Qələbəmiz mübarəkdir, Azərbaycan. Zəfər bayramımız qutlu olsun, əziz xalqım! Bu gün Vətənimiz ən yeni tarixini - zəfərlərlə bəzənmiş ŞANLI tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərinin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırdı və onları diz çökdürdü. Şanlı qələbəmizin təməlində isə ordumuzun başında dərin zəkaya, yüksək diplomatik bacarığa, intellektə malik öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyi dayandı. Dövlət başçımız az qala hər gün fərqli media nümayəndələrinin suallarına cavablar verdi, təmkinlə izah edib bütün həqiqətləri qəbul etdirdi. Çox layiqincə və tutarlı faktlara əsaslanan cavablar isə hər bir Azərbaycan vətəndaşının qürurdan gözlərini yaşartdı. Ali Baş Komandanımız beynəlxalq ictimaiyyətin bilərəkdən qərəzli verilən suallarını o qədər ustalıqla və dəqiq hədəfinə vurmaqla cavablandırdı ki, ekran qarşısında olan hər bir Azərbaycan tamaşaçısı ancaq qürur və fəxrlə onu izlədi və dəstəklədi. Beynəlxalq ictimaiyyət nəhayət ki, Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini qəbul və müdafiə etdi. Bütün dünya bizim haqq səsimizi eşitdi, qulağını açıb dinləmək istəməyənlərə belə ədalətli mövqeyimizi ifadə edə bildik.
Prezidentimizin nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibənin yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. İnanırıq ki, 2020-ci ilin payızında yaşananlar qələbəmizi sevinc hissi ilə qələmə almaq istəyənlərə nüfuzlu və mötəbər mənbə rolunu oynayacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq.
Dünya ictimaiyyəti məhz Ali Baş Komandanın məqsədyönlü və uzaqgörən siyasəti sayəsində Qarabağımız uğrunda gedən döyüşlərin yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldığının şahidi oldu! Bizim ədalətli mübarizəmiz haqq mübarizəsi idi, ən güclü silahımız isə Vətən sevgisi və öz doğma torpaqlarımızın tam və qeyd-şərtsiz azad edilməsi istəyimiz idi və biz buna nail olduq. Bizim haqq işimiz və ədalətli mübarizəmiz qarşısında Ermənistan hərbi yolla heç nəyə nail olmayacağını qəti şəkildə bilməli idi, Nəhayət ki, gec də olsa anlamış oldu. Çünki qazanılan qələbənin təməlində vətənə sonsuz sevgi, qələbəyə yüksək inam və ruh yüksəkliyi dururdu.
Qələbəyə inam hissi, dövlətimizə, ordumuza sonsuz güvən ixtisasından və peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını qələmini alıb ruh yüksəkliyi ilə dolu sətirlər yazmağa vadar etdi. Ölkə mediasında böyükdən–kiçiyə hər kəs orduya dəstək nümayiş etdirdi. Hətta bağçaya gedən uşaq, məktəbdə oxuyan şagird belə yazdığı kiçik yazıda qələbə əzmini, düşmənə nifrət ruhunu ifadə etdi. Bugün qələbə sevincini yaşayan KİV əməkdaşları sevinc və qürur hissi ilə Azərbaycan dinləyicisi və tamaşaçısının qarşısına çıxdılar. Zəfər xəbərlərini təqdim edən teleaparıcının sevincdən gözləri yaşara-yaşara xəbəri təqdim etməsi bizim jurnalistlərimizin “Xəbər aparıcısı soyuqqanlı olmalıdır” peşə prinsipini kənara qoyaraq əsl Azərbaycan vətəndaşı olmağının göstəricisi oldu. Ali Baş Komandana ünvanlanan məktublar Azərbaycan xalqının qələbəyə inam arzusunun ən bariz nümunəsinə çevrildi.
Cənab Prezident İlham Əliyev çox gözəl və yerində deyib: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişlər”. Bəli, demək düşmənlər ordumuzun gücü ilə bərabər onun döyüş əzmini, rəşadətini, sınmaz qürurunu ölçə bilmədilər.
Əziz xalqım, başın nə qədər bəlalar çəksə də, sınmadın, əyilmədin! O vüqarla dalğalanan bayrağımız artıq işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında ucaldıldı.
Dalğalan sən, qeyrət tacım, dərdlərimi tez unutdur,
Dalğalan sən, hər titrəyiş varlığıma bir sübutdur.
Artıq biz yanındayıq, artıq biz səninləyik, Qarabağımız! Mənfur düşməndən azad olmusan. Vətənimizin ayrılmaz parçası, xarı bülbülün vətəni Qarabağ, artıq həsrətimiz sona çatdı. Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq bu günlərin sevincini yaşadığım üçün qürur hissi keçirirəm. İnanıram ki, gələcək nəsillər bunu həmişə böyük fəxrlə yad edəcək, bu fədakar insanların nəvə-nəticələri olmaları ilə öyünəcəklər!
Haqq işini müdafiə edən, ədalətli mövqeyini dünyaya nümayiş etdirən Azərbaycanımız ümummilli lider Heydər Əliyevin dediyi kimi, dünyaya Günəş kimi yenidən doğacaq. Ruhunuz şad olsun, Ulu Öndər! Uzaqgörənliklə dediyiniz bu sözlər öz təsdiqini tapdı. Azərbaycanımızı əmanət etdiyiniz cənab Prezidentimiz sizin etimadınızı doğrultdu. Bugün Odlar yurdu öz işığı, nuru ilə hər bir soydaşımızın qəlbinə sevinc, xoşbəxtlik bəxş etdi, düşmənlərimizi isə yandırıb-yaxdı. Biz buna bütün varlığımızla inanırdıq! Əmin idik ki, bu tarixi günə şahidlik edəcəyik! Çünki, bizim ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilən, canını vətən yolunda sipər edən, ölümün gözünə dik baxan igid, dəyanətli oğullarımız var. Ali Baş Komandanın qətiyyətli mövqeyi və əsgərlərimizin vətənə sonsuz sevgi və qeyrətiylə birgə Qarabağ Azərbaycandır!!!
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri