24 Dekabr 2024, Çərşənbə axşamı
Mütəxəssislərin fikrincə, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizi yaxın gələcəkdə böyük strateji əhəmiyyət kəsb edəcək 
 
Noyabrın 10-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar. Bəyanat imzalanandan sonra gecə saatlarında canlı yayımla Azərbaycan xalqına müraciət edən Prezidenti İlham Əliyev 10 noyabr tarixinin ölkəmiz üçün əlamətdar bir gün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Ölkə rəhbəri əminliklə vurğulayıb ki, imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bəyanatın mətni – 9 bəndi ilə Azərbaycan xalqını tanış edən dövlət başçısı hər bəndlə bağlı öz fikirlərini çatdırıb. Doqquzuncu bənd barədə izahat verən Prezident İlham Əliyev bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağını bildirib. Deyib ki, Ermənistan, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
 
Tarixi addım atıldı
 
Prezident İlham Əliyev Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin sözügedən sənəddə təsbit edildiyini diqqətə çatdıraraq, həm bütün kommunikasiyaların, yolların açılacağını, həm də yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılacağını vurğulayıb: "Biz bunu çox dəstəkləmişik. Mənim təkidimlə bu bənd bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Vaxtilə Azərbaycanın əsas hissəsindən Naxçıvana enerji resursları ötürülürdü. Bütün kommunikasiya xətləri kəsildi, faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qaldı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edildi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.
Naxçıvan blokada şəraitində olmasaydı...
 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev atəşkəs haqqında üçtərəfli bəyanatda belə bir bəndin yer almasını şərh edərək deyib ki, bu, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktıdır. O, Naxçıvanın uzun illər blokada şəraitində qaldığını, bu vəziyyətin də həmin bölgənin iqtisadi, ticari və sair maraqlarının qarşısını aldığını vurğulayıb: "Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edib, mübarizə aparıb və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin gözəl diyarlarından birinə çevrilib. Təsəvvür edin, Naxçıvan blokada şəraitində olmasaydı, daha hansı uğurlara imza atardı. Bax, bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, "materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir”.
 
İqtisadi siyasətin mühüm tərkib hissəsi
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, bəyannamədəki 9-cu bəndin icrası, sadəcə Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru əlaqəsinin yaradılması ilə kifayətlənməyəcək, ümumilikdə regional iqtisadi əməkdaşlığı inkişaf etdirəcək. Onun sözlərinə görə, regional əməkdaşlığın qurulması hər zaman Azərbaycanın iqtisadi siyasətinin mühüm tərkib hissəsi olub: "Azərbaycan anlayır ki, bütövlükdə Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqələrin qurulması bölgənin inkişafı üçün çox mühüm bir əhəmiyyət kəsb edir. Bölgənin iqtisadi potensialı kifayət qədər böyükdür. Ərazi baxımından Cənubi Qafqazın 50 faizi Azərbaycana aiddir. Əhali sayı və iqtisadi baxımdan da üçdə ikisi Azərbaycana aiddir. Təbii ki, regionun lider dövləti olaraq Azərbaycan hər zaman bu bölgədəki ölkələr arasında iqtisadi əməkdaşlığın güclənməsində maraqlı olub. Ermənistana illər uzunu bunu izah etməyə çalışsaq da, işğalçı dövlət ya bunu başa düşmək istəmirdi, ya da başa düşmək qabiliyyətində deyildi. İşğaldan azad etdiyimiz ərazilərə fikir versək, görərik ki, Ermənistan 30 ilə yaxın müddətdə oraları xarabalığa çevirib. Haqlı sual yaranır ki, əgər bu illər ərzində bu torpaqları əkib-becərməyəcəkdinizsə, qurub-yaratmayacaqdınızsa, bu torpaqlar sizin nəyinizə gərək idi? Azərbaycan-Gürcüstan inteqrasiyası, əməkdaşlığı göstərdi ki, iki dövlət arasında iqtisadi potensialın bu dərəcədə yaxınlaşması dünyada iqtisadi möcüzə yarada bilər”.
 
Cənubi Qafqazın dünyaya açılması
 
Deputat vurğulayıb ki, bu gün Cənubi Qafqazın dünyaya açılmasında Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının çox mühüm rolu var. Onun fikrincə, Ermənistanın da bunu anlayaraq gələcəkdə bu əməkdaşlığa qoşulması, bütünlüklə Cənubi Qafqazın potensialının reallaşmasına imkan yaradar: "Ermənistan özü üçün burada iqtisadi potensial yarada bilər. Lakin burada iki mühüm amil var. Birincisi, iqtisadi imkanların olmasıdır. İkincisi isə Ermənistanın bu imkanlardan yararlanmaq istəyib-istəməməsidir. Halbuki, imkanlar kifayət qədər böyükdür. Azərbaycan ötən dövr ərzində Qafqazı Şərqlə Qərb, Şimalla Cənub arasında çox mühüm bir nəqliyyat dəhlizinə çevirib. Ermənistanın işğalçılıq siyasəti səbəbindən Naxçıvan blokadaya salınsa belə, Bakı-Tbilisi-Qars dəmir yolunun növbəti bir qolunun Naxçıvan-Qars arasında reallaşacağı məlumdur. Naxçıvanın blokadadan çıxarılması üçün Azərbaycanın digər iqtisadi layihələri də mövcuddur. Lakin bununla paralel olaraq, perspektivdə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yolun açılması, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Cənubdan keçən ikinci bir layihənin – türk yolunun reallaşmasına imkan yaradacaq. Bu da Azərbaycanın iqtisadi layihələrinin dayanıqlılığı deməkdir. Dayanıqlılıq, birdən daha çox yola sahib olmaq deməkdir. Yəni birinci yolla bağlı problem yaranarsa, ikinci yoldan yararlanmaq mümkün olsun. Burada yenə diqqət çəkən məqam Ermənistanın bu layihələrdən yararlana bilib-bilməməsidir”.
 
Böyük bir problem həll ediləcək
 
İqtisadçı millət vəkili Vahid Əhmədov da hesab edir ki, birgə bəyanatdakı ən böyük maddələrdən biri Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır: "Hətta əlavə yolun çəkilməsi də ora salınıb. Bu, həm Türkiyənin, həm də Azərbaycanın marağındadır. Prezident İlham Əliyevin ən üstün məqamlarından biri bu oldu ki, bu maddəni razılaşmaya saldırdı. Orada dəmir yolu işləyəcək, avtomobil yolu olacaq, Çin-Azərbaycan-Türkiyə-Avropa arasında İpək yolu var, bu, böyük bir əhəmiyyətli layihədir. Bu layihə işlənib hazırlanacaq, məncə, ən gec bir il müddətinə bu yol açılacaq. Azərbaycan-Naxçıvan-Türkiyə birləşəcək və böyük bir problem həll ediləcək”.
 
Xammal baxımından dəstək
 
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması Muxtar Respublikanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq. O, Kiçik Qafqaz sıra dağlarının yamaclarında yerləşən digər regionlarımız kimi Naxçıvanın da yetərincə faydalı qazıntı yataqlarına malik olduğunu söyləyib: "Muxtar Respublika ərazisində 21 filiz yatağı aşkarlanıb. Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsi olaraq 5 filiz yatağı ehtiyatlar balansında qeydə alınıb. Bunlardan Parağaçay molibden, Gümüşlü və Ağdərə polimetal və Darıdağ mərgümüş yataqları sənaye mənimsənilməsinə cəlb olunub, Qapıcıq yatağı ehtiyatda saxlanılıb. Digər 16 yataqda ilkin qiymətləndirmə işləri aparılıb. Məhz sözügedən nəqliyyat dəhlizi bu yataqların hasilatdan sonra növbəti emal proseslərində işğaldan azad edilmiş ərazilərimizdə olan yataqlarla birgə işlənməsi üçün iri emal kompleksinin yaradılmasına imkan verəcək. Bu nəqliyyat dəhlizi təkcə faydalı qazıntıların işlənməsində deyil, iqtisadiyyatın digər sahələrində də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Məsələn, Muxtar Respublika bu nəqliyyat dəhlizi vasitəsilə işğaldan azad edilmiş rayonlarımızın yenidən qurulmasına öz töhfəsini verə bilmək üçün yetərincə xammal baxımından dəstək göstərə biləcək. Eyni zaman da azad edilmiş rayonlarımızda yaradılacaq yeni iqtisadi inkişaf konsepsiyasında özünəməxsus yer tutaraq bundan faydalanacaq".
 
Türkiyənin Orta Asiyaya çıxışı
 
Ekspert hesab edir ki, bu dəhliz türk dünyasının inteqrasiya problemlərinin həllində önəmli rol oynayacaq. Onun fikrincə, Türkiyə Orta Asiya ölkələrinin iqtisadi sabitliyini dəstəkləsə, iqtisadi əlaqələri genişləndirməyə çalışsa da, Qərb bu işdə Türkiyəyə maneə olmağa çalışıb və Qarabağ faktorundan istifadə edərək Ermənistanı bufer zona kimi türk dünyasını dekordinasiya etməyə cəhd göstərib: "Daha dəqiq desək, Türkiyənin Orta Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılırdı. Lakin türk coğrafiyasında güclü və dərin inteqrasiya üçün dövlətlər arasında güclü bir iqtisadi asılılıq formalaşdırılmalı və bir-birilərinin bazarlarına çıxış əldə etməli idilər. Türkiyənin 2019-cu ildə ümumi ixracının həcmi 171 milyard dollar, idxalı isə 200 milyard dollardan çox olmuşdu. Elə həmin il təkcə Rusiya ilə ticarət dövriyyəsi 22 milyard dollara çatsa da, Orta Asiya ölkələri ilə ümumi ticarət həcmi cəmi 8.5 milyard dolları ötə bilməyib. Göründüyü kimi, bu, elə də qənaətbəxş rəqəm deyil. Deməli, bu nəqliyyat dəhlizi eyni zamanda Türkiyənin Orta Asiyaya çıxışını təmin etmiş olacaq. Bununla da, təkcə ticarət dövriyyəsi deyil, böyük iqtisadi əlaqələr sistemi yaradılacaq”.
 
Nəqliyyat dəhlizinin daşımaçılıq faydası
 
E.Əmirov əlavə edib ki, qardaş ölkənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı, qeyd-şərtsiz Muxtar Respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcək: "Türkiyə və Orta Asiya iqtisadi əlaqələrinin ən əlverişli marşrutu üzərində olmaq, Naxçıvanı bu axına qoşacaq. Nəqliyyat dəhlizinin digər bir böyük faydası onun bütün dəhlizlərdə olduğu kimi ənənəvi faydası, yəni daşımaçılıq faydasıdır. Odur ki, bu yol, istər yük, istərsə də sərnişin daşımaçılığı sahəsində kifayət qədər va cib əhəmiyyətə sahib olacaq. Sirr deyil ki, paytaxtımızdan və digər ərazilərimizdən Naxçıvan MR-a gediş-gəliş nə qədər zaman və maddi sərfiyyat hesabına başa gəlirdi. Lakin bu dəhliz yüklərə və insanlara həm ucuz, həm də qısa zamanda mənzil başında olmağa imkan verəcək”.
Rufik İSMAYILOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR