25 Dekabr 2024, Çərşənbə


Əziz Şuşa, sən azadsan!

Xalqımızın ən yeni tarixində əbədi iz qoyacaq bu müjdə Şuşa həsrəti ilə yaşayan bütün azərbaycanlıların həyatında yeni bir mərhələnin də başlanğıcını qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu xoş xəbəri paylaşması ilə bütün Azərbaycan sanki bir anda şuşalı oldu. Şuşanı canlı görmək, Şuşanın havası ilə nəfəs almaq, Şuşadan dünyaya baxmaq kimi ülvi arzular yarandı insanlarda. Bu saatdan başalyaraq, 28 il əvvəl evinin açarını özü ilə götürüb ən son Şuşadan ayrılanlar yaşlılar, əslən şuşalı olub, heç zaman bu torpağı görməyən gənclər, Xarı-bülbül əfsanəsini indiyədək nənə-babasından dinləyən balacalar kimi 10 milyonluq bütün Azərbaycan həyəcanla Şuşa yoluna çıxmaq üçün günləri saymağa başladı. Bu xoş xəbər həm də ötən illər ərzində turizmçi kimi ürəymizin bir guşəsində bu gün üçün qoruyub saxladığımız “Bakı-Xankəndi-Şuşa turizm marşrutu” üzrə ilk səyahət ideyalarını da yaratdı.

Müsiqi beşiyi Qarabağ, Azərbaycanın mədəniyyət mərkəzi Şuşa özünün qonaqpərvərliyi ilə həmişə seçilən məkan olub. Qədim dövr və orta əsrlərdə Azərbaycana səyahət etmiş Türk, Avropa, rus və ərəb səyyahları qədim İpək yolu üzərindəki bu dilbər güşənin ecazkar təbiətindən yazmış, insanların qonaqpərvərliyindən dərin təəssüratlar almışlar. Qarabağın müasir ifadə ilə desək, bir turizm mərkəzi kimi tanınması isə hələ XIX əsrin ikinci yarısından başlayraq Azərbaycanın neft ölkəsi kimi inkişafı ilə buraya xarici kapitalın axınından başlayır. O zamandan başlayraq Cənubi Qafqazın görməli yerləri ilə tanış olmaq istəyən bu əcnəbilər üçün Qarabağın gözəlliyi də cazibə elementi olub. Sonrakı vaxtlarda, Azərbaycanda Sovet hakimiyyəti dövründə Qarabağ respublikamızın ən çox seçilən turizm destinasyialarından biri olub, ittifaq və xarici ölkə mənşəli turistlər üçün sevimli tanışlıq, istirahət, müalicə, ekoturizm və əyləncə məzmunlu turlara ev sahibliyi edib. Çox da uzaq olmayan bu tarixi dövrdə istər Şuşa, istərsə də bütün Qrabağ bölgəsində gəlmə turizm üzrə ciddi inkişaf nəticələri qeydə alınıb. Hələ XX əsrin 30-cu illərində Şuşada kurort məqsədilə istirahət evi, daha sonrakı dövrlərdə panisonat və sanatoriya fəaliyyət göstərib. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi “Cıdır düzü” buraya səyahətə gələnlərin sevimli yeri olub. Eləcə də Xankəndi, Ağdam, Kəlbəcər ərazilərində də turislərin mənalı asudə vaxt keçimələri üçün imkanlar var idi. Bu dövrdə mövcud olan sosial-mədəni infrastruktur da o zamankı turistlərin tələbatına uyğun olaraq yaradılıb və bölgənin turizm-rekreasya potensialı onu beynəlxalq əhəmiyyətli bir səviyyədə tanıdıb. Ötən əsrin 70-80-ci illərində isə bütün Azərbaycanda olduğu kimi onun turizm incisi Qarabağda da turizmin inkişafı ən yüksək səviyyəyə çatıb, xeyli sayda kurort-sanatoriya, mədəniyyət müəssisələri, asudə vaxt mərkəzləri fəaliyyət göstərib, yerləşdirmə müəssisərində çox sayda yataq yerləri mövcud olub. Belə ki, 1987-ci ildə Azərbaycana xarici ölkələrdən gəlmiş 50 min, SSRİ-nin müxtəlif bölgələrindən gəlmiş 250 min turistin və yerli turizm-ekskursiya bürolarının təşkil etdikləri turlara qatılan 2,5 milyon nəfər daxili turistin mühüm bir hissəsi məhz Qarabağda olub. Ancaq Ermənistanın 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində təkcə Qarabağda deyil, eyni zamanda buradan qaçqın salınmış insanların ölkəmizin kurort-sanatoriya müəssisələrində yerləşdirilməsi ilə bütün Azərbaycanda daxili və gəlmə turizmə ciddi zərərlər dəydi.

Tarixə kiçik bir ekskurs əslində 30 ilə yaxın bir müddətdə davam etmiş erməni işğalının ölkəmizin turizm sənayesinə nə qədər ciddi ziyan vurduğunu təsəvvür etməyə kifayət edər. Söhbət təkcə təzminat olaraq itirilmiş gəlirlər, yaxud məhv edilmiş infrastrukturdan getmir. İş o yerə çatmışdı ki, Avropadan Bakıya oradan da Naxçıvana uçmaq istəyən əcnəbi turistlər hava yolunun erməni işğalı altındakı Qarabağ üzərindən keçmədiyinə əmin olmaq istəyirdilər. Yəni, bütün Cənubi-Qafqazın təhlükəsizlik imici də işğalçı ölkə ucbatından zərər görmüşdü. İndi isə qəhrəman Azərbaycan Ordusunun bu bölgəni sözün əsl mənasında təmizləməsi sivil həyatın vazgeçilməz artibutlarından biri olan turizmə də yeni qol-qanad verdi.

30 il əvvəlki kimi bu gün də Xankəndi-Şuşa marşrutu üzrə səyahət edən əcnəbi və yerli turistlər bundan sonra da çıxış nöqtəsi kimi paytaxt Bakı və ölkəmizin ikinci böyük şəhəri Gəncədən yola çıxa bilərlər. Bakıdan gələn turistləri Xankəndi və Şuşayadək təxminən 400 kilometr, Gəncədən isə təxminən 100 kilometrlik bir məsafə gözləyir. Yevlax, Bərdə və Ağdam şəhərlərindən keçməklə bu yolu normal turizm marşrutu kimi yarım gün ərzində keçmək olar. Ancaq qeyd etmək lazımdır ki, Şuşaya çatmaq üçün turistlər cənubdan Horadiz-Füzuli, yaxud Xudafərin-Qubadlı-Laçın, şimaldan isə Göygöl-Kəlbəcər istiqamətlərindən hərəkət edə bilərlər. 2020-ci ilin 27 sentyabrınadək mövcud olmuş təmas xəttinə qədərki Azərbaycanın nəzarətində olan ərazilərdə mövcud olan müasir yol-nəqliyyat infrastrukuru, insanlara göstərilən sosial-mədəni xidmətlər, bütövlükdə, ölkəmizin sosial-iqtisadi inkişafının bir göstəricsi kimi iri şəhərlərdən heç də fərqlənmir. Bunları müxtəlif vaxtlarda həmin yerlərə səfər etmiş jurnalistlərin, yaxud beynəlxalq müşahidəçilərin yol qeydlərində də görmək olar. Ancaq, bu dövrədək erməni işğalında qalmış ərazilərə, eləcə də Şuşaya ilk səyahət edənlər daha fərqli təəssüratlar alacaqlar.

Qarabağ, xüsusən Dağlıq Qarabağ iqlimi əsasən yayı və qışı mülayim olmaqla, təmiz, quru hava, bol yaşıllıq və şirin su ehtiyatlarına malikdir. Orta yüksəklikdəki Şuşa istiqamətində hərəkət edən turistlər üçün bu faktorlar ilin istənilən dövründə səyahət etmə imkanı deməkdir. Əvvələr, yəni sovet dönəmində Şuşa əsasən yay istirahət zonası olub, buradakı pansionat və fərdi evlərdə çox sayda şəhərli turislər yerləşirdi. Ancaq şübhəsiz, 8 noyabr —Şuşanın işğaldan azad olunması tarixi turizm baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Bu tarixi gün ölkəmizdə fəayliyyət göstərən turoperatorlar üçün çox dəyərli və simvolik turzəflər hazırlamağa imkan verəcək. Belə turlara qatılan hər yaş təbəqəsindən və hər cür sosial qrupdan olan insanlar Azərbaycan Ordusunun keçdiyi zəfər yolunu bu dəfə turist kimi keçəcəklər. Bu marşrutun cazibə elementləri kimi insanları heyrətə salacaq təkcə təbiət və relyef gözəllikləri deyildir. Bakı-Şuşa istiqamətində ilk səfərə çıxanlar, xüsusən, xarici media təmsilçiləri üçün belə səfərlər erməni vandalizminin əsl mahiyyətini göstərmək üçün xüsusi bir fürsət olacaq. Qarabağın 30 illik işğal dövrü ərzində hər yerdə dağıdılmış insan məskənlərini, korlanmış ekosistemi, dağıdılmış məzarlıqları və eləcə də daş dövrünü xatırladan primitiv erməni həyat tərzini bütün bəşəriyyətə göstərmək belə tanışlıq turlarının əsas motivi olacaq, foto-video həvəskarları üçün yeni bir gizli dünya açılacaq. Qarabağın azadlığı uğrunda həllediçi döyüşlərin aparıldığı, Azərbaycan Ordusunun yüksək dəqiqliklə düşmənə öldürücü zərbələr endirdiyi nöqtələri görmək isə daha yaddaqlan olacaq. Şübhəsiz, işğal sonrası Azərbaycan xalqı öz birliyi və güclü iqtisadiyyatı ilə bu torpaqlarda normal həyatı çox sürətlə dəyişdirəcək, Qarabağdakı yaşayış əvvəlkindən də gözəl və təmtəraqlı olacaq. Bütün işğal olunmuş ərazilərdə erməni vandalizminin qurbanı olmuş minlərlə tarixi abidəmiz, yurd yerləri bərpa olunacaq, Şuşadan yenidən müqəddəs Azan səsi, Qarabağ şikəstəsi ucalacaq, Xarı-bulbulun üzü güləcək.

Bu gün Xankəndindən, Şuşadan, Kəlbəcərdən, Qubadlıdan yüzlərlə kilometr uzaqda müvəqqəti məskunlaşmış və Qarabağ torpağını beş barmağı kimi tanıyan bu yerlərin əzəli sakinləri üçün doğma vətənlərində bələdçilik etmək isə turoperatorlamız üçün bir az çətin olacaq. Şübhəsiz, dədə-babalarının min illik tarixindən süzülüb gələn yaddaşları bu insanları heç zaman aldatmayacaq və onlar 30 il əvvəlki kimi bütün Qarabağdakı yüksəklikləri, çayları, gölləri adı ilə çağırıb, Şuşanın qədim məhəllələrini, buradakı məscidləri, mədəniyyət müəssisələrini, Azərbaycanın tanınmış incəsənət xadimlərinin adı ilə bağlı tarixi məkanları da öz evləri kimi tanıyacaqlar. Yenidən Qarabağda, Şuşada həyat qaynayacaq, yenidən ocaqlar közərib yurdlar salınacaq, sakinlər qonaqlı-qaralı olacaqlar.  Uca Haqqın ədaləti həmişə güclüdür. Xalqımız da bu ədalətə inandı, səbr etdi və savaşı qazandı! Qələbən mübarək Azərbaycan!

Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bütün Azərbaycan və Türk Dünyasına sevinc bəxş etdi. “Bakı-Xankəndi-Şuşa turizm marşrutu”u üzrə ilk düşüncələr də artıq simvolik deyil, mövcud istəklərin doğurduğu bir reallıqdan yarandı. Çünki Şuşa bizim, Qarabağ Azərbaycandır! 

Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti

Sankt-Peterburq Beynəlxalq Turizm Akademyiasının üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR