24 Dekabr 2024, Çərşənbə axşamı

Kəlbəcər. Bu qədim yurd yerimizin işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, əsilzadəliyi, insanpərvərliyi ilə qalacaqdır. Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavabdır. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.


Blitzkriq əməliyyatı ilə işğal olunan Kəlbəcər


Blitzkriq alman sözüdür. Blitz (ildırım), krieg (müharibə) sözlərinin birləşməsindən yaranıb. Mənası sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya, “şimşək müharibəsi”dir. Bu kampaniya XX əsrin əvvəllərində alman feldmarşalı Alfred fon Şliffen tərəfindən yararıdılıb. Blitzkriq zirehli tanklar və hava dəstəyi də daxil olmaqla, hərəkətli, manevr gücləri istifadə edərək düşmənə sürətli, fokuslanmış bir zərbə vurmaq üçün hazırlanmış hücum müharibəsi metodunu təsvir etmək üçün istifadə olunan bir termindir. Belə bir hücum ideal olaraq əsgər və topçu itkisini məhdudlaşdıraraq sürətli bir qələbəyə səbəb olur. I Dünya müharibəsində almanlar blitzkriqi Polşa, Norveç, Belçika, Hollandiya, Fransaya, II Dünya müharibəsində isə Rusiyaya tətbiq etmiş və uğurlu nəticələr qazanmışlar. Maraqlıdır, bunu ermənilər Kəlbəcərə necə tətbiq etmişdilər? Sovetlər Birliyinin 15 müttəfiqindən biri Azərbaycan idisə, digəri də Ermənistan idi. Nəzərə alsaq ki, Azərbaycan Ermənistandan bütün dövrlərdə zəngin bir ölkə olub, 70 il sonra 1990-cı illərdə Azərbaycan iqtisadi cəhətdən o vəziyyətdə idisə, gör indi Ermənistan hansı vəziyyətdə imiş. Yox, unutduğum fərqli bir məsələ var: erməni yaltaqlığı, riyakarlığı. Həmin dövrdə Sovetlər Birliyi özünü yenidən dirçəltmək üçün ermənilərdən hərtərəfli istifadə edirdi. Elə blitzkriq əməliyatı da ermənilərə havadarlıqlarının növbəti mərhələsi idi. Faktlar da bunu təsdiq edir: Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.

Hadisələrə bu günün prizmasından yanaşdıqda ermənilərin Kəlbəcərdəki alman blitzkriq əməliyyatı ilə bağlı belə bir qənaətə gəlirəm ki, onlara bu əməliyyat yəqin ulu babaları Qaregin Ter-Artyunyanın (Nijde) uzun illər alman faşistlərinə köpək kimi xidmətindən ərməğandır. Maraqlıdır, Sovetlər Birliyinin tör-töküntüsü onları almanlara satan Nijdenin tör-töküntüsünə niyə bu dəstəyi verirdilər? Məqsəd hər zamankı kimi çox aydındır... 30 il əvvəlin fonunda o da aydın göründü ki, Azərbaycan 30 ilə yaxın bir dövrdən sonra düşmənə blitzkriq əməliyyatından da güclü həmlələr etdi.


Kəlbəcərin sahibi gələcəkdi...


1993-cü ildə Kəlbəcər işğal olundu. 70 il əsarətdə yaşayan, sərvətləri mənimsənilən, əlləri bomboş olan bir xalqın əlindən alındı böyükmiqyaslı torpaqları, eləcə də Kəlbəcəri. Bu xalqın igid övladları çıxdı düşmənin qarşısına. Çünki tarixən Azərbaycan oğulları canından keçib, lakin düşmən qarşısından qaçmayıb. Son nəfəsinədək torpaq uğrunda vuruşub. Lakin əliboş, silahsız nə etmək olardı? Blitzkriq əməliyyatının qarşısında ov tüfəngi nə iş görə bilərdi? Heç nə. Ona görə də nəticə belə oldu: Kəlbəcərin 58 mindən artıq əhalisi minillərboyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salındı, 321 nəfər əsir düşdü və ya girov götürüldü, 511 nəfər vəhşicəsinə qətlə yetirildi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min qaramal, 500 min baş qoyun-quzu, 100-lə maşın, texnika və sair talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.
Kəlbəcər bu taleyi yaşadı, bəli. Lakin bu o demək deyildi ki, Azərbaycanın bu qədim torpaqları erməni tapdağı altında qalacaqdı əbədiyyən. Bu o demək deyildi ki, evindən-eşiyindən didərgin salınan minlərlə insanın bu taleyi ilə barışılacaqdı. Milyardlarla manatlıq sərvətin dağıdılmasına göz yumulacaqdı. Gələcəkdi zamanın da sahibi, torpaqların da . Və gəldi də. 30 ildə bu ölkənin sərvətlərinin əsas hissəsi ordu quruculuğuna ayrıldı, 30 il əvvəlki uğursuzluğu uğurla əvəz etmək üçün. Torpaqları yağıdan azad etmək üçün. İnsanların üzərindən qaçqın, köçkün, yurdsuz adını götürmək üçün. Onları yurdlarına geri qaytarmaq, torpaqların ətrini yenidən qoxulatmaq üçün. Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız, hər bir azərbaycanlının qürur yeri cənab İlham Əliyevin həm hərbi, həm də siyasi bacarığı ilə tariximizə 44 səhifə əlavə olundu. Bu 44 səhifəyə 200-300 minilliyə bərabər tarix yazıldı. 10 noyabr Bəyanatı ilə Qarabağ probleminə son qoyuldu. İndi bütün dünya Azərbaycandan danışır, bizə heyranlıqla tamaşa edir, bizdən çox məqamları öyrənməyə çalışır.


Azərbaycanın gözmuncuğu, Qobustanın əkizi Kəlbəcər


Nəinki Azərbaycanın, bütün Qafqazın gözmuncuğu, Qobustanın əkizidir Kəlbəcər. Ərazisinə və əhalisinin sayına görə Qarabağ və ətraf rayonların ən böyüyü olan bu yurd yeri təbii sərvətləri, gözəllikləri, dağlıq, qeyri-adi əraziləri, çayları, düzləri ilə bir füsunkarlıq abidəsidir, canlı təbiət muzeyidir. 30 min ildən çox tarixi olan yaşayış məskənləri, məscidləri, VI-VII əsrlərə aid Xudavəng məbəd kompleksi, XIII əsrə məxsus Arzu xatın məbədi, silsilə alban məbədləri, Hacı Əsəd, Hacı Əhməd, Ağ körpüləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri Kəlbəcərin qədimliyinin təsdiqidir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcərin səthi dağlıqdır, o, Murovdağ, Şahdağ və digər yüksəklikləri sinəsinə bənd edib, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinə qoyun açıbdır bu yurd yeri. Ən böyük çayımız Tərtər və onun iki böyük qolu, Bazarçayın da mənbəyi, ulu öndərin rəhbərliyi ilə tikilən Sərsəng Su Anbarı Kəlbəcərin ərazisindədir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və sair Kəlbəcər faunasının zənginliyidir. Və qızıl yataqları... Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir, məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-1980-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. Kəlbəcər, bütövlükdə, bu təbii sərvətləri, təbiəti, tarixi ilə Azərbaycanın göz muncuğudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var”.


Kəlbəcər bir çox məqamları təsdiqlədi


“Dostu dar gündə tanıyarlar” məsəli dilimizin deyimidir. Lakin düşməni dar ayaqda tanıyarlar deyimini eşitməmişdim. Sual oluna bilər ki, düşmən elə düşməndir də, onun nəyini tanımaq lazımdır ki? Bəli, düşmən düşməndir, lakin hər düşmənin də öz kökünə məxsus xisləti var. Sən demə, belə bir deyim var imiş, lakin biz bunu canlı olaraq görəcəkmişik. Bunu Kəlbəcərin ermənilər tərəfindən boşaldıldığı vaxt gördük. 27 il əvvəl işğal edərək xarabalığa çevirdikləri, bu xarabalıqlar arasında bəzi evlər saxlayıb, kəlbəcərlilərin zəhmətlə, nə kimi arzularla tikdikləri evlərinə sığınan ermənilər rayonu tərk edərkən həmin evləri, meşələri, həyətlərdəki ağacları yandırdıqları zaman gördük o deyimi. Bununla da, öz kimliklərini bir daha sübut etdilər. Sübut etdilər ki, düşmən olmaq bir ayrı məsələdir, xislətsiz, xaraktersiz olmaq bir başqa məsələdir. Göstərdilər, biz də gördük. Bizim xalqın nümayəndələri ermənilərin Gəncəyə atdıqları ballistik raket nəticəsində dağılmış evlərindən çıxarkən Azərbaycan bayrağını sinəsinə sıxıb çıxdıqları halda, ermənilərin nələri sinələrinə sıxıb Kəlbəcəri tərk etdiklərini də gördük. Evləri yandırmaqda məqsədləri nə idi bu bədbəxtlərin, görəsən? Düşünürdülər ki, kəlbəcərlilər qayıdıb onların murdar nəfəsləri çökmüş evlərdə yaşayacaqlar. Əsla. Əvvəllər bədxah qonşularımız azərbaycanlılara qonaq gələndə onun istifadə etdikləri qab-qacağı atarmışlar. Oturduqları döşəkçənin üzünü çıxarıb yuyub, salavatlayıb, sonra yenidən istifadə edərmişlər. İndi o evlərdəmi yaşayacaqdıq? Ermənilərin murdar nəfəsləri çökmüş divarların arasındamı yaşayacaqdı kəlbəcərlilər? Yandırın, dağıdın və gözləyin, 3-5 ildən sonra o torpaqlarda yaradılanları seyr edəcəksiniz.


Kəlbəcərə həyat qayıdır...


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Bəli, biz Kəlbəcərə qayıdırıq. Ata-baba yurdumuza, əzəli torpaqlarımıza qayıdırıq. Bu xalq XXI əsrdə yazdığı qəhrəmanlıq dastanı ilə – “Qarabağ” dastanı ilə o torpaqlara qayıdır. Dövlət-xalq birliyi, lideri ilə, şücaətlə, rəşadətlə, şəhidləri, yaralı qaziləri, 27 illik yurd təşnəli insanları ilə erməni qəsbkarlarından geri aldığı torpaqlara qayıdır. Orada şəhidlərinin qanı axmış torpaqları qoxulamağa, o torpaqlarda azan səsini dinləməyə, öz ata-babasının məzarını ziyarət etməyə, o torpaqlara yeni həyat verməyə qayıdır. Bir də ona görə qayıdır ki, Kəlbəcər Qarabağdır, Qarabağ Azərbaycandır!

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR