Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikasında Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 yun corab, 1200 yun boyunluq və 920 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Ramin Dadaşov çıxış edərək vurğulayıb ki, muxtar respublikada ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən ay da məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 yun corab və 1700 yun boyunluq əsgərlərimizə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti