24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir Ağdam. Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən füsunkar təbiətli, məhsuldar torpaqlı Ağdam gözəl Qarabağımızın canıdır. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikərdilər.   

Zaman keçdikcə bu şəhərin adı müxtəlif mənalarla ifadə edilib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xanın Ağdamda ağ daşdan tikdirdiyi imarət uzun müddət kənd sakinləri üçün bir növ simvola çevrilib. Bu mənada, “Ağdam” həm də günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verib. Digər bir versiyaya görə, Ağdam sözünün başqa bir mənası “Ağ insan” dır. Rus alimlərinin apardığı araşdırmalara görə, Ağdam-ağ Adəm, ilk insan mənasını verməklə dünyanın ən qədim yaşayış məskənlərindən də biridir. Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın bu ərazidə tapılması ilk insanın – Adəmin burada yaşamasının sübutu kimi qiymətləndirilir. Ağdam Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynayıb. Albaniya ərazisində yaşayan 26 tayfadan biri olan, yüksək mədəniyyətə malik qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıblar. Cənubi Qafqaz xalqları içərisində ilk əlifbanı da məhz Ağdam ərazisində yaşayan yerli Beniamin qarqarlarının yaratdığı deyilir. Ağdam qədim yaşayış məskənlərindən biri hesab olunur. Tədqiqatlar onu deməyə imkan verir ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (eramızdan əvvəl IV-VI minilliyi əhatə edir, “Misdaş” dövrü adlanır) yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə malik olublar. Onlar dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrlə məşğul olub, maddi-mənəvi abidələr yaradıblar.

Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəd olan Ağdamın yaranma tarixi mənbələrdə 8 avqust 1930-cu il kimi göstərilir. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd var idi. Rayonun inzibati mərkəzi Ağdam şəhəri Bakıdan 362 kilometr məsafədə, Qarqar çayının sahilindən 3 kilometr aralı, Qarabağ düzünün cənub-qərbində yerləşir. Qədim tarix, mədəniyyət, elm və təhsil mərkəzi kimi hər zaman maraq doğurub Ağdam. Xudu Məmmədov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev və neçə-neçə böyük sənətkarı, elm-mədəniyyət xadimlərini yetişdirib bu torpaq. Ağdam şəhərinin şimal-qərbindəki Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və digər müxtəlif tarixi dövrləri əks etdirən tarixi-memarlıq abidələri, yaşayış məskənləri, sərdabələri, kurqanları Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. Ağdamın iqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Rayon ərazisinin 1700 hektarı meşəlik, 28 min hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Rayon ərazisindən Qarqar, Xaçın, Qabartı, Papravənd (Gülyataq), Gülablı çayları axırdı. Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon idi. Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları, Üzeyir Hacıbəyov adına Musiqi Texnikumu, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi.

Düşmənin həsədlə baxdığı strateji əhəmiyyətli şəhər

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı mübarizənin ilk atışmaları, ilk qığılcımı, təcavüzün ilk addımları məhz Ağdamda hiss edildi. Dağlıq Qarabağa gedən yolların Ağdamdan keçməsi mənfur düşməni daha da iştaha gətirdi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə edilən hücumlar düşmənin Ağdama qarşı yönəldilmiş təcavüzkar planlarını doğrultdu. Ağdam 1993-cü il iyul ayının 23-də işğal olundu. Erməni təcavüzünün qarşısının alınması üçün strateji nöqteyi-nəzərdən çox əhəmiyyətli bir nöqtədə yerləşən Ağdam ovaxtkı dövlət idarəetmə sükanı arxasında oturan siyasət dəllallarının yarıtmaz fəaliyyəti, onlar arasında gedən çəkişmələr və ziddiyyətlərin nəticəsində ağdamlıların uzunmüddətli mübarizəsinə baxmayaraq, işğal edildi. İşğal nəticəsində rayon ərazisinin 846,7 kvadratkilometri, yəni ümumi ərazinin 77,4 faizi ermənilərin əlinə keçdi. Böyük şairimiz Cabir Novruz Ağdamın işğalını belə mənalandırırdı:

Aman, Allah aman,
Görməyəydim heç bir zaman,
Ağdam kimi məmləkətim
Necə çıxdı əlimizdən,
Ağdam getdi ta nə qaldı…
Əsr-əsr, zaman-zaman
Neçə yerə parçalanmış Vətən qaldı…
Ağdam getdi, ta nə qaldı
Bir mən qaldım, bir sən qaldın…

Ağdam getdi... Mənfur düşmən Ağdamı talan etdi. Neçə kəndi, yaşayış binasını, sənaye və tikinti müəssisəsini, məktəb binasını, səhiyyə mərkəzini, mədəniyyət ocağını, teatrı, məscid və muzeyləri, tarixi abidələri vandalizm siyasətinin qurbanına çevirdi. Ağdamın payına 5897 şəhid, 3531 nəfər sağlamlıq imkanları məhdud, 1871 nəfər yetim uşaq düşdü. 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü, qaçqın, məcburi köçkün adı aldı.
Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlıların da həmdəmi, himayədarı oldu. Böyük dövlət xadimi ağdamlılarla keçirdiyi hər bir görüşündə onların dərdinə şərik olur, ağdamlıların dəyanətli, vüqarlı insanlar olduqlarını bildirərək, torpaq itkisi ilə yaşayan həmvətənlərimizin doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı... O deyirdi: “Ağdamlılara mənim daim xüsusi hörmətim və qayğım olubdur. Hələ 70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür – həm şəhərin qurulması, yaradılması, həm qəsəbələrin abadlaşdırılması, həm Ağdamın iqtisadiyyatının inkişaf etdirilməsi baxımından. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”.
Ulu öndərimizin siyasətini layiqli şəkildə davam etdirən Prezident cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün verdiyi fərmanlardan sonra bir sıra yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilmiş, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilmiş, ağdamlılara dövlət tərəfindən hər cür qayğı göstərilmişdir. Bunun nəticəsidir ki, ağdamlılar da dövlət başçısının apardığı siyasəti tam dəstəkləyir və bilirdilər ki, tezliklə doğma yurdlarına qayıdacaqlar.

“Qafqaz Xirosiması” və ruhlarşəhərinə çevrilmişdi Ağdam

Bir vaxtlar Azərbaycanın iqtisadi, elm, təhsil mərkəzlərindən biri olan “Qafqaz gözəli” Ağdam mənfur ermənilərin əlində “Qafqaz Xirosiması” və ruhlar şəhərinə çevrilmişdi. Yanlış eşitmədiniz. Ağdam bu gün erməni vandalları tərəfindən xarabazarlıq, viran edilmiş yurddur. Burada erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan cinayətləri görən hər kəs bu cür vandallığı Xirosima faciəsi ilə müqayisə edir. Bu gün Ağdam həm də turistlərin ən çox ziyarət etdiyi 20 ruhlar şəhərindən biridir. “Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima” deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədir. Amma yox, şişirdilməyib. Ağdam xarabalığa çevrilib və bu, olduqca dəhşətli bir mənzərədir” – çex jurnalisti Petruşka Şustrovanın dediyi bu sözlər indiki Ağdamın canlı mənzərəsidir.
Minlərlə şəhid verən, məcburi köçkünlük taleyi yaşayan ağdamlıların torpaq sevgisi, Vətən məhəbbəti çox güclüdür. Düz 27 ildir ki, ağdamlıların könlündə bir ümid çırağı yanır. Bu gün artıq o ümid çırağı şölə saçır. Ağdam qayıdır. Ağdamlılar illərdir, həsrətində olduqları doğma torpaqlarına, yurdlarına qayıdırlar, ordumuzun qüdrəti, Ali Baş Komandanımızın qətiyyətli iradəsi ilə.
Ulu öndərimiz Heydər Əliyev Ağdamda olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun. Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”. Biz bu gün əminik. Əminik ki, hər bir sahədə Ata vəsiyyətini uğurla yerinə yetirən Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza, o cümlədən Qarabağın canı Ağdama da yeni həyat verəcək, Ağdam diriləcək, Ağdam dirçələcək…

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR