24 Dekabr 2024, Çərşənbə axşamı

(esse) 

          Hələ orta məktəbdə oxuyarkən tarix fənnini daha çox sevər, şanlı və qədim tariximizi yaxşı öyrənməyi özümə borc bilərdim. Tarixə, tariximizə olan marağımdan da torpaqlarımızın işğal tarixlərini məhz əzbərə bilirdim. Hesab edirdim ki, həmin tarixləri bilməmək, unutmaq ən azından nankorluqdur...

          Mən özümü anlayandan, ətrafımı dərk etməyə başladığım gündən bəri Şuşa, Laçın, Xocalı, Xocavənd, Kəlbəcər, Ağdam, Cəbrayıl - bir sözlə işğal altında olan bütün rayonlarımız haqqında çox oxumuş və eşitmişəm. Ən çox da Şuşa... Qarabağ Azərbaycanımızın dilbər guşəsi, Şuşa isə Qarabağın incisidir. Təmiz havası, uca dağları, şəfalı suyu, səfalı təbiəti dillər əzbəridir. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada tanınan cinslərdəndir. Hələ muğamını demirəm. Suyundandır, havasındandır bilinmir, amma Şuşalı olub da səsi olmuyan adam yoxdur. Sanki bu onlara genlə keçən fitri istedaddır. Əbəs yerə deyilmir ki, Şuşa Şərqin konservatoriyasıdır.

Mən Şuşa haqqında çox oxumuşam, eşitmişəm, lakin görməmişəm. Bu şəhər mənfur düşmən tərəfindən işğal olunduqda mən hətta dünyaya belə gəlməmişdim. Mən Şuşa şəhərini ədəbiyyatımızla sevmişəm. Şuşa Azərbaycan ədəbiyyatı üçün dəyişməz bir obrazdır. Şuşa Qarabağ xanlığının mərkəzi kimi Yusif Vəzir Çəmənzəminlidən, Əbdürrəhim bəy Haqverdiyevdən, Süleyman Sani Axundovdan, Firudin bəy Köçərlidən başlayaraq heç bir erməninin ağlına gəlməyəcək qədər böyük bir ədəbi məhəbbətlə tərənnüm olunub. Fikrimcə, Azərbaycan ədəbiyyatının Şuşa ilə bağlı ən nəhəng hadisəsi Molla Pənah Vaqifdir.  Buna görə də ümummili liderimiz Heydər Əliyev hələ sovet dönəmində Şuşada Molla Pənah Vaqifin böyük məqbərəsini tikdirdi. Bu, olduqca böyük hadisə idi. Bu, ədəbiyyatın Molla Pənah Vaqifə münasibəti idi. Bu, ədəbiyyatla tarixə, Şuşa ilə Vaqifə olan münasibətə Azərbaycan dövlətçiliyinin münasibəti idi.

          Bu şəhər həm də mədəniyyətimizin incisidir, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Şuşa Üzeyir bəyin, Zülfüqar Hacıbəyovun, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun vətənidir. Bu torpaqda xalqımızın musiqi sənətinin ən parlaq nümayəndələri dünyaya göz açıb. Mən mədəniyyət incimiz olan bu şəhəri görməmişəm. Deyirlər, əvvəllər Şuşada, Cıdır düzündə, İsa bulağında bir çox yerli, məşhur xanəndə və sazəndələrin, o cümlədən şəhərin qonağı olan incəsənət xadimlərinin iştirakı ilə mədəni məclislər təşkil olunur, onlar öz çıxışları ilə tamaşaçıları feyziyab edirmişlər. Hətta 1901-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə “Şərq konserti” keçirilib.

          Konsert demişkən, xüsusilə qeyd etmək lazımdır ki, Qarabağ müğənnilərinin əksəriyyəti məhz Şuşada doğulmuşdur. Biz “Qarabağ şikəstəsi”ni dinləyərək böyümüşük, ruhumuzu bu musiqi ilə qidalandırmışıq. Şuşanı görməsək belə o nisgillə, hüsranla, həsrətlə yaşamışıq hər zaman. Elə musiqidə deyildiyi kimi:

Qarabağın düzü var,
Düzlərində quzu var,
Şuşa mənim öz elim, öz obamdır,
Kimin buna sözü var?!..

          Məşhur “Qarabağ şikəstəsi”nin müəllifi ustadlar ustadı, xanəndə, Xalq artisti Xan Şuşinski də bu şəhərdəndir.         

          Qarabağın incisi, mirvarisi olan Şuşa özünəməxsus tarixi, memarlıq nümunələri ilə də fərqlənir. İşğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın eviQarabağ xan sarayıVaqif türbəsiMirzə Salah bəy Zöhrabbəyovun yaşayış eviŞuşa kurqanıŞuşa mağara düşərgəsiŞuşa qalası və digərlərini qeyd etmək olar. 

          Şuşanı görmək mənə nəsib olmayıb. Mən bu şəhəri kitablardan, internetdən oxuduğum qədər sevmişəm. Bir də atamın dostu, Şuşadan olan məcburi köçkün Elçin əminin dedikləri qədər...Elçin əmini hər zaman qəlbi vətən həsrətiylə yanan, mərd, məğrur və qürurlu bir kişi tanımışam. Bir sözü isə heç zaman yadımdan çıxmır. “Vətənimizdə qərib kimi gəzirəm mən”...Ağrılı, acılı, bir o qədərə də çətin. 

          Noyabr ayının 8-i Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti dəfə Azərbaycan xalqına müraciət edir. Ailə üzvlərimlə birgə televiziya qarşısında səbirsizliklə, eyni zamanda böyük ümidlə növbəti müjdəni gözləyirik. Axı cənab Prezidentin bizi hər zaman xoş xəbərlərlə sevindirməsinə, QƏLƏBƏ xəbərlərini öz xalqına şəxsən çatdırmasına alışmışıq. Və budur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm”.         

          8 mayın üzərinə BÖYÜK xətt çəkilərək 8 noyabr yazılır. Yeni tarix, yeni qələbə. Bu QƏLƏBƏ müjdəsindən dərhal sonra atam telefonu əlinə alıb Şuşadan olan məcburi köçkün dostuna zəng edərək “artıq sən də Cəbrayıldan, Füzulidən, Zəngilandan, Qubadlıdan olan vətəndaşlarımız kimi məcburi köçkün deyilsən” dedi. Atamın səsi titrəyirdi...yəqin Elçin əminin sevinc göz yaşlarına görə... 

 

Arif BAYRAMOV 

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR