24 Dekabr 2024, Çərşənbə axşamı

Baytarlıq təbabəti hər bir cəmiyyətin sosial-iqtisadi həyatında rolu durmadan artan, insanların keyfiyyətli ət və süd məhsulları ilə bağlı tələbatının ödənilməsində müstəsna əhəmiyyətə malik olan bir sahədir. Muxtar respublikamızda ardıcıl şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində aqrar sektorda inkişafa nail olunması kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıqda da öz əksini tapmış, məhsul istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət amilini başlıca məqsədə çevirmişdir. Əldə edilən nailiyyətlər isə, ümumilikdə, bir amilə – əhalinin ərzaq təhlükəsizliyinin təminatına, insan sağlamlığının qorunmasına yönəlmişdir. 

Bu məqsədlə hazırlanan “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqinə nail olunması, muxtar respublikada yoluxucu, parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması kimi bir sıra vəzifələr müəyyən edilmişdir. Həmin xəstəliklərin baş verməməsi üçün mühüm tədbirlərdən biri tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınmasıdır. Üçüncü rübdə bu məqsədlə Dövlət proqramının icrasına uyğun olaraq Şahbuz rayonunun Ayrınc kəndində və Şahbuz şəhərində quyular qazıl­mışdır. Ümumilikdə, iyul-sentyabr aylarında tələf olmuş 19 baş iribuynuzlu və 15 baş xırdabuynuzlu heyvanın cəsədi dərmanlanaraq zərərsizləşdirilmiş və basdırılmışdır.

Muxtar respublikamızda heyvan xəstəlikləri ilə bağlı həyata keçirilən tədbirlərin profilaktik xarakter daşıması müstəsna əhəmiyyətə malikdir. Çünki epizootik vəziyyətin sabit saxlanması üçün qabaqlayıcı tədbirlərin görülməsi xəstəliklərin sonrakı müalicəsi ilə müqayisədə daha çox önəm kəsb edir. Bu istiqamətdə üçüncü rübdə bruselyoz xəstəliyinə görə 2 min 332 baş iribuynuzlu, 31 min 379 baş xırdabuynuzlu, 15 min 690 baş qoçdan qan, 595 patoloji heyvan nümunəsi götürülərək yoxlanılmış və heç bir xəstəlik aşkarlanmamışdır. Eyni zamanda 5 xəstəliyə görə 66 min 750 nümunə yoxlanılmış və təyinatı üzrə tədbirlər həyata keçirilmişdir.
Peyvəndləmə heyvanlarda immunitetin yaranmasını təmin edir. Bu da heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasında mühüm amildir. Dövlət proqramında nəzərdə tutulan heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi istiqamətində həyata keçirilən peyvənd­ləmə işləri də xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq iyul-sentyabr aylarında profilaktik məqsədlə dabaq xəstəliyinə qarşı 112 min 463 baş iribuynuzlu, 33 min 791 baş xırdabuynuzlu, qarayara xəstəliyinə qarşı 40 min 229 baş iribuynuzlu, 25 min 513 baş xırdabuynuzlu heyvanda peyvəndləmə işi aparılmışdır. Həmçinin bu dövrdə aueski xəstəliyinə qarşı 48 min 286, emkar xəstəliyinə qarşı 19 min 365, leptospiroz xəstəliyinə qarşı 19 min 835, pasterellyoz xəstəliyinə qarşı 6 min 603, dermatofitoz xəstəliyinə qarşı 789, nodulyar dermatit xəstəliyinə qarşı 415 baş iribuynuzlu, çiçək xəstəliyinə qarşı 270 min 382, bradzot xəstəliyinə qarşı 22 min 574 baş xırdabuynuzlu, 198 baş quş, nyukasl xəstəliyinə qarşı 309 min 96 baş quşlarda peyvəndləmə həyata keçirilmişdir.
Səmərəli və gəlirli heyvandarlığın həyata keçirilməsi üçün heyvan xəstəlikləri ilə mübarizə aparmaq əsas şərtlərdəndir. Dövlət proqramının icrasına uyğun olaraq üçüncü rübdə 1986 obyekt üzrə 442 min 54 kvadrat­metr sahədə aparılan dezinfeksiya işləri baş verə biləcək xəstəliklərin qarşısının alınmasına xidmət etmişdir. Bu dövrdə baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, bio­stimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət məqsədilə baytarlıq əczaxanalarında 5 reyd keçirilmişdir.
Yeni heyvan cinslərinin yaradılmasında süni mayalanmanın nailiyyətləri faktiki olaraq müasir dövrdə ən önəmli texnoloji metodlardan sayılır. Bu metoddan istifadə heyvandarlıq məhsullarının tez bir zamanda artırılmasını və heyvanların cins tərkibinin yaxşılaşdırılmasını təmin edir. Muxtar respublikamızda süni mayalanma işinə xüsusi diqqət yetirilir və bu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsinə yönələn tədbirlər həyata keçirilir. Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı görülən işlər, Dövlət Baytarlıq Xidmətinə mütəmadi olaraq müvafiq texnika və ləvazimatların təqdim olunması bu sahədə yeni nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada süni mayalanma işi ən kiçik detallar nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə fəaliyyətin düzgün təşkili, heyvanların cins tərkibinin yaxşılaşması insanların gəlirlərinin artmasına imkan verəcəkdir...” Dövlət proqramının icrasına uyğun olaraq iyul-sentyabr aylarında muxtar respublikada 3 min 14 baş inək, düyə və camışda süni mayalanma işləri aparılmış, əvvəlcədən mayalanmış 1547 baş buzov və balaq doğulmuşdur.

Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün sahələrini əhatə etməklə, əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Muxtar respublikamızda kənd təsərrüfatı istehsalçılarının risklərinin sığortalanmasına xüsusi önəm verilir. Üçüncü rübdə 169 baş iribuynuzlu üçün 160, 556 baş xırdabuynuzlu üçün 157 sığorta müqaviləsinin bağlanması Dövlət proqramının icrası istiqamətində təşkil olunan maarifləndirici tədbirlərin öz səmərəsini verməkdə olduğunu göstərir.
Qeyd olunanlarla yanaşı, iyul-sentyabr aylarında digər istiqamətlərdə də maarifləndirici tədbirlər davam etdirilmişdir. Xəstəliklər zamanı ənənəvi müalicələrə üstünlük verilməsi ilə bağlı 6, müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna malik heyvanların saxlanılma şəraiti və yeni qəbul edilən heyvanların təsərrüfatlarda 1 ay müddətində təcrid edilmiş halda saxlanılmasının vacibliyi haqqında 3 maarifləndirici görüş keçirilmişdir. Eyni zamanda 2 rayon qəzetində “Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktik peyvəndləmə tədbirlərinin əhəmiyyəti” mövzusunda məqalə dərc olunmuşdur.
Arıçılıq kәnd tәsәrrüfatının ekoloji baxımdan әn tәhlükәsiz sahəlәrindәn biridir. Muxtar respublikada arıçılığın tarixi köklәri vә әnәnәlәrinin olması yerli arı genofondunun formalaşmasına şərait yaratmışdır. Məhz Dövlət proqramında nəzərdə tutulan tapşırıqlardan biri yerli arı genofondunun mühafizəsindən ibarətdir. Bu məqsədlə sahibkarlar arasında maarifləndirmə tədbirlərinin təşkili diqqət mərkəzində olmuşdur. Şərur rayonunun Mahmudkənd, Axura, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Sələsüz, Kiçik Oba kəndlərində, Şahbuz və Babək şəhərlərində sahibkarlarla təşkil olunan görüşlərdə bu istiqamətdə tövsiyələr diqqətə çatdırılmışdır. Həmçinin “Oğuz səsi” qəzetində “Arıçılıq və bu sahəyə göstərilən dövlət qayğısı” adlı məqalə dərc edilmişdir. Baytarlıq təbabəti yalnız heyvanların deyil, insan sağlamlığının qorunması üçün də həyati önəmə malik bir sahədir. Ona görə də bu istiqamətdə mütəxəssislərin yetişməsi cəmiyyətdə gələcək sağlam mühitin əsasının möhkəm təməllər üzərində dayanması deməkdir. Muxtar respublikamızda Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin ödənişlərdən azad edilməsi bu sahəyə göstərilən dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Görülən işlərin davamı kimi, Dövlət proqramında Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə dərslərinin keçilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. Həmin tapşırığın icrasına uyğun olaraq üçüncü rübdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələrə Dövlət Baytarlıq Xidməti tərəfindən təcrübə dərslərinin keçilməsi məqsədilə 2020-2021-ci tədris ili üçün “Tədbirlər Planı” hazırlanmışdır.
Dövlət proqramının icrası qida zəncirinin bütün mərhələlərində heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinin mühüm təminatı, insan amili həmişə önə çəkilən muxtar respublikamızda əhalinin sağlamlığına verilən dəyərin təzahürüdür.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR