24 Dekabr 2024, Çərşənbə axşamı

Hansı yara sağalmaz ki?! Məlhəmi torpaq, qucağı Vətən olarsa?! Düşmənin atdığı mərminin ucu bağrımızı dəlib, yaddaşımızı qanatsa, qanayar yurd yarası. Tarix yaraları, qanla yazılmış izləri unutmaz, qan yaddaşına həkk edər. Tarix tarixləri yaşadar, ey şəhid qardaşım, tarix yarımçıq qalanları yaşadaraq tamamlayar.
Əsrlərdir, bu torpaq intiqam üçün şərəf, namus, ləyaqət yetişdirib əlinə cəsarət silahını verir qarabəxtli Qarabağ üçün. Köksünə sancılan oxla ayaqda qalan, uğrunda tökülən qanla qidalanan, hələ də əsir düşmüş, didərgin olmuş insanları bağrına basan, özünü sığınacaq edib onlara yurd olan, onlara nəfəs verib özü nəfəssiz qalan, uşağından-böyüyünə Qarabağ deyən dillərdə bir əfsanə Qarabağ yaşayır, bir gün canına – Azərbaycanına qovuşacağı ümidindən yapışıb güc alan Qarabağım... Bağrın yansa da, çatlasa da, dözdün, dayandın!.. Başlandı çal-çağırlı, azərbaycanlı günlərin, qara taleyinin ağ günlərə büründüyü günlərin... Minlərlə ölən günahsız insanların qanı ilə ağarıb, ağ günə çıxdığın günlərin!..

İnanırdıq ki, qan varsa, şəhid varsa, deməli, zəfər yaxındadır, mütləq bizim olanı qaytarıb, o həsrəti vüsala çevirəcəyik. Doğma ərazilərimizdə azğınlaşan, at oynadan haram əlləri kəsib, torpaqlarımızı məhbəsdən azadlığa buraxacağıq, elə həmin gün həsrətlə gözləyən xarıbülbül əsarətdən qurtulub Azərbaycan üçün cəsarət rəmzi olacaq... Və yenidən xarıbülbül qucaq açacaq öz bülbülünə... O, artıq susduğu illərlə cavab verəcək, bizsə susmadığımız illərlə dinləyəcəyik onu... İllər ərzində neçə dəfə saralsa da, solmadığından, ləçəklərini necə duaya çevirdiyindən, bitdiyi yerə bağlılığından, Qarabağından danışacaq... Biz isə onun bitdiyi yeri hər gün qanımızla necə suvardığımızdan danışırıq bu gün... Bitməyəcək bu illərin yığılmışı, qalmışı... Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam əl-ələ verdi, sonra...
Kəlbəcər, Laçın, Xocalı çox yaxında uğrunda canlarından keçən şəhidlərimizin ölməzlik heykəlini ucaldacaq, elə həmin gün haqqın səsi dünyaya səs salacaq. Polad polad kimi bərkiyib əl-ələ verəcək Mübarizlə... Düzüləcək arxasınca torpağa can verənlər... Dillər himn olub, oxuyacaq:

Minlərlə can qurban olsa da,
Sinəmiz hərb meydanı olsa da.
Sən, hər zaman
Üçrəngli bayrağınla məsud
yaşadın,Vətən!..

Bu səs Çingizi oyadacaq, yenə müqəddəs bayraqlardan könüllərdəki bayraqlara xoş müjdə verərək çəkəcək filmlər, Azərbaycanın birlik dühasını dünyaya göstərəcək, həqiqətin gücü dünyanı çalxalandıracaq... Haqqın yolundan dönməzliyi, düşmənlərin ölüsünü belə, qorxudub titrədəcək... Yenə Xan gələcək, qurulacaq, taxt-büsat, “Qarabağ şikəstəsi” oxunacaq. Elə həmin gün bu torpaq Üzeyiri, Bülbülü, Rəşidi yenidən dünyaya gətirəcək. Musiqilər, mahnılar ətək-ətək sinəsinə yara vurulan dağları, daşları sağaldacaq. Quşlar da qıy vuracaq, “Azadlıq, Azadlıq!” deyə-deyə... Natəvanın misralarını, simləri qırılmış, yasa batmış tar-kamanını dirildib, toya çağıracaq... Vətən bayram görəcək. Axı Şuşada artıq öz oğulların halay çəkib yallı getdi, torpaq torpağa qovuşdu... Daha torpaq eşitməyəcək mərmi səsi, güllə səsi, lalədən, qərənfildən qan damlamayacaq, daha adları ilə deyil, Vətən uğrunda axıtdıqları qanla tanınacaqlar əsgərlərimiz!.. Ölən arzular, ölən xəyallar, anaların illərlə yaşlı qalan gözlərindən dirilib baş qaldırır artıq. Göz yaşları sevincdən parlayır artıq… çiçək açır ümidlər tapdalanan torpaqlarda... Günəşin heç batmayacağı günlərdir artıq Günəşin haqqa doğduğu gün, Günəşin ölməzliyi – haqqı saçdığı gündür artıq... Gecə də, qaranlıq da, zülmət də öləcək, daha işıqlı, aydın günlər görəcək bu Vətən... Ağaran ağ saçlar gündüz, qırışan əllər yol olacaq, adı isə “Gündüzə çıxmış yol...”
Ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün dirilə bilməz...Vətən torpağını öz qanları ilə suvaran şəhidlər isə bir ölər, min dirilər.
Sən varsan… Sən gedər-gəlməzin çarxın döndərən, öz qanınla yandırdığın çırağa hələ də işıq olmaqda davam edənsən... Sən sağsan, əbədi yaşayacaqsan, Sənsən indi göylərdə günəş olub haqq saçan, bəyaz buludlara bürünən günahsızlaşan, saflaşan...
Rahat uyu… Ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə qanından Vətən yaradan sən deyilsənmi?! Ölüm, ölüm… deyə səs salan, həyata sipər olub torpaq üçün nəfəs olan, ey şəhid qardaşım, indi yaşayan, yeni dünya quran, ayaq basdığın torpaqlara kök salıb həyat olan sənsən… Biz gördük, ey şəhid qardaşım, canından keçib torpağa can olanları… Zəfər cənglərini, əbədiyyət uğurlarını, torpağın əmanət müjdəçilərini...
Sizsiniz öz bağınıza keşik çəkib bağban olan... Torpağı qərənfillə, lalə ilə allandıran Vətən oğulları, qeyrət simvolları... İndi şərəf, namus deyə yetişdirən torpaq sizi qoynuna alıb yenidən cücərdir, hər gün eyni ruhdan qopan oğullar sönməyən məşəl yaradıb, işıq saçır bu yurda... Bir can verib, hər zaman yaşayan, ey şəhid qardaşlarımız...
Bizi qoynuna alan yumruq boyda torpağımız varsa, biz ölməyəcəyik! Hər zaman yağış ətri gətirən küləklərə qoşulub Vətənimizə torpaq kimi səpilmək, hər qayasında qeyrət, hər daşında ar olmaq istəyəcəyik… Bu yurdda yeni bədənlərdə, eyni ruhdan doğulanlar olub dolaşacağıq... Vətən olub vətənləşən, qan olub bayraqları bayraq edən, mavi səmalara yüksələn, “Azərbaycan!” deyə hökm edən şüar olacağıq... Biz heç zaman ölməyərək, şairin dediyi kimi, bayraqları bayraq edən üstündəki qan, torpaq uğrunda ölən Vətən olacağıq!
Birlik zamanıdır, eşq zamanıdır... Ruhumuzu candan qoparan mərmilərin caynaqlarında, hər gün üçrəngli bayrağa sarılıb, saçların bəyazında, üzlərin qırışında böyüyən candaşlarının otuz illik eşqinə qovuşma zamanıdır! “Yetər!” – deyib əl-ələ vermək vaxtı çatdığını göstərdik! Biz bu cənnət Vətənin hər qarışını geri qaytarmazsaq, şəhidlər o cənnətdən imtina edər. Qanımızın son damlasını axıtdığımız torpaqda azan səsi eşidildikcə, qələm əlimizdə “partladıqca”, cümlələr söz-söz cilikləndikcə yazımızda hiss etdik o ağrının içindəki duyğunu! Səngəri gizli görüş yeri olan, namərdə sinəsini sipər edən, şəhid qardaşlarım! Şəhadətiniz mübarək! Sərhəddən keçən mərmiyə göz yummadığın üçün gözümüzdə Vətən böyüyüb dağ oldu. Zaman o zaman deyil, artıq “Ya Qarabağ, ya ölüm!” zamanıdır... “Ya tarix yazmaq, ya tarix olmaq zamanıdır’’... Oxu, ey Müşfiqin tarı, oxu! Sən də oxu! Oxu ki namərdə sinəsini sipər edən şəhidlərim rahat uyusun! Biz isə “Cəngi” ilə, “Qaytağı” ilə qeyd edək şanlı zəfərimizi. Əlimizdə bayraq, dilimizdə şikəstə oxuyaraq sancaq ay-ulduzlu bayrağımızı müqəddəs torpaqlarımızın bağrına!

Fariz Əhmədov
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru,

Könül Seyidova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR