Sentyabr ayının 27-dən başlayaraq yaşadığımız dövr həm də ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradan, qələbə əzmini artıran və həm də tariximizin təhrif olunmuş səhifələrinin üstündən xətt çəkərək olduğu kimi ortaya qoyan xalqa etdiyi müraciətləri, çoxsaylı dövlətlərdən gəlmiş jurnalist və siyasətçilərlə görüşləri, verdiyi müsahibələrlə xarakterizə edildi. Həmin müsahibələrin bir çoxu verilən sualların dünən baş verənlərdən, bu günün reallıqlarından xeyli uzaq olması ilə yadda qaldı. Daha dəqiq desək, tariximizə yenə də saxtalaşdırılmış don geyindirilərək yenidən özümüzə sırımaq cəhdləri diqqətdən yayınmadı. Ancaq həmin sualları verənlər unudurdular ki, yalan ayaq tutar, yeriməz. Yəni artıq arxivlər açılıb, bütün həqiqətlər üzə çıxıb. Ali Baş Komandana qərəzli, tarixi həqiqətləri bilərəkdən və ya bilməzlikdən verilən bəzi sualların arxasında nə dayandığını biz də, onların özləri də yaxşı bilirlər. Məsələ həmin suallara verilən cavabların sanbalındadır. Bu isə onunla bağlıdır ki, cənab Prezident öz xalqının bütün resurslarını dəqiq və yüksək səviyyədə bildiyi kimi, tarixini də gözəl bilir. Müsahibələrdə onu da müşahidə etdik ki, ölkə başçısı dünyada baş verən hadisələri, bu hadisələrin təməlində nələrin dayandığını dünənin və bu günün prizmasından çox gözəl təhliletmə qabiliyyəti ilə qarşısındakını mat vəziyyətinə saldı.
Xüsusilə Prezidentin Fransanın “Figaro” qəzetinə, ABŞ-ın “Fox News”, Almaniyanın “ARD”, “BBC News” televiziya kanallarına verdiyi müsahibələrindəki qərəzli suallar hər birimizi dərindən hiddətləndirsə də, ölkə rəhbərinin məntiqli, real həqiqətlərə söykənən cavabları bir o qədər sevindirdi. Elə “Figaro” qəzeti müxbirinin ilk sualını xatırlayırsınızmı? Sualın mahiyyəti belə idi ki, biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmişik. İstər-istəməz düşünürsən: Ya müxbir özünü gicliyə qoyub, ya da müharibənin kim tərəfindən başlandığını guya bilmir. Şübhə yoxdur ki, bilir...
Elə digər suallarda da heç bir reallığa söykənməyən iddialar, guya regiondakı hadisələrdən xəbərsizlik və özünü gülünc vəziyyətə salan ittihamlar jurnalistin çox aşağı səviyyəli olması barədə yüksək qənaət yaratdı. Məsələn, Türkiyənin azadlıq mücadiləmizə müdaxiləsi, ölkəmizə Suriyadan döyüşçülər gətirilməsi, müxtəlif silahların yardım olunması və saymaqla qurtarmayan sərsəmləmələrə Prezidentin reallığa söykənən qəti cavabları bu gün Azərbaycanın rəhbər postunda kimin oturduğunu göstərdi.
ABŞ-ın “Fox News” televiziya kanalının təmsilçisi Prezidentə ünvanlandığı suallarda fransalı həmkarını “bir az da qabaqladı”. Ancaq onu da etiraf etdi: “Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz”.
Cavabdan sonra o da öz fransalı həmkarının sualını təkrarladı və çox utanmazcasına bildirdi ki, Azərbaycan bu müharibəni başlamaq üçün imkan axtarırmış... Jurnalistin aldığı cavaba diqqət edək: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə, biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik”.
Jurnalistin digər sualları da iftiralarla dolu idi. Düşünürsən ki, informasiya texnologiyalarının yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə dünyada, konkret olaraq, Qarabağda baş verən hadisələri izləməyən çox az insan ola bilər. Ancaq bir jurnalist kimi, üstəgəl, dünyanın supergüc dövlətinin məşhur telekanalının təmsilçisi bu hadisələrin necə başladığını, bu gün necə davam etdiyini, o qərəzli suallara nə cavab alacağını bilmirdimi? Bilmirdisə, aldı cavabını!
Rəzalət o yerə çatdı ki, jurnalist beynəlxalq təşkilatların, bir sıra böyük dövlətlərin atəşkəs çağırışlarının Azərbaycan tərəfindən pozulduğunu iddia etməyə başladı. Onun dedikləri Azərbaycandakı hadisələrdən xəbəri olmayan izləyicilərdə belə bir səhv qənaət yaratdı ki, ordumuz hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alıb, minlərlə adam ölüb və ya yaralanıb. Bəlkə, o, ünvanları səhv salırdı? Gəncə, Bərdə, Tərtərdə baş verənləri o bilmirdimi? Jurnalist yaxşı ki, bir məsələni də etiraf etdi ki, Amerikada Ermənistan yüksək səviyyədə dəstəklənir. Bu da o deməkdir ki, verilən qərəzli sualların təməlində məhz bu amil dayanırdı.
Bir qədər sonra Azərbaycana gələn Almaniyanın “ARD” televiziya kanalının təmsilçisinin verdiyi suallara diqqətlə baxmağa ehtiyac yoxdur. İlk sözündən başlayaraq ittihamlarla dolu olan suallar ilə Fransa və Amerika təmsilçilərinə şükür qazandırdı. Ancaq burada yadıma gözəl atalar sözlərimiz düşür: “İlanın ağına da lənət, qarasına da” və ya “Utanmasan, oynamağa nə var ki?”
Gələk mətləbə. Almaniyalı təmsilçinin də ilk sualı eyniməzmunlu olduğundan düşünürəm ki, onlar bu sualları birlikdə hazırlayıblar, ya da jurnalistlərin “müəllimləri” eyni olub.
Lap ağını çıxaran “ARD” təmsilçisinin BMT-nin kasetli silahlar haqqında konvensiyanın bizim tərəfdən imzalanmaması və buna görə də ondan niyə istifadə etməməyimiz sualına həmişə sülh mövqeyində dayanmış ölkə başçısının cavabı, fikrimizcə, sözdə demokratiyadan, insan hüquqlarından danışan, əməldə ilana ağı verən bütün dövlət başçılarına bir mesaj oldu: “Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.
Qarabağın Azərbaycan üçün hansı baxımdan önəmli olduğu sualına Prezidentin cavabı onun ərazilərin işğalı ilə bağlı dünyada baş verənləri dərindən bilən siyasətçi cavabı oldu: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Bəli, bütün dünya şahiddir ki, Azərbaycan dövləti Dağlıq Qarabağda özünün ədalət və qürur, həmçinin beynəlxalq hüquq məsələsi olan bir problemin həllini, məntiq etibarilə ədaləti bərpa etdi. Ancaq yuxarıda da dediyimiz kimi, bu məsələ ilə bilavasitə məşğul olmağa borclu olanlar öz vəzifə borclarını yerinə yetirmək əvəzinə beynəlxalq hüquq normaları ilə daban-dabana zidd olan hərəkətlərdən utanmırlar. Azərbaycana gələn həmin mətbuat nümayəndələrinin sualları və qənaətləri də belə hərəkətlərin bir ifadəsi deyilmi?
“BBC News”in təmsilçisi ilə cənab Prezidentin müsahibəsi zamanı müxbirin ölkəmizdə guya qeyri-hökumət təşkilatlarının təqiblərə məruz qalmalarını, burada istifadə olunan dronların türk pilotlar tərəfindən idarə edilməsini və digər əsassız suallarını feyk xəbərlər adlandıran cənab Prezidentin sərt və ironiya ilə verdiyi cavabları, yəqin ki, xatırlayırsınız.
Bəli, hörmətli oxucu, yüz faiz əminəm ki, bu xalqın bir nümayəndəsi kimi sən də o müsahibəni dəfələrlə izləmisən və artıq cənab Prezidentin aforizmə çevrilmiş çoxsaylı deyimlərini də əzbər bilirsən. Bəhs etdiyimiz müsahibədə də hər sətri, hər cümləsi şantajla dolu olan, təhrif edilmiş tariximizdən verilən suallar həm də jurnalistin siyasi mədəniyyətsizliyini ortaya qoydu. Cənab Prezidentin cavabları isə Qarabağ müharibəsində igid əsgərlərimizin işlətdiyi silahların gücündən də artıq idi, həqiqət idi, reallıq idi. Bütün dünyanın həmin müsahibəni izlədiyi şəksizdir. Bununla məşhur telekanalın Azərbaycana qarşı sərgilədiyi mövqe dünya ictimaiyyətinə bir daha bəlli oldu və müxbir qərəzli sualları ilə özünü gülünc vəziyyətə saldı. Burada Prezidentin bir tövsiyəsini xatırlamamaq olmaz: “Buraya gəlməmişdən və bizə mühazirə oxumamışdan əvvəl güzgüyə baxın”.
Yəqin ki, siz də razılaşarsınız ki, Prezidentin belə jurnalistlərə və təmsil etdikləri media orqanlarına, onların rəhbərlərinə, mənsub olduqları dövlətlərə ən gözəl cavabı noyabr ayının 10-da xalqa müraciəti oldu. Və biz cəbhədən qalib çıxdığımız kimi informasiya müharibəsində də böyük qələbə qazandıq.
Müsahibələr bir sıra suallar yaradır. Adıçəkilən ölkələr dünyanın güc dövlətləridir, yəni onların kibrit çöpünə də ehtiyacları yoxdur. Onda Ermənistana nə üçün belə ürəkləri yanır? 30 ildir ki, bu “məzlum” xalqın Azərbaycana qarşı etdiklərinə niyə göz yumurlar, daha doğrusu, onu haqsız yerə müdafiə edirlər? Dəvənin qurbağaya gözümü düşüb?
P.S. Böyük sərkərdə Əmir Teymurun sözlərini xatırlamaq yerinə düşər: Gələcək nəsillər erməniləri son nəfərinədək qırmadığım üçün ya məni lənətləyəcək, ya da sağ ol, deyəcəklər...
- Muxtar MƏMMƏDOV