AMEA Naxçıvan Bölməsində “Dövlət atributlarından biri: Dövlət Bayrağı” mövzusunda konfrans keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirən Dövlət Bayrağı Gününün yaranma tarixinə nəzər salıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət Bayrağı kimi qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıraraq ulu öndərin Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın, bütövlükdə, Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə onun azadlıq və müstəqilliyinin simvolu olan üçrəngli bayraq 17 noyabr 1990-cı ildə görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
Akademik 1998-ci il martın 13-də ümummilli lider tərəfindən “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”, 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” sənədlərin dövlət atributlarının, eyni zamanda bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıb.
Naxçıvanda da dövlət atributlarına münasibəti yüksək səviyyədə olduğunu vurğulayan İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Azərbaycanın hər yerində dövlət bayrağı dalğalandığını qeyd edən bölmə sədri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Bayrağımız şərəfimiz, vicdanımız, müstəqilliyimizin rəmzidir”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Ən ali milli dəyər: Üçrəngli bayrağımız” mövzusunda məruzə ilə çıxış ediblər.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti
* * *
Naxçıvan Dövlət Universitetində “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev tədbir iştirakçılarını qarşıdan gələn Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Keçirilən tədbirin əhəmiyyətindən danışan rektor bildirib ki, bayraq bizim ən dəyərli dövlət atributlarımızdandır. Vurğulanıb ki, 100 ildən artıq tarixi olan bayrağımız milli mənəviyyatımızda mühüm rol oynayır. Qeyd edilib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi bu gün əldə olunan qələbələrdə mühüm rol oynayır. Universitetin rektoru tədbir iştirakçılarının diqqətinə onu da çatdırıb ki, artıq bir aydan çoxdur, gedən döyüşlərdə əldə etdiyimiz uğurlar nəticəsində işğaldan azad edilən torpaqlarımız da üçrəngli bayrağımız sancılır.
Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Abbasova çıxışında bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixdə bayraq ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Vurğulanıb ki, bayrağımız 1991-ci il 5 fevral tarixdə həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin tarix hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Sonda tələbələr bayraq mövzusunda olan şeirləri bədii qiraət ediblər.
Telli Mustafayeva