Biz daha gözəl evlər ucaldacağıq köksündə,
dünyanın ən gözəl AĞ Damını tikəcəyik səndə
Noyabrın 20 yaddaşlarımıza xoş xəbərlər müjdəçisi olaraq yazıldı.İllərdir həsrətini çəkdiyimiz Ağdamımıza qovuşduq elə həmin gün. Budur Ali Baş Komandanımız İlham Əliyev xalqımıza müraciət edərək dedi: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik.Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.
Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan Ağdam tək Qarabağın yox, Azərbaycanın Ağ Damı idi! Hər səhər günəşə boylanan, onun parlaq şəfəqləri ilə oyanan, fərasətli, qonaqpərvər insanları ilə bəxtəvər idi bu şəhər! Bu şəhərin sakinlərinin gözü öz doğma ocağında idi. Heç kimin çəpərindən boylanmazdılar, heç kimin bostanına daş atmazdılar, heç kimin toyuğuna “kış” deməzdilər, heç kimin torpağına göz dikməzdilər. Gələnə qucaq açardılar, ürək açardılar, süfrə açardılar, gedəni hörmətlə, pay-püşlə yola salardılar. Amma bu şəhər qədim tarixi, var-dövləti, sərvətləri, mədəniyyəti, musiqisi, yüksəlişi ilə yadellilərin tamahına səbəb olmuşdu. Günlərin birində bu dinc, bu gözəl şəhər də düşmən əsarətinə düşdü, xarabalığa çevirildi. Düşmən tərəfindən Ağdamın yaraşıqlı evləri viranə edildi.Ağdamlıları isti ocağından uzaq saldı bu müharibə.
Ağdam sakinlərinin döyüşkənliyinə, Qarabağ savaşında verdiyi 6 mindən çox qəhrəman şəhidi ilə ermənilərin kabusuna çevrildi. Elə ona görə də,düşmən səndən xüsusi acıq çıxdı. Səni ruhlar şəhərinə çevirdi Ağdam. Köksünü bacara bildikcə yaraladı, daşını daş üstə qoymadı. Sən böyüklüyünə,strateji əhəmiyyətinə görə Azərbaycanın Qarabağdakı arxası, dayağı idin. Sən igid oğullar diyarı idin. Sən tarixi abidələrin , mədəniyyət memarlıq nümunələrinlə qədim keçmişin şahidisən Ağdam.Qədim insan məskənlərindən biri, Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən, Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri, Qədim Albanya ərazisində mövcud olan 26 tayfadan yüksək mədəniyyətə malik olan Qarqarlar sənin ərazindəki Qarqar çayı boyunca məskunlaşdı. Bu isə sənin Azərbaycan ərazisindəki ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını sübut edir.130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunəsini yer üzündən sildi düşmən. Keçmiş SSR-də birinci, dünyada ikinci olan çörək muzeyini vəhşicəsinə dağıtdı. Məşhur çay evinin daşını daş üstə qoymadı. Amma sənin Azərbaycanın bir parçası, Qarabağın döyünən ürəyi olman həqiqətini silə bilmədi yaddaşımızdan.Çünki düşmən bizim evimizi dağıda bilər, amma ruhumuzu əsla.Azərbaycan xəritəsində, Azərbaycan mənəviyyatında yerin böyükdür Ağdam. Azərbaycanı dünyada tanıdan Xan qızı Natavanın, Süleyman Sani Axundovun, Xudu Məmmədovun, Adilə Namazovanın vətənisən sən.Düşmənə qan udduran, mindən çox Xocalı əsrini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun vətənisən sən. Azərbaycan muğamının professoru Arif Babayevi yetirən torpaqsan. Qurban Pirimovun, Sara Qədimovanın, Səxavət Məmmədovun, Rəmişin, Qədir Rüstəmovun vətənisən sən Ağdamım.
Dünyanı heyrətə gətirən Qarabağ bülbülləri yenə Bayatı Şirazı səsləndirəcək sənin köksündə. XX əsrin 80-ci illərində ölkədə əks-səda doğuran “Qızlar bayramı”, “Xarı bülbül” beynəlxalq musiqi festivalları yenə səndə keçiriləcək. Dünyaya səs salan Qarabağ futbol kulubu dünyanı riqqətə gətirəcək. Qarabağ yurdunun cənnət məkanı Ağdamım səni vəsf etsəm qəzet səhifələrinə sığdıra bilmərəm, çünki sənin gözəlliyin ellərə səs salıb. Sənin ellərə səs salan torpaqlarını görməsəm də, valideyinlərimdən sənin haqqında eşitdiklərim məni xəyyallar aləminə aparıb. Əhd etmişəm sənin torpağına ilk ayaq basdığım gün sərin bulağında doyunca içəm. Bülbüllərinin cəh-cəhini saatlara dinləyəm.
Bu gün hər birimiz böyük fəxarət içərisindəyik. Axı doğma torpaqlarımıza geri dönürük.Axı o torpaqlarda biz daha gözəl evlər tikəcəyik, dünyanın ən gözəl AG Damını ucaldacayıq, yenə də ən gözəl evlər səndə olacaq, yenə Ağdam çay evində çay içəcəyik, yenə dünyada ikinci olan çörək muzeyinə ziyarətçilər gələcək. Biz yenə dünyaya günəş kimi doğacağıq. Biz Ağdamımızda yenidən doğulub, yenidən böyüyəciyik. Artıq Ağdamda dünyaya göz açan körpə balaların sənədlərinə Ağdamlı olaraq qeyd olunacaq. Bu günləri yaşamaq uzaqda deyil demirik, artıq vaxtı, məqamı gəlib çatıb deyirik. 9982 gündən sonra biz sənə qayıtdıq. Sinəni aç, doğmalarına doyunca sarıl,çünki biz jurnalistlər sənə, həsrət qaldığımız o torpaqlarının canlı şahidi olub, vəsf etməyə gəlirik. Atlarımızı yəhərləməyə gəlirik Ağdam, meydanlarında rəqiblərimizi qarşılamağa gəlirik Ağdam, hər birimiz birliyimizə daha da möhkəm sarılıb çay evində çay içməyə gəlirik. Hammılıqla səni dirçəldməyə gəlirik. Ölkə başçısının dediyi kimi: “İndi isə Ağdam üçün yüni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb...Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutuacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur...Bu işlər planlı şəkildə öz həllini tapacaq”.
Nuray ƏSGƏROVA