Bu gün Vətən, azadlıq, mübarizə, iradə, əzm, güc, ordu, xalq, birlik, zəfər, qələbə sözlərini tez-tez eşidirik. Bu ifadələrin işlənməsinin ən böyük səbəbkarı isə çoxdan bəri səbirsizliklə gözlədiyimiz Qələbə xəbərini bizə çatdıran Ali Baş Komandanımız cənab İlham Əliyev və bu Qələbənin böyük sevincini xalqımıza yaşadan yenilməz Ordumuzdur. Bu qalibiyyətin isə bir səbəbi vardır: Güclü ordu və iqtisadiyyat, Ali Baş Komandan-xalq-ordu birliyi!
Məlum olduğu kimi, bu il sentyabrın 27-də Ermənistan hərbi birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatçı hücumlara başladı. Nəticədə, ordumuz tərəfindən bütün cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatları ilə düşmənə layiqli cavab verildi. Tarixə 44 günlük müharibə kimi düşən bu savaşda Azərbaycan Ordusu əsl peşəkarlıq ortaya qoyaraq düşmənin bütün mövqelərini darmadağın etdi və işğal altında olan ərazilərimizin böyük bir hissəsi geri alındı.
Cənab İlham Əliyev bu şad xəbərləri Ali Baş Komandan kimi şəxsən özü televiziya ekranlarından xalqımıza çatdırdı. Bundan sonra hər birimiz günboyu səbirsizliklə Ali Baş Komandanın çıxışlarını gözləyirdik. Noyabrın 9-da Şuşanın azad edilməsi isə hər birimizin qəlbini qürurla doldurdu. Artıq Şuşa qələbəsi Azərbaycanın işğal altında qalan digər ərazilərinin də yolunu açmışdı. Noyabrın 10-da düşmənin üçtərəfli Bəyanata imza atması isə illərdir, işğal altında qalan bütün torpaqlarımızın azad edilməsinə rəvac verildi. Problemə böyük humanizm mövqeyindən yanaşan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla da 30 ilə yaxındır, davam edən bir münaqişənin sonunu yaxınlaşdıraraq Böyük Qələbənin altına öz imzasını qoydu. Beləliklə, 10 noyabr tarixi Azərbaycanın əldə etdiyi Böyük Qələbənin tarixinə çevrildi.
Bu zəfər tariximizi yazanlar isə onun keşiyində ayıq-sayıq duran, Vətən uğrunda gedən döyüşlərdə rəşadətlə mübarizə aparan oğullar, hər qarış torpağımız üçün canından keçən, şəhidlik məqamını fəth edən Vətən fədailəri oldu. O şəhidlər ki analar, atalar, bacılar, övladlar, bir sözlə, bütün Azərbaycan onlarla qürur duyur və duyacaq. Qələbə soraqlı şəhidlərimizin qarşısında həmişə baş əyəcəyik. Onları fəxarətlə qarşılayıb, iftixarla son mənzilə yola salırıq. II Qarabağ döyüşlərində üçrəngli Azərbaycan bayrağına sarılaraq gələn şəhidlərimizi geniş xalq kütləsi qarşılayır. Azadlıq mücadiləsində Naxçıvan torpağının da igidləri tarixi torpaqlarımızın azad edilməsində öz sözlərini dedilər. Şəhid olan hərbi qulluqçularımız İsgəndərov Niyaməddin Qulu oğlu və Möhsümov Elmar Rövşən oğlu Kəngərli rayonunun Xok kəndində, Hüseynov Mətin Ramiz oğlu isə Ordubad rayonunun Düylün kəndində son mənzilə yola salınıblar. Qəhrəman oğullarımızın dəfn mərasimlərində dövlət və ictimaiyyət nümayəndələri, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, minlərlə sakin iştirak etdi.
Bir xalq olaraq biz bugünkü Qələbəmizi Vətən torpağını azad etmək arzusu ilə yaşayan, Vətənə xidmət etmək istəyən oğullara borcluyuq. İllərdir, işğal altında olan torpaqların azad edilmə xəbərlərinin sevincini bizə yaşatdıqları üçün bundan sonra da onlara borclu olacağıq. Çünki onlar Vətən torpağını qorumağı, çox düzgün olaraq, mənəvi vəzifə, Vətənə sevgi bildilər. Elə bir sevgi ki azadlıq üçün, xalqın rifahı üçün, Vətənin şəhid övladları üçün qan töküb, öz canlarını fəda etməyi gözə aldılar. Şəhadət şərbətini içdilər, bu zəfəri xalqımıza bəxş etdilər. Göstərdilər ki, Vətənin bütövlüyünə gedən yolda əsas amil də Vətənə, torpağa olan müqəddəs, ülvi sevgidir. Çünki Vətən sevgisi elə azadlığın özüdür. Məkanı cənnət olan şəhidlər, silahınız güclü, sözünüz kəsərli oldu. Qarabağ Azərbaycandır!
Türkan HÜSEYNLİ