Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.
Nazirlikdən verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.
Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.
Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.
Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.