Azərbaycan tarixinin elə bir dövrünə şahidlik edirik ki, illər sonra da bu qələbə sevincini elə bu cür anacaq, elə bu cür xatırlayacağıq. Bu qələbəni biz elə-belə qazanmadıq. Zərrə-zərrə, qram-qram, güc, birlik, mübarizə, həmrəylik, iradə, inam, qətiyyət göstərərək əldə etdik.
Bu tarixi qələbəyə qədər nələr çəkdik, nələrə şahid olduq bunu bizdən yaxşı kimsə bilməz. İllərin bir yığın çətinlikləri, çıxılmazlıqları vardı ötən illərimizdə. Qonşu dediklərimiz, ölkəmizdə yaşamağa izin verdiklərimiz, süfrəmizi paylaşdıqlarımız, tarixin terrorist kimi tanıtdığı ermənilərin ikili oyunlarını, bəd əməllərini pərdələyərək həyata keçirdiyi o müşküllü illər. Həm də ağırlaşdırılmış şərtlərlə, həyatlar bahasına başa gələn o həsrətli illər. Bu illərdə öz əzəli torpaqlarından məhrum edilən, evlərindən-eşiklərindən didərgin salınan, ömür payları düşmən işgəncəsinə məruz qalaraq əllərindən alınan, övladları gözləri qarşısında diri-diri yandırılan, həyatları məhv edilən soydaşlarımızın haqq səsini beynəlxalq qurumlara, dünya dövlətlərinə çatdırsaq da, heç nəyə nail ola bilmədiklərimiz bizi bu illər ərzində təkcə bir ümidlə ayaqda tutdu – qələbə ümidi, zəfər inamı ilə.
44 gün gedən döyüşlərdə biz düşmənlərdən o illərin intiqamını aldıq. Ədalətin birliklə, mübarizə ilə qazanıldığını göstərdik. Ordumuzun gücünü dünyanın bütün ölkələrinə nümayiş etdirdik. İqtisadi gücümüzün, potensial imkanlarımızın mövcudluğunu gözlər önünə sərgilədik. Beynəlxalq birliklərinin diqqət və nəzərlərini haqqa yönləndirdik. İsmarıc verdik ki, bizi masada gözləməyə məcbur etdiyiniz və nəticəsiz qalan qətnamələriniz, bəyanatlarınız, konvensiyalarınız mübarizə ilə qazanıldı. Torpaqlarımızı işğalçılardan azad edən, igidliklə fərqlənən oğullarımız tarix meydanında ad qazandılar, illər sonra işğalçıların zəbt etdiyi torpaqlarımızı sinələrini sipər edərək geri aldılar. Ölümü heçə sayıb mərd köçdülər, bayrağımızı kökslərində daşıyıb azad olunmuş torpaqlarımızda ən uca zirvələrə sancdılar. İşğaldan azad olunaraq ard-arda qazanılan Vətən torpağımızın üstündə şəhid qanları var, mərd oğulların şücaəti yaşayır. Vətən və millət yolunda canından keçməyə razı olan oğullarımızın fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Çünki qərinələr, əsrlər keçməyinə baxmayaraq, xalq tərəfindən unudulmayan insanlardır şəhidlər. Tarixboyu millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət etmək və şəhid olmaq arzusu olub. Biz bunu uzun illər arzu etmişik. Torpaq uğrunda şəhid olaq, amma zəfər qazanaq. Ona görə ki, şəhidlik yüksək müqəddəs amaldır, ali məqamdır. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazmaqdır şəhidliyin alilik məqamı. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Özü də bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
II Qarabağ savaşında, xüsusilə seçilən oğullar sırasında Naxçıvan igidləri də qəhrəmanlıqları ilə tarixi yaddaşlarımıza daimi həkk oldu. Qələbə zəfəri ilə adı tarixə qızıl hərflərlə yazılan Vətən oğullarımız – şəhid olan hərbi qulluqçularımız Qurbanov Xansu Elsevər oğlu Naxçıvan şəhərində, İsmayılov Əmrah Xudaverdi oğlu, İbrahimov Ruzi Əliağa oğlu Şərur şəhər Şəhidlər xiyabanında, Tağıyev Azər Kamil oğlu Kəngərli rayonunun Şahtaxtı kəndində, Məmmədov Kəmaləddin İsrail oğlu, Əsgərov Təbriz Çapay oğlu, Mirzəyev Aslan Məqsud oğlu həmin rayonun Xok, İbrahimov Qurban Namiq oğlu Qabıllı, Yüzbaşyev İsmayıl Fəzayıl oğlu Böyükdüz kəndlərində, Novruzlu Ümid Bahadur oğlu Babək rayonunun Babək şəhərində, İbrahimov Ayaz Sultan oğlu həmin rayonun Məmmədrza Dizə kəndində, Dünyamalıyev Ceyhun Zeynal oğlu Culfa rayonunun Culfa şəhərində, Babayev Şamil Baloğlan oğlu həmin rayonun Camaldın kəndində, Məmmədəliyev Saday Rza oğlu Ordubad rayonunda – Darkənddə son mənzilə yola salındılar. İzdihamlı mərasimdə çıxış edənlər bugünkü tarixi qələbəməzi məhz döyüş meydanında min bir şücaət göstərərək Vətən torpaqları uğrunda canlarından keçən şəhidlərimizin ruhuna borclu olduğumuzu bildirdilər. Qeyd olundu ki, zəfər tarixini öz qanları ilə yazan bu igid gənclərimizin döyüş yolu hər bir Azərbaycan gənci üçün əsl vətənpərvərlik, rəşadət nümunəsidir. Belə igidləri olan xalq heç bir zaman məğlub olmaz. Şəhidlərimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidlərin doğmalarına əmanət edilib.
Bu ilin 10 noyabrı ən yeni zəfər tarixi kimi gələcək nəsillərə çatdırılacaq, ölkələrə nümunə kimi birliyimizin vahidliyindən danışacaq. Yüksək mənəviyyatla, heyranlıqla xatırlanacaq tariximizin qələbə sevdasını nəsillərimiz fəxarətlə anacaq. Yada salacaq ən yeni tarixin gedişatını qanımızla, canımızla necə dəyişdiyimizi. Söz açacaq torpaqlarımızın qanla yazılan qələbə zəfərlərinin parlaq səhifələrindən, qələbə müjdəçisi şəhidlərindən...
Türkan HÜSEYNLİ