Bir aydan çoxdur, davam edən II Qarabağ müharibəsində Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Noyabrın 10-u tariximizə qızıl hərflərlə yazıldı. Bu gün hər bir azərbaycanlı fəxr, qürur hissi keçirir ki, 30 ildir, ürəyimizdə, arzularımızda, xəyallarımızda yaşatdığımız Qarabağımıza qovuşduq. Dövlət başçımız cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə çıxdığımız şanlı qələbə yolunda Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyi, əzmi, Ordumuzun qəhrəmanlığı, şücaətilə yeni tarix yazıldı. Bu, Qələbə tarixidir, şan və şərəf tarixidir. Bu bizim uzun illərdir, həsrətində olduğumuz əzəli və əbədi torpağımız olan Qarabağın yenidən doğulması, fəxr, qürur tarixidir. Bu əvəzedilməz gün münasibətilə naxçıvanlı ziyalıların fikirlərini də öyrəndik, onların sevinclərinə şərik olduq.
İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – 30 ilə yaxın bir müddətdə dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi Dağlıq Qarabağ problemi qısa müddət ərzində Azərbaycan dövləti, Azərbaycan Ordusu, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən öz həllini tapdı. Artıq ermənilər başa düşdü ki, Azərbaycan qarşıya qoyduğu vəzifəni sona qədər yerinə yetirəcək. Sentyabrın 27-dən başlanan uğurlu əməliyyatlar ermənilərin mərhələ-mərhələ şəhər, kənd və qəsəbələrimizdən uzaqlaşması ilə nəticələndi. Qarabağın tacı Şuşanın əldə edilməsi isə artıq birmənalı şəkildə həm beynəlxalq təşkilatlara, həm də ermənilərə ciddi mesaj oldu.
Şuşanın alınması ilə Qarabağın tarixi taleyi də tamamilə həll olundu. 1990-cı illərin əvvəllərində yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədrləri ötən müddət ərzində bu məsələyə biganə yanaşdılar. Daha doğrusu, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğanın dili ilə desək, onlar çox çalışdılar məsələnin həll olunmaması üçün. Lakin nə Azərbaycan dövləti, nə də ki xalqımız bu işğalla heç vaxt razılaşmadı. Tarixdən məlumdur ki, Azərbaycan ərazilərində yaradılan Ermənistan dövləti daim Naxçıvanı, Zəngəzuru və Qarabağı öz ərazisinə birləşdirmək üçün addımlar atırdı. XX əsrin əvvəllərində sovet rəhbərlərinin ikili siyasəti nəticəsində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün səylər göstərildi, lakin buna nail ola bilmədilər. Həmin ərazidə azsaylı ermənilərə mədəni muxtariyyət statusu verildi. Çox qəribədir. Həmin dövrün tarixi mənzərəsini təhlil edərkən qarşıya belə bir sual çıxır. Həmin illərdə Ermənistan deyilən ərazidə azərbaycanlıların sayı yarım milyona çatırdı, eyni ilə Gürcüstanda da 300 mindən çox azərbaycanlı yaşayırdı. Nə yaxşı bu ərazidə yaşayan azərbaycanlılara deyil, Qarabağ ərazisində yaşayan azsaylı ermənilərə muxtariyyət statusu verildi? Bu, açıq şəkildə onu göstərirdi ki, SSR rəhbərlərində ikili siyasət mövcuddur, onlar ermənilərə hər cür dəstək verirlər. O vaxt ulu öndər Heydər Əliyevin Siyasi Büroda fəaliyyəti Qarabağ probleminin ermənilərin xeyrinə həll olmasına ciddi maneə olurdu. Ona görə də 1987-ci ilin sonuna yaxın ümummilli lideri həmin vəzifələrdən kənarlaşdırdılar. İki həftə keçməmiş Dağlıq Qarabağ problemi ortaya atıldı. Azərbaycanlılar ermənilərə qarşı ciddi müqavimət göstərsələr belə, ərazini qoruyub saxlaya bilmədilər. Beləliklə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu, 17 min kvadratkilometr ərazini işğal etdilər. Qeyd etdiyim kimi, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmadı. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə1993-2003-cü illərdə problemin həlli istiqamətində bir sıra tədbirlər işlənib həyata keçirildi. Lakin ATƏT-in Minsk qrupunun bu məsələni masa üstündə saxlaması ermənilərin xeyrinə idi. Ölkə başçısı cənab İlham Əliyev hakimiyyətə gələn gündən fəaliyyətini Dağlıq Qarabağ probleminin həllinə yönəltdi. Bu illər ərzində Azərbaycanın güclü müdafiə sisteminin qurulması, Müdafiə Sənayesi Nazirliyinin yaradılması, Azərbaycan Ordusunun müasir səviyyədə formalaşdırılması, xalqımızın birliyi, ordumuzun qəhrəmancasına, vətənpərvər fəaliyyəti bu məsələnin Azərbaycanın xeyrinə həll edilməsinə gətirib çıxardı. 2016-cı ilin Aprel döyüşlərindən əsası qoyulan bu zəfər yürüşü sentyabrdan başlanan Vətən müharibəsində şanlı Ordumuzun qəhrəmanlığı, dövlət başçısının güclü siyasi, diplomatik bacarığı, əzmi, cəsarəti nəticəsində öz həllini tapdı. Müharibənin ilk günlərindən qardaş Türkiyənin birmənalı mövqeyi, kənar qüvvələrin müharibəyə müdaxiləsinə imkan vermədi. Halbuki Ermənistan dəfələrlə müharibəyə üçüncü dövləti cəlb etməyə çalışırdı, bir sıra xarici dövlət başçılarına müraciət edirdi. Qəhrəman Azərbaycan Ordusu, ona uğurla rəhbərlik edən Ali Baş Komandanımız cənab İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyətli mövqeyi sayəsində müharibənin taleyi həll olundu. Qısa müddət ərzində Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının çıxarılması üçün konkret vaxt müəyyən edildi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə gələcəkdə Naxçıvan Muxtar Respublikasında da taleyüklü bir məsələnin həllinə nail olunacaq. Vaxtilə Zəngəzurun işğal edilməsi ilə əlaqədar Naxçıvana gələn yollara ermənilər mane olurdu. Gələcəkdə bu ərazilərdə yaradılan yeni müasir şərait Naxçıvanın da, bütövlükdə, Azərbaycanla quru əlaqəsinin bərpasına şərait yaradacaq, Naxçıvan blokada şəraitindən azad olacaq. Mən qazanılan tarixi Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Müstəqil Azərbaycana Qələbə yaraşır.
Elbrus İsayev – Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent: – Azərbaycan tarixin ən şərəfli bir gününü yaşayır, uzun illərdən bəri, 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbindəki arzusu reallığa çevrilib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan artıq diplomatik, hərbi, iqtisadi, bütövlükdə, dövlət quruculuğu sahəsində özünü bütün dünyaya təsdiq edib. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidi olduq. Bu, hər bir Azərbaycan vətəndaşı kimi, biz ziyalıların da böyük iftixar və sevincinə səbəb oldu. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki yarımçıq qalmışdı. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezidentin ölkəyə uğurlu rəhbərliyinin, uzun illərdən bəri hərbi sahədəki yenidən ön qurmanın, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu. Burada müzəffər Ordumuzun mərdliyi, igidliyi böyük rol oynadı. Buna görə də qəhrəman əsgərlərimizin, böyük şücaətlər, qəhrəmanlıqlar göstərib, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlara özümüzü daim borclu bilirik. Azərbaycan tarixində belə bir şərəfli tarix, belə bir şanlı səhifə açdıqları üçün onların da ruhu bu gün şaddır. Borcumuzdur ki, gələcək nəsillərə ölməz, qəhrəman şəhidlərimizin keçdikləri həyat yolunu, Azərbaycan xalqı qarşısındakı xidmətlərini çatdıraq, onları böyük vətənpərvərlik nümunəsi kimi təbliğ edək, əsərlərimizdə, kitablarımızda, dərsliklərimizdə, tədbirlərimizdə onları yaşadaq. Beynəlxalq hüquqda qazandığımız nailiyyətlər, Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar və dolayısı ilə bu iqtisadi uğurların hərbi sahədə təcəssümü, müdafiə sahəsində aparılan təkmilləşmələr, yeni infrastruktur layihələri, yeni sənaye sahələrinin inkişaf etdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil edir. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Bir daha bu tarixi Qələbə münasibətilə müzəffər Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına minnətdarlığımızı bildiririk.
Ülviyyə Həmzəyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı: –Bu günlərdə şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan möhtəşəm tarixi hadisənin şahidi olduq. Əzəli Azərbaycan torpaqları olan Qarabağımıza qovuşduq. Azərbaycan 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışırdı. Bu 30 ilə yaxın müddətdə BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesini pozmaq cəhdlərinə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib. Ancaq işğalçı ölkəyə təzyiq göstərilməyib, düşmən tərəfin danışıqlar prosesinə qayıtması üçün heç bir addım atılmayıb. Nəticədə, ermənilər daha azğınlaşmış və son zamanlar, ümumiyyətlə, danışıqlardan imtina etmək kimi mənfur niyyətlərini ortaya qoymuşdular. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaratmışdı. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarımızdan qovulmuş, dinc sakinlər vəhşicəsinə qətlə yetirilmişdi, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilmişdi. Azərbaycanda son 30 ildə çox böyük ordu quruculuğu siyasəti həyata keçirildi. Ermənistan rəhbərliyi dərk etdi ki, Azərbaycan Ordusunun gücü qarşısında acizdir, onun qarşısında duruş gətirə bilməz. Azərbaycanın müharibə meydanında yeni texnologiyalar, yeni üsullar və metodlar tətbiq edərək öz gücünü bütün dünyaya nümayiş etməsi də bunun ifadəsidir.
Onu da deyim ki, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik və gücləndik. Bu gün ölkə Prezidentinin apardığı siyasət dəmir yumruq kimi düşmənlərimizi əzdi və düşməni torpaqlarımızdan qovdu – 10 noyabr tariximizə Qələbə günü kimi yazıldı. Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla, Ordumuz Ermənistanı sülhə məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin hüquqi müstəvidə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. İmzalanmış üçtərəfli bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini beynəlxalq səviyyədə rəsmiləşdirdi. Yaşasın güclü Azərbaycan!
Cəbi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru: – Bu gün Azərbaycan xalqı milli qürur və qələbə tarixini yaşayır. Çünki müzəffər Ali Baş Komandanımız, şanlı Ordumuz, qürurlu, mərd xalqımız işğalçı Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi və uzun illər işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın statusu məsələsinə də son qoyuldu və artıq yurd həsrəti çəkən bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Naxçıvanla Azərbaycanın arasında bütün kommunikasiya xətləri bərpa ediləcək. Bu münaqişədə haqq da, ədalət də Azərbaycanın yanında idi. Ona görə də bu savaşda son və həlledici qələbə tez bir zamanda bizim oldu. Əlbəttə, birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun bu cür yüksək səviyyədə olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkün idi. Müdrik xalqımızın ruh yüksəkliyi, mərdliyi, inam və Vətənə məhəbbəti sayəsində bu ciddi mübarizənin öhdəsindən gələ bildik, Qarabağımızı azad etdik və biz artıq Qarabağa qayıdırıq. Bu zəfəri bizə yaşadan Ali Baş Komandanın qətiyyətinə, ordumuzun rəşadətinə eşq olsun!
İnanıram ki, tez bir zamanda Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin uyğun qaydada bərpası da həyata keçiriləcək. Qarabağımız yenidən canlanacaq, ona yeni həyat bəxş ediləcək. Burada onu da xatırladaq ki, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Cocuq Mərcanlı bunun ən real təsdiqidir. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Artıq Tərtər rayonunun azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpasına başlanılıb. Bir sözlə, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə tamam fərqli bir həyat gətirməyə hazırlaşır.
Güntac ŞAHMƏMMƏDLİ