24 Dekabr 2024, Çərşənbə axşamı

Övladların sənə gəldi, aç qoynunu, qarşıla bizləri...

 

          Salam olsun Laçınım, salam olsun deyirəm, çünki biz geri döndük sənə, yenidən gəldik Laçınım. 2020-ci ilin son ayı, sən necə də gözəl yazıldın təqvimə. Xalqımızın illərdən bəri gözlədiyi, Laçınımın doğmalarına geri döndüyü sevincli xəbəri gətirdin bizlərə. Sevincimizin həddi-hüdudu yoxdur. Ümmanlara sığdıra bilmirik bu xoşbəxt günümüzü. Bir neçə saat bunan əvvəl Ali Baş Komandanımız Laçınımızın işğaldan azad olunduğunu xalqımıza bəyan etdi. Azadlıq xəbərini eşidən kimi, sənin qoynuna gəlişimizin vaxt-vədəsini müəyyənləşdirməyə başladıq. Dillər əzbəri olan Həkəri çayının artıq həsrəti bitdi bu gündən. Elə bu saatdan  Həkəri çayı sildi göz yaşlarını. Şadlıq edir, doğmalarının, laçınlıların torpağına qayıdışına görə. Hay verir səsimizə Laçınımın hər dağı, hər daşı, hər qayası.

       1992-ci il mayın  18-də dağlar gözəli Laçını, düşmən almışdı əlimizdən. Elə həmin vaxtdan doğma yurd yerimiz  dağıdılmış, sərvətlərimiz talan edilmiş, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz, qəbiristanlıqlar, onlarla digər məbəd Erməni vəhşiliyinin  qurbanına çevrilmişdi. Rayon ərazisi etnik təmizləməyə məruz qalmışdı.Laçınlılar doğma ocaqlarından didərgin düşmüşdülər. İllərdir, Laçınlıların üzündə Vətən həsrəti, Vətən nisgili hökm sürürdü. Artıq bu hisslərə,bu həsrətə son qoyuldu. Laçınlılar doğma torpağın geri dönüşünün şahidləri oldular. Xalqımızın yaşadığı o çətin günlərdən çox danışmaq fikrim yoxdur. Çünki, artıq o günlər geridə qaldı, elə bu saatdan irəliyə baxmaq zamanıdır. Biz elə bu gündən 18.05.1992-ci tarixinin üzərindən xətt çəkdik. Laçın torpağında dağıdılan kəndləri, mənfur düşmən əli ilə yandırılan evlərimizi bərpa etmək üçün yola çıxırıq.Yenidən gözəl binalar salınacaq sinəndə, yaşıllıqların yenidən göz oxşayacaq,havada süzən durna qatarın yenidən səmada görünəcək Laçınım. 

      Təbii sərvətlərin, bol nemətlərin, gözəl meşələrin, təmiz havan, saf suyunla, ceyranın, cüyürünlə bu dünyadakı cənnətimizsən ay  Laçın. Havanın temperaturasının soyuq olmasına baxmayaraq, qaynayan isti bulaqlarından məlhəm almağa gəldik, ucsuz-bucaqsız yaylaqlarını görməyə, təmiz havanı udmağa, heç bir yerdə görmədiyimiz bənzərsiz çiçəklərinin ətrini almağa gəldik. Dünyada ən nadir ağac sayılan Qırmızı Dəmirağac  meşələrində hamılıqla dincəlməyə gəlirik. Turşsu, Xırmanlar, Hacıxanlı,Nurəddin,Nağdalı və saymaqla bitmək olmayan müalicəvi bulaqlarını gecəli-gündüzlü qorumağa gəlirik. Sənin qoynunda olan  qızıl, dəmir müxtəlif rəngli mərmər yataqları min dərdin dərmanı olan keyfiyyətli su mənbələrin gəlişimizi eşidib, toy-bayram edir artıq. Laçın deyəndə gözlərimin önündə insanı heyran edən elə bir bənzərsiz mənzərə canlanır ki...Laçınımı bax bu cür, yeni ucsuz-bucaqsız gözəllikləri ilə təsvir edib, yaddaşıma həkk ediblər.

          Laçınım igid əsgərlərin yaralarını sarmağa gəlir, o yaralar ki, illərdir sağalmaq bilmirdi. İnsanlar şəfa tapmaq üçün  sənin möcüzəli təbiətinə üz tutmağa gəlir. Yaylaqlarında at çapmağa, dağlarının  zirvəsində məskən salmış  qartallarında birlikdə qıy vurmağa, həsrətindən məyus olmuş Həkəri çayının  suyundan içməyə gəlirik ay, Laçınım. Yenidən sənin torpağında azan səsini ucaltmağa gəlirik. O şanlı himnimizi Laçın torpağında  səsləndirməyə gəlirik. Dünyaya gələcək körpə balalarımızın sənədinə artıq Laçınlı olaraq yazılacaq. Gələcəyimiz olan indiki balalar yenidən Laçında təhsillərini davam etdirəcək, fidanlarımız tərbiyə müəssisələrində tərbiyə alacaq. Biz jurnalistlərsə  bu xoşbəxt günlərin işığında daha da qol-qanad açıb, qələməmizə daha möhkəm sarılıb,azad edilmiş torpalarımızın hər qarışını vəsf edəcəyik.

       Qarabağımızın dəmir qapısı Laçınım bizlərə geri döndün. Torpaq həsrətimizə son qoydun. Gəlişinlə sərhədlərimizi bütövləşdirdin. Əziz Laçın sən azadsan!Laçın bizimdir kəliməsini iftixarla yazıram. Ağdam, Kəlbəcər torpaqlarımız kimi, Laçınımızı da şəhid vermədən geri almışıq. Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.Gözün aydın Azərbaycanım, bütövlüyün mübarək Azərbaycanım. Bütün bu xoşbəxtlikləri bizlərə bəxş edən,laçınlıları doğma yurdlarına qovuşduran Ali Baş Komandanımızla qürur duyuruq.Xoşbəxtdir o ölkənin vətəndaşları ki, başı üstündə dayanan QƏHRƏMAN sərkərdəsi var. Eşq olsun Azərbaycanın tarixinə qızıl hərflərlə adlarını yazan igid oğullarımıza, bu zəfərləri bizlərə dadmağı nəsib edən şəhidlərimizin anaları qarşısında baş əyirik.

Nuray ƏSGƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR