AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda həmin institutun direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Qısa Kimya Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikamızda elm adamlarına göstərilən qayğıdan danışıb, təqdimatı keçirilən kitab haqqında geniş məlumat verib. Bildirilib ki, kitabın müəllifi ömrünün çox hissəsini elmi yaradıcılığa həsr edib, həmişə özünün səmərəli, məhsuldar fəaliyyəti ilə seçilib. Bu günə qədər 40-a yaxın kitabın, 200-dən çox elmi əsərin müəllifi olan Bayram Rzayevin elmi yaradıcılığında “Qısa Kimya Ensiklopediyası” əsəri də dəyərli nəşr kimi mühüm yer tutur.
Qeyd edilib ki, müəllif ensiklopediyanın birinci hissəsində kimyəvi elementlərin kəşfi, elementlər və onların birləşmələri barədə ətraflı məlumat verib. Bu hissədə istənilən şəxs hər hansı kimyəvi element barədə çox asanlıqla informasiya əldə edə bilər. İkinci hissədə kimyada ən ümdə hadisə və kəşflərin xronologiyasına nəzər salınıb. Elmi nəşrin üçüncü hissəsində müasir dövrdə kimya, kimya statistikası haqqında anlayış, eyni zamanda iqtisadi inkişafda kimyanın rolu geniş şəkildə izah edilib. Ümumilikdə, sadə, oxunaqlı şəkildə yazılan bu qiymətli ensiklopediya bütün kimyaçıların stolüstü kitabına çevrilə, eyni zamanda digər elm adamları, mütəxəssislər də ondan faydalana bilərlər.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kitabın elmi məsləhətçisi Tofiq Əliyev və Naxçıvan Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Akif Əliyev çıxış edərək kitab haqqında geniş məlumat verib, yeni nəşrin təkcə kimyaçılar üçün yox, həm də ali, orta məktəb müəllimləri, eləcə də şagird və tələbələr üçün qiymətli nəşr olduğunu diqqətə çatdırıblar.
Kitabın müəllifi, AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayev çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonda sözügedən kitabın sərgisinə baxış keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr edilən kitab kimyanın inkişaf tarixinə dair qısa icmaldan və üç hissədən ibarət olmaqla, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla işıq üzü görüb.
- Güntac ŞAHMƏMMƏDLİ