Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən milli təhsil siyasəti bu gün də uğurla həyata keçirilir. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələri sırasında öz layiqli yerini tutması üçün digər sahələr kimi, təhsil də inkişaf etdirilir, təhsil alanların müasir bilik və bacarıqlara yiyələnmələri təmin olunur. Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev daim ölkəmizdə təhsilin inkişafına böyük önəm vermiş, onun müasir dünya standartları səviyyəsinə çatması üçün bütün imkanlarını səfərbər etmişdir. Qürur hissi ilə deyə bilərik ki, bu gün muxtar respublikamızda da bütün sahələrlə yanaşı təhsilin inkişafı da diqqət mərkəzindədir. Təhsilə göstərilən böyük qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar surətlə artır, davamlı və yüksək səviyyədə inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, tədrisin keyfiyyətini daha da yüksəltmişdir. Doğma diyarımızda ümumtəhsil məktəbləri və ali təhsil müəssissələri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilmişdir. Bunun da nəticəsində orta məktəblərdə və ali təhsil ocaqlarında interaktiv təlim metodlarından istifadə ildən-ilə daha da genişlənir və təkmilləşir.
Ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Onlardan birincisi, ölkənin daxilində təhsil sahəsində əldə olunmuş nailiyyətlərin öyrənilib, ümumiləşdirilməsi və təhlil edilməsindən ibarət olub, ilk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı potensial imkanların yarandığını meydana çıxarmağa imkan verir. İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Ölkəmizdə bu istiqamətdə xeyli işlər görülmüşdür. Pedaqoji innovasiyalar kimi öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Ənənəvi pedaqoji tədqiqatların bir mühüm cəhəti kimi istənilən yanaşma eksperimental və təcrübi qaydada sınaqdan keçirilməli, bundan sonra hər hansı innovasiyanın tətbiqinə qərar verilməlidir.
Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən, mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşmadır. Yəni bu tərz əvvəldən planlaşdırılmır, təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox öyrənənin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik öyrənənlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar.
Təcrübə və müşahidələr sübut edir ki, müasir müəllimin özünün fəallığı ilə şagirdin yaradıcı fəallığa cəlb edilməsi, şagirdin aktiv fəaliyyəti və bu zaman onlara elementar bacarıqların aşılanması, müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə əməkdaşlığı, hərəkətli, süjetli, musiqili didaktik rollu oyunlardan istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması, müəllimin təqdim etdiyi tematik materialın şagirdin yaradıcı təfəkkürünə və milli düşüncə tərzinin formalaşmasına təsir etməsi təlim texnologiyaları üçün daha səciyyəvidir.
Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə şagirdlərin fəallığını tələb edir. İnteraktiv təlim-tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması, problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması, şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması kimi cəhətlər səciyyəvidir.
İnteraktiv təlim zamanı şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir. O, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir. Öyrənənlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edir və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər. Müəllimin mövqeyi fasilitator (bələdçi) mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki köməklik göstərir.
Ənənəvi təlim sistemində bilikləri əldə etmək üçün öyrənəni iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr öyrənənləri qane etmir. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir, yəni öyrənənlərə bilikləri müstəqil əldə etmək bacarığını aşılamaqdır. Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod öyrənənlər üçün dərsi çox maraqlı və cəlbedici edir.
Hidayət Əkbərov
NDU-nun Roman german dilləri kafedrasının müəllimi