Özbəkistanın “tnews.uz” və “fikr.uz” portallarında Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti haqqında materiallar yerləşdirib.
Materiallarda Kəlbəcərin işğalından və orada erməni vandalları tərəfindən dağıdılan tarixi abidələrdən söz açılır.
Portallar yazır ki, Prezident müraciətin əvvəlində Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də işğal edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulub. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulub.
Saytlar dövlət başçısının müraciətindən sitat gətirib: “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər”.
Portallar dövlət başçısının müraciətinə istinadla yazır ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar.
Prezident vurğulayıb ki, Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik.