25 Dekabr 2024, Çərşənbə

Noyabrın 9-da zəngin ənənələrə malik olan “Şərq qapısı” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 99 il keçir. 1921-ci il noyabrın 9-da “Cavanlar həyatı” adı ilə Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti ötən dövr ərzində şərəfli yol keçib, milli mətbuatımızın inkişafına öz töhfəsini verib.

 “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov qəzetin keçdiyi böyük yoldan, onun anadilli mətbuatımızın inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, “Şərq qapısı”nın əsl inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1969-cu ildən sonra qəzetin fəaliyyətində yeni mərhələ başlanıb. Həmin dövrdə digər sahələr kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərilib, “Şərq qapısı”nın gündəlik və böyük formatda nəşri təmin edilib. Bu dövrdə qəzetdə xalqımızın milli-mənəvi dəyərlərinə, mədəniyyət və tarixinə həsr olunmuş yazılar işıq üzü görüb.

Muxtar Məmmədov vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qəzet müstəqillik ideyalarının həyata keçirilməsində fəal iştirak edib. Ulu öndərimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra “Şərq qapısı”nın həyatında yeni dövr başlanıb, 1990-1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görüb, bu mövzuda yazılarla çıxış edib. Həmin dövrdən başyaraq qəzet muxtar respublikanın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynayıb.

Ulu Öndər Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini “Şərq qapısı” qəzetinə verdiyini xatırladan Muxtar Məmmədov diqqətə çatdırıb ki, həmin müsahibədə qəzetin fəaliyyətini yüksək qiymətləndirən dahi şəxsiyyət deyib: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. “Şərq qapısı” qəzeti müstəqilliyimizin ilk illərində muxtar respublikamızda yaşayıb fəaliyyət göstərən Ulu Öndərimiz dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub. Görkəmli dövlət xadiminin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən tarixi qərarlar ilk dəfə məhz bu qəzetdə dərc edilib.

“Ulu Öndərimiz 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuat orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan “Şərq qapısı” da bəhrələnib, qəzetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra muxtar respublikanın digər kütləvi informasiya vasitələri kimi, “Şərq qapısı” qəzetinə də dövlət qayğısı artırılıb”, - deyən Muxtar Məmmədov bildirib ki, milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya - nəşriyyat kompleksi istifadəyə verilib, ən müasir mətbəə və texnoloji avadanlıq quraşdırılıb, qəzetin rəngli nəşrinə başlanılıb.

“Şərq qapısı” qəzetinin muxtar respublikanın müasir tarixinin salnaməçisi olduğunu vurğulayan Muxtar Məmmədov qeyd edib ki, bu gün Naxçıvanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı “Şərq qapısı” qəzeti redaksiyasını və kollektivini də əhatə edib. Qəzetin maddi-texniki bazasının gücləndirilməsi, hərtərəfli yaradıcılıq şəraitinin yaradılması, işçilərin əməkhaqlarının artırılması, onların yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün evlə təmin edilmələri fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Muxtar respublikada kütləvi informasiya vasitələri üçün yüksək maddi-texniki təchizatın yaradılması, mətbuatın yüksək peşəkarlıq və poliqrafik keyfiyyətlə nəşrə hazırlanması, üstəlik, diyarımızda tələbkar elektron media izləyicilərinin də sayının artması “Şərq qapısı” qəzeti saytının da təkmilləşdirilərək yenilənməsi aktuallığını ortaya çıxarmışdı. Buna görə də ötən il “Şərq qapısı”nın internet saytı tamamilə yenilənib, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb.

Muxtar Məmmədov deyib: “Azərbaycanda fasiləsiz nəşr edilən mətbuat orqanı olan “Şərq qapısı” qəzeti Naxçıvanda maarif və mədəniyyətin, elmin inkişafına mühüm töhfələr verib, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynayıb, ictimai fikrə öz təsirini göstərib. Bu gün qəzetin əməkdaşları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər”.

Rauf Kəngərli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR