24 Dekabr 2024, Çərşənbə axşamı

 

Ey 30 ildir, köksümdə buz bağlayan həsrətim, hicranım, nəhayət ki, tapıldı dərdinin davası, əriyib şəffaf, büllur suya, kükrəyən, ucu-bucağı görünməyən azad dənizə döndün artıq, qəlbimdə pərvazlanan arzularım, diləklərim gerçəkləşdiniz, yarımcan yuxularım, çin oldunuz, gözünüz aydın! Ey mənim köksü murdar yağılardan təmizlənən, Vətən sevdalı üçrəngli bayrağımla, zəfər təntənəli mərd oğullarla bəzənən Qarabağım, özünə qayıdan paklığın, təmiz adın mübarək! Yəqin ki, səndən ayrı qaldığımız bu illər ərzində nələr çəkdiyimizi görməmiş, bilməmiş, duymamış olmazsan. Təbii ki, doğmandan, əzizindən, can parçandan ayrı qalmağın necə ağrılı, dözülməz olduğunu səndən yaxşı kim bilə bilər ki? 30 ildir, tamamilə Azərbaycanından ayrı yaşamağa məcbur olmuşdun, zorla qoparmağa çalışdıqları doğma anana qovuşmağı sən də, təbii ki, anan qədər bütün qəlbinlə istəyirdin. Ey əziz yurdum, hər dəfə yağıların əlindən zinhara gəlmiş, viran olunmuş, ancaq təbiiliyini, məsum gözəlliyini itirməyən hüsnünü gördükcə hiss edirdik, duyurduq bizə qarşı duyğularını, könlündə od kimi tutuşan qovuşmaq yanğını, həsrətini, nisgilini. Kadrlarda, sanki dil açıb deyirdin ki, məni bu yaramazların, vandalların əlində buraxmayın. Günbəgün dörd bir yanını daha çox kəsdirən namərdlərin əlində nəfəsin daralır, səbir kasan dolub-daşırdı...

Ana yurdum, şahidi oldun ki, səndən ayrı yaşamağa məcbur qaldığımız bu illər ərzində bütün cəbhələrdə haqq-ədalət savaşımızı apardıq, bircə an belə, usanmadıq, yorulmadıq, hər ötən gün daha da böyük ruh yüksəkliyi ilə zəfər çalacağımız günə zəmin hazırladıq. Uğruna neçə canlar qurban getdi, qanlar axıdıldı, neçə-neçə ana-bacının, qız-gəlinin gözlərindən axan yaş, məğrur ürəklərinə hopan “təki Vətən sağ olsun” kəlməsilə qayıdacağın gün sevinc yaşına dönmək ümidilə xəlvətə çəkildi. Hər gələn baharda əsən həzin rüzgarlardan, qatarlaşıb el-el, oba-oba köç edən durnalardan, sabahları şəfəqdən boylanan günəşdən, axşamları aydın səmada nursaçan aydan, parlayan ulduzdan, açan çiçəklərdən, rayihə saçan güllərdən soraqladıq səni. Yayda yetişən meyvələrdən ətrini duymağa, qaynayan bulaqlardan dad-tamını almağa, sərin mehdən zərifliyini, lətafətini hiss etməyə çalışdıq, yaradıcı insanların sevilən fəsli olan payızda göydən süzülən yağış damlalarında axtardıq səni, hər ötən gün daha da çox arzuladıq ki, nəsibimiz olsun sənin azadlığını görmək!

Canım Qarabağım, şeir olub dilimizdə dastanlaşdın, nəğmə olub qulağımızda çınladın, “Şikəstə”n xəyallara qərq etdi bizi, xəyalın qora dönüb yandırıb-yaxdı bağrımızı, dağları, daşları lərzəyə gətirdi ahımız. İlham verdin, ziya saçdın yaradıcılıq yolumuza, rəsm olub boyalardan, xalça olub ilmələrdən salamladın sən bizləri, sənətkarlıq nümunələrində gəldin görüşümüzə, ən sevimli, əziz qonağı oldun evlərimizin. Minilliklərin bağrını dələn, zaman-zaman gah işığa bürünən, gah da zülmətə qərq olunan tarixini vərəqlədik gecə-gündüz. Araşdırdıq, qaranlıqları aydınlığa çıxardıq, təbliğ etdik həqiqətlərini, bütün dünyaya çatdırdıq haqq səsini. Bildiklərimizi, öyrəndiklərimizi özümüzdən sonra gələcək nəsillərə də öyrətdik, sənin bizim əzəli, əbədi yurdumuz olduğunu aşıladıq onlara da. Ər-ərənlərin Cıdır düzündə adı dillər əzbəri olan atlarını necə şahə qaldırdıqlarını, necə qurşaq atdıqlarını, pəhləvanların güləşini, naz-qəmzəli, yaşmaqlı qızların İsa bulağından su götürməsini nağıllar, hekayələr şəklində əxz etdik ki, əbədi həkk olunsun balacaların ağ vərəq kimi təmiz, saf yaddaşına. Nağılların baş qəhrəmanlarından oldu möhtəşəm Şuşa qalası, xarıbülbül. “Keçmişini unudanın gələcəyi olmaz”, – deyən atalarımızın hikmətli kəlamlarına əməl etdik daim. Sənlə bağlı gördüyümüz hər işdə, keçirilən tədbirlərdə, reallaşdırılan layihələrdə özümüzə mənəvi borc bildik keçmişdən bu günə keçdiyin yola dərindən nəzər yetirməyi. Ətraflı söhbət açdıq: – Sənin təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlardan olduğunu sübut edən Azıx mağarasından, Manna, Atropatena, Albaniya dövlətləri, Ərəb Xilafəti dövrlərindəki önəmindən, keşməkeşli həyatından, işğalçı qüvvələrin daim səni doğma Azərbaycanından qoparmaq cəhdlərindən, Səfəvilərin torpaqlarını bütöv halda birləşdirməsindən, Rusiya çarı I Pyotrun hiyləgər planlarından, öz məqsədi naminə erməniləri kütləvi şəkildə mənsub olduğun əraziyə köçürməsindən, xanlığının yaranmasından. Xanlığının əsasını qoyan Pənahəli xanın siyasi, sosial-iqtisadi və mədəni inkişafın üçün gördüyü ciddi tədbirlərdən, tikdirdiyi möhtəşəm Şuşa qalasından ağızdolusu danışdığımız halda, təəssüf hissi ilə qeyd etdik 1805-ci ildə səni bizdən növbəti dəfə qoparan Kürəkçay müqaviləsinin imzalanmasını, 1828-1830-cu illər arasında minlərlə erməninin ərazinə köçürülməsini. Bəli, ulu yurdum, 1923-cü il iyulun 7-də muxtar vilayət statusu aldıqdan sonra mənfur düşmənlərimiz füsunkarlığından bərəlmiş gözlərini daha çox yönəltdilər sənə. 1980-ci illərin axırından başladı ağrılı, acılı günlərimiz, səni bizdən qoparmaq üçün min dona girib, min cür fitnə-fəsada əl atdı haylar. 1992-93-cü illərdə yaxşı silahlanmış yağı düşmən havadarlarının hesabına, eləcə də yenicə qurulmaq üzrə olan dövlətimizi müxtəlif şəxsi məqsədlər naminə əldə oyuncağa çevirən naşı rəhbərlərin hakimiyyət hərisliyi ucbatından bacardı səni bizdən qoparmağı. Bir-birinin ardınca tapdağa düşdü qoynunda bəslədiyin gözəllər gözəli Şuşan, Laçının, Ağdamın, Zəngilanın, Qubadlın... Ən ağır, unudulmaz yaramız isə Xocalıda vuruldu. Əliyalın, köməksiz qocalarımıza, körpə uşaqlarımıza, kişi qeyrətli qadınlarımıza qarşı şərəfsiz əməllər törətdi amansız düşmən. Uğrunda şəhidlik zirvəsinə ucaldı neçə-neçə igidlərimiz, oğullar al qanları ilə inşa etdi millətimizin iradə, mübarizlik rəmzini...

Əziz yurdum, nə yaxşı ki, həmin qanlı-qadalı dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Əks halda tamamilə sual altına düşəcəkdi anan Azərbaycanın da sonrakı taleyi. Səni qaytarmaq üçün görkəmli dövlət xadimi ən mötəbər kürsülərdə siyasi mübarizəsini yüksək şəkildə apardı. Bütün dünyaya bəyan etdi haqq sözünü. Nəticədə, qısa zamanda aparıcı ölkələr də razılaşdı bizim haqlı fikrimizlə. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası sənin əzəli yurdumuz olduğunu təsdiqləyən 4 qətnamə qəbul etdi. Lakin, təəssüf ki, bunların heç birinə əməl etmədi dilbilməz nankor düşmən. Sonrakı illər ərzində də dövlətimiz xalqımızın xarakterinə xas humanist addımlar atdı. Çox oldu qan axıtmadan sülh yolu ilə səni qaytarmaq cəhdlərimiz. Lakin susadı əcəlinə, lovğalandı boş-boş mənfur düşmənimiz. Ulu öndərin siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qısa zaman çərçivəsində gücləndi, inkişaf etdi iqtisadiyyatımız, müdafiə sənayemiz. Dünyanın ən qüdrətli 50 silahlı qüvvələrinin siyahısına düşdü nizami, güclü ordumuz. Ali Baş Komandanımız sənin azadlığın üçün lazım gəlsə, müharibənin qaçılmaz olacağını dəfələrlə bəyan etdi. Liderimizin qətiyyətli, dönməz mövqeyi, möhtəşəm siyasi gedişləri nicatına inamımızı daha da artırdı...
Doğma diyarım, şahidlik etdin 2016-cı ilin aprel və 2018-ci ilin may aylarında müzəffər ordumuzun qazandığı zəfərlərə. Təbii ki, sən də fərəhləndin, qürurlandın ordumuzla. Məhz həmin zəfərlər müjdələdi sənin azadlığını, Böyük Qələbənin vaxtının yetişdiyini. Və nəhayət ki, düşmənin ard-arda təxribatından sonra yenilməz ordumuz 2020-ci il sentyabrın 27-də başladı əks-hücum əməliyyatlarına. Qalib gəldi 44 gün çəkən haqq-ədalət müharibəmiz, mübarizəmiz. Sənin nicatına aparan bu 44 günlük yolda çoxlu şəhidlər verdik, ağır itkilərə baxmayaraq, başlarını dik tutdular analarımız, bacılarımız. “Təki Vətənimiz, Qarabağımız yağılardan təmizlənsin” kəlməsi dastan oldu dillərdə, üçrəngli bayrağımızla bəzədik evimizin hər bir yanını. Və yetişdi çoxdan gözlənilən həmin məqam. Birliyimiz, bərabərliyimiz sayəsində şərəflə, ləyaqətlə, məğrurcasına qalib kimi çıxdıq tarixin qarşımıza çıxardığı ən böyük, ağır, məsuliyyətli imtahanından da. Mübariz əsgərlərimiz qısa zamanda darmadağın etdi düşmənin 30 il ərzində qurduğu istehkamı, müdafiə qurğularını. Azadlığa çıxdı ard-arda qədim yaşayış məntəqələrimiz. Ali Baş Komandanımızın zəfər dolu müjdəli xəbərləri ilə açıldı hər sabahımız. Tariximizə qızıl hərflərlə yazıldı noyabrın 10-cu günü. Həmin gün imzalanan üçtərəfli Bəyanatla sən əbədi olaraq qovuşdun doğma anana – Azərbaycana. Prezident cənab İlham Əliyevin Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolunun inşası ilə bağlı tədbirdə dediyi sözlər isə düşmənə əbədi zərbə oldu: “...Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusuz “qəhrəmanlıq” ordenlərinizi. Çıxarın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub eləmişik. Paşinyan heç kimdir. Sizi, Koçaryan və Sarkisyan. Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları. Sizi biz məğlub eləmişik. Sizin ordunuzu məhv eləmişik”.
Bəli, gözəl, əbədi, əzəli yurdum, Qarabağ, əvvəllər sənin barəndə qələmə alınan yazılar “Müzəffər əsgərlərimiz çox yaxında qədim, əzəli torpaqları azad edəcək” kimi cümlələrlə bitərdi. Qüdrətli ordumuzla bağlı bu il sentyabrın 16-da əməkdaşı olduğum “Şərq qapısı” qəzetində dərc olunan “Etibarlı əllərin müqəddəs əmanəti” sərlövhəli məqaləmin sonluğunu belə qeyd etmişdim: Çox yaxında “Biz haqq-ədaləti bərpa etdik, işğal altında qalan qədim, tarixi Azərbaycan torpaqlarını geri qaytardıq” kəlməsinin möhtəşəm sədasını duyacağıq. Bu yazımda isə böyük qürur və fəxarət hissi ilə çox tezliklə iki qədim Azərbaycan torpağını – Naxçıvan və Qarabağı birləşdirəcək nəqliyyat yolu ilə görüşünə gələcəyəm deyirəm! O zaman hüsnünə tamaşa edib bu sözlərlə bir daha sənə xitab edəcəyəm: Ey əzəli yurd yerimiz, möhtəşəm geri dönüşün mübarək!

- Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR