Kələbəcərimiz dönüşün Qələbəmizdir
Noyabrın 25-i tarixi...Yeni bir günə başlayan kimi xoş xəbərlərlə köklədik könüllərimizi. O xoş xəbərlər ki, illərdir, alınmaz qalamız olan Kəlbəcərimizə qayıtdığımız günü eşitdik. Böyükdən-kiçiyə hər kəs bir-birinə salırılıb bu əziz torpağımızın qayıdış sevincini yaşayırdı.Həmişəki kimi bu müjdəli xəbəri Qəhrəman sərkərdəmiz, Ali Baş Komandanımız İlham Əliyev verdi bizlərə: “Bu gün Kələbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun!Doğma rayonumuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”.
Adətimə uyğun olaraq işğaldan azad olunmuş digər torpaqlarımız kimi sənin də azadlıq xəbərini alar-almaz, sarıldım qələmə səni vəsf etməyə Kəlbəcərim. Füsunkar dağların, əsrarəngiz çayların, min bir dərdin dərmanı olan saf bulaqların, insanlara mənəvi qida verən təmiz havanla böyük tarixi keçmişinlə, tarixi abidələrinlə seçilirdin. Elə məhz bu bənzərsizliklərinə görə göz dağı olmuşdun düşmənə.Erməni vandalları xislətlərinə sadiq qalaraq özgə torpağına göz dikdi, səni bizdən alıb qopardı. Doymamışdıq o yaradılışına, gözəlliyə qərq olmuş gül çiçəklərinin ala bilməmişdik ətrini, seyr edə bilmədik o uca, şiş dağlarını,min bir dərdin dərmanı olan isti suyunu məlhəm edə bilmədik canlarımıza. Sənin bizdən ayrı düşdüyün gün dağ çəkmişdilər göynəyən yaramıza. Kəlbəcərim səni nisgilli, boynubükük gördükcə, köks ötürürdüm sinəmdə. Nə zamansa sənin də azadlığınla meydan oxuyacağın günə əmin idim. Bəli, bu gün həmin gündür. Səbrin sonu mükafatdır deyiblər. Mükafatımızı Ali Baş Komandanımız tərəfindən aldıq.Həsrətində olduğumuz Kələbəcirimiz, kəlbəcərlilərə geri qayıtdı. Qayıdışınla doğmalarını səmanının ən yüksək zirvəsinə qaldırdın Kəlbəcərim.Artıq yaşadığımız ağrılı-acılı günlərimizi dərdi-qəmi, nisgili, həsrəti geridə qoyduğumuz gündür. Tarix bir həqiqəti sübut etdi. Bir xalqın torpağını nizəylə almaq olar, amma onu nizənin ucunda heç vaxt saxlamaq olmaz.
Kəlbəcərimiz sən təbiət muzeyi, tarixi abidələr diyarısan...
Ötən gün səhər saatlarından dağında, daşın da bayram edir, isti suyun da sevincdən daha coşqun qaynayır. Xəbərdardılar artıq igid övladlarının torpaqlarına ayaq basdıqlarından. Bu gün ən uca zirvən olan Camış dağın, Murovdağın, Dəlidağın hayqırtısı eşidilir, əsirlikdən azad edildiklərini görüb dünyaya səs salmaq istəyirlər sevincdən. Kəlbəcərim dünən axşam saatlarından başlayaraq, çayların da məcrasını dəyişib. Çayların da başa düşüb bu həsrətin sona çatdığını. Kəlbəcərim faydalı qazıntılarınla, o cümlədən qızıl, xrom yataqlarınla geri döndün bizlərə. Kəlbəcər haqqında coğrafiyaşünas alim, akademik Həsən Əliyev deyib ki, “Dünyanı bir qızıl üzüyə bənzətmiş olsaq, Kəlbəcər onun birliyant qaşıdır”. Kəlbəcərim sənin gözəl və zəngin təbiətin, yeraltı və yerüstü sərvətlərin, münbit torpaqların Allahın bizlərə bəxş etdiyi əvəzsiz nemətidir. Bu gün artıq bu nemətlər əsl sahiblərinə qaytarıldı. Artıq dərtlərimizə şəfa tapmaq üçün, sənin müalicəvi əhəmiyyəti olan İsti suyundan yararlanmağa gələcəyik. Kəlbəcərimizi əbəs yerə deyil ki, zəngin flora və faunaya malik olduğuna görə təbiət muzeyi adlandırıblar. Kəlbəcərimiz qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, əsrarəngiz mənzərələrinə görə dünyanın heç bir yeri ilə müqayisə belə olunmayacaq bir məkansan. Ümummilli liderimizin dediyi kimi:Kəlbəcər rayonu Azərbaycanın gözəl güşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri, Azərbaycan torpağının qədim dövrlərdən indiyə qədər tarixini öz qəlbində, öz sinəsində , öz qoynunda saxlayan Azərbaycanın ərazisinin bir hissəsidir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm də iqliminin gözəlliyinə görə, həm də Kəlbəcərdə yaşayan insanların fədakarlığına görə hər zaman respublikamızda hörmət ehtiram içində olub”.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimalı Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Türkeşəvənd,Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Saz, söz beşiyisən Kəlbəcərim...
Sazın və sözün beşiyi olan Kəlbəcər mahalı ustad aşıqları, istedadlı şairləri ilə tanınıb. Tarixən Göyçə mahalı ilə qonşu olan, qaynayıb-qarışan, xeyir-şər məclislərini birgə keçirən Kəlbəcər elləri taleyin amansız illərini də bir yaşamalı oldular. Kəlbəcər Məmməd Aslanın, Bəhmən Vətənoğlunun,Ənvər Rzanın, Şamil Əsgər Dəlidağın, şair Nəbi kimi söz adamlarının vətənidir. Klassik ədədbiyyatımızın ustadı Ağdabanlı Şair Qurbandan və XX əsr Azərbaycan ədəbiyyatının, həmçinin aşıq sənətinin görkəmli nümayəndəsi olan Dədə Şəmşirdən başlayaraq Kəlbəcərdə zəngin mühit formalaşıb. Əminliklə deyə bilirik ki, kəlbəcərli saz-söz adamları doğma yurdlarına geri döndükdən sonra, yenə sazı sinələrinə sıxıb yeni əsərlər yaradacaqlar.Kəlbəcərə xitab edib gözəlliyini yeni sözlərlə, gözəlləşən ünvanlarla vəsf edəcəklər. Kəlbəcərdə 27 ildən sonra yeni aşıqlar saz söz sənətkarları doğulacaq. Dədə Şəmkirin əmanətinə sahib çıxacaqlar.
Qarabağın qala qapısı olan Kəlbəcərin azadlığı hər bir azərbaycanılının, arzu, niyyətlərinin gerçəkləşdiyi bir gün oldu. Bu bizim tarixi zəfərimiz, tarixi qələbəmizdir. Eşq olsun bu zəfəri bizlərə yaşamağı nəsib edən ali Baş Komandanımıza. Kəlbəcər bizimdir, Qarabağ bizimdir.
Nuray ƏSGƏROVA