları haqqında Ümumi Bəyannamənin müddəaları əks etdirilmiş və dövlətimizin ali məqsədlərindən biri kimi insan haqlarının qorunması təsbit edilmişdir. Bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Ulu öndər tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır.
1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Bu gün Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində mühüm islahatlar, yeniliklər həyata keçirilmiş və mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
“Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir.
27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəş açmış, nəticədə, mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş, mülki obyektlər, yaşayış evləri yararsız vəziyyətə düşmüşdür. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da Böyük Qələbə qazanmışdır. Başqa sözlə desək, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini hərbi yolla uğurlu şəkildə icra etmişdir. Bu tarixi Qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun şücaəti nəticəsində mümkün olmuşdur. Böyük Vətən müharibəsi bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini ilə bağlı həyata keçirilmiş islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, hüquq institutları təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyi artırılmış, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, Fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Bu gün muxtar respublikamızda Ombudsman təsisatı vətəndaşlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında bir körpü yaratmaqla, bu qurumların insan hüquqlarının müdafiəsi işinin daha səmərəli təşkili və həyata keçirilməsi, o cümlədən bu sahədə fəaliyyətin davamlı təkmilləşdirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açmışdır.
Ötən dövr ərzində muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət proqramlarının icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Bu gün Naxçıvan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
Muxtar respublikada gənclər siyasəti də uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən mütəmadi olaraq hüquq olimpiadalarının, bilik yarışlarının, intellektual oyunların həyata keçirilməsi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, gənclər arasında insan hüquq və azadlıqlarının təbliğinə xidmət edir.
Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuş, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılmış, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mərkəzdə hər cür şərait yaradılmış, burada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir.
Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada məqsədyönlü media siyasətinin, kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bir əsrə yaxın tarixə malik “Şərq qapısı” qəzeti ilə yanaşı, Naxçıvanda Universitet televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvan Xəbərləri” Media Qrupu, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası, 400-ə yaxın jurnalist fəaliyyət göstərir. 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Ali Məclis Sədrinin mətbuata, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.

Muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR