24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan tarixi günlərini yaşayır. Son iki gündə Azərbaycan və dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri də ölkəmizin Ermənistan üzərində qələbəsi və bu qələbənin hüquqi əsasını müəyyən edən, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanatdır.
Bəyanatın ən önəmli hissələrindən biri də 9-cu bənddir ki, bu bənddə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə kommunikasiyalarının bərpası nəzərdə tutulur. Artıq hər birimizə aydındır ki, məlum bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək həmin bəyanatın mətni ilə hər kəsi tanış etdi, mətnin Naxçıvanla bağlı hissəsini xüsusi vurğuladı. Həmin hissəni yenidən xatırlayaq: “...Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu, əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi. Ona görə bu bəndi, xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim…”

Qeyd edək ki, Naxçıvanla bağlı belə bir mühüm qərarın II Qarabağ müharibəsinin yekunlarına dair tarixi sənəddə əks olunması çox böyük əhəmiyyət daşıyır. Son bir neçə gün ərzində, xüsusilə Azərbaycan və Türkiyədə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədəki görüşlərdə, eyni zamanda kütləvi informasiya vasitələrində gedən müzakirələrdə bu məsələnin strateji əhəmiyyəti vurğulanır, gələcək iqtisadi, siyasi üstünlüklərindən, Türk dünyasına verəcəyi töhfələrdən bəhs olunur. Erməniləri isə bu günlərdə təkcə işğaldan azad olunan ərazilər deyil, həm də Naxçıvanla bağlı qəbul edilən qərarlar məğlubiyyət acısı yaşadıb. Əlbəttə, bu haqda hələ onlar çox danışacaqlar, elə erməni politoloq Andranik Miqranyan kimi. “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində o deyir: “Hər yer qaytarılır. Rusiya sülhməramlıları Ermənistanla Qarabağı birləşdirən beş kilometrlik zolağa müvəqqəti olaraq nəzarət edəcəklər. Sonradan Şuşa kənarından yeni yol çəkiləcək, ancaq bu yol da de-yure Azərbaycanın tərkibində olacaq. Erməni tərəfinin nəzarətində heç nə qalmır – 5 kilometrlik zolaq, o da hüquqi cəhətdən Azərbaycanın ərazisidir. İmzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir. Naxçıvana Ermənistandan keçən quru yolunun razılaşmaya daxil edilməsi isə, ümumiyyətlə, fəlakətdir”.
Hamımıza məlumdur ki, ötən əsrin 90-cı illərində ermənilər tərəfindən Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəmiryol və enerji xətləri iflic vəziyyətinə salındıqdan sonra muxtar respublika blokada vəziyyətinə salınmışdı. 28 ilə yaxın bir dövrdə aparılan bütün danışıqlarda Naxçıvanla əlaqələrin bərpası hər zaman ermənilər üçün bir təsir vasitəsi idi. Onlar Naxçıvanla əlaqələrin münaqişə zonasından kənarda yerləşdiyini əsas gətirərək bu məsələnin danışıqlar predmeti olmayacağını hər addımda dilə gətirirdilər, hətta xarici havadarlarını da buna inandıra bilirdilər. Bunu tarixi Ki-Uest danışıqlarının təcrübəsindən də bilirik. Halbuki Naxçıvanın blokadası məlum münaqişənin nəticəsi idi. Buna görə də Naxçıvanla Azərbaycanın əsas əraziləri arasında kommunikasiyaların bərpası o zaman mümkün görünürdü ki, Azərbaycan Ermənistan üzərində Böyük Qələbə çalsın və bu gücündən istifadə edərək Naxçıvan məsələsini qarşı tərəfə anlaşma şəklində deyil, diktə şəklində çatdırsın. Sadə dildə desək, Ermənistanı buna məcbur etsin. Və tarix də sübut etdi ki, bu gözləntilər əbəs deyil. Cənab İlham Əliyev iki gün bundan əvvəl Qalib Lider kimi bu vəzifənin öhdəsindən şərəflə gəldi. Özünün də yuxarıda gətirdiyimiz sitatda qeyd etdiyi kimi dövlətimizin başçısı bu bəndin bəyanata salınmasına təkidlə tələb edərək nail olmuşdur.
Həmin bəndin preampula hissəsinə nəzər salaq:
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Bəli, qarşıda görüləcək işlər çoxdur. Yeni kommunikasiyaların bərpası Naxçıvanı təkcə Azərbaycanın digər bölgələri ilə deyil, həm də qardaş Türkiyə Respublikasını Türk dünyası ilə birləşdirir. Yeri gəlmişkən bu yaxınlarda Türkiyə Respublikasının keçmiş baş naziri Binəli Yıldırımın Bakıda və Naxçıvanda olması və səfər əsnasında muxtar respublika ilə Türkiyə arasında dəmiryol xəttinin inşası ilə bağlı görüləcək işlərə bir daha toxunması Naxçıvanın əhəmiyyətini daha da artıracaq. Bir sözlə, Türk dünyası üçün Böyük Qapı sayılan Naxçıvanın yaxın gələcəkdə Naxçıvan-Qars, Naxçıvan-Məşhəd və Naxçıvan-Bakı dəmiryol bağlantıları ilə lojistik mərkəzə çevrilməsi şübhəsizdir.

- Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR