24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamızda müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi prioritet vəzifələr sırasındadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına da belə tədbirlərdən xeyli pay düşüb. Qeyd edək ki, adıçəkilən hərbi hissə böyük təşkilatlanma və inkişaf yolu keçib. Belə ki, 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılıb, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilib. Ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanılıb, hərbi qulluqçuların döyüş hazırlığı artırılıb. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilib. Bu ilin oktyabr ayının 16-da isə briqadanın Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir” .

Qeyd edək ki, ötən müddət ərzində tabor davamlı dövlət qayğısını öz üzərində hiss edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səy göstərib. Dünən tabora yeni avtomobillərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə bu barədə geniş danışılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov ordumuzun erməni vandalları üzərində qazandığı qələbə və 17 noyabr Naxçıvan Muxtar Respublikasında Bayraq Günü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Muxtar respublikanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatıb, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olub. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasirtipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunub. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilib, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb.
Fazil Ələkbərov ordumuzun qazandığı qələbədə şəhidlik zirvəsinə ucalmış eloğullarımızın şücaətindən danışıb, qazilərə sağlamlıq arzulayıb. Bildirib ki, bu gün bütün hərbçilərimizdə yüksək vətənpərvərlik ruhu var. Onlar istənilən vaxt hər hansı əməliyyatı yerinə yetirməyə qadirdirlər. Elə Qarabağda gedən döyüşlər zamanı – oktyabr ayının 16-da bu tabor üçün kompleksin istifadəyə verilməsi də o demək idi ki, dövlətimiz ordumuz üçün nə lazımdırsa edir. Bu həm də ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisidir.
Nazir verilən yeni texnikalardan səmərəli istifadə olunacağına əminliyini bildirib və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.
Hərbi hissənin zabiti Məmməd Yusifov və gizir Sadiq Məmmədov onlara göstərilən qayğıya öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirməklə cavab verəcəklərini bildiriblər.
Sonra yeni avtomobillərə baxış olub. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən hədiyyə olunmuş bir “URAL”, bir “Zil-131” və 2 “Mitsubuishi L-200” markalı avtomobillər öz modernliyi və keyfiyyəti ilə seçilir.
Fazil Ələkbərov şəxsi heyətə gələcək qulluq və xidmətdə uğurlar arzulayıb.

- Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR