25 Dekabr 2024, Çərşənbə

Babək rayonunun Gərməçataq kəndinə gedən yolun sərt döngələri, aşırımları bizi qətiyyən yormur. Əksinə, tələsirik ki, Vətənin başladığı yerə – sərhədə tez çataq, orada xidmət edən hərbçilərimiz və əsgərlərlə həmsöhbət olaq. Onların addımladığı səngərə biz də ayaq basaq. Elimizi, obamızı, canımızı, Vətənimizi əmanət etdiyimiz igidlərin bir gününə şahidlik edək. Kəndə yaxınlaşdıqca yolboyu Tanrının yurdumuza bəxş etdiyi gözəlliklərə tamaşa edirik. Payız fəslinin bolluq və bərəkət dolu bu günlərində həyət-bacaların cəvizini, badamını, heyvasını toplayan insanlar düşmənin bir addımlığında qorxu-hürkü bilmədən ömür-gün sürürlər. Rayonun Yuxarı və Aşağı Buzqov, Gərməçataq kəndlərində seyr etdiyimiz mənzərələr ürəyimizə sevinc gətirməklə bərabər, ordumuza inamımızı da artırır. Düşünürəm ki, o uca zirvələrdə igid oğullarımızın düşmənin qorxulu yuxusuna çevrilməsi sayəsində torpaqlarımız qorunur. Bir vaxtlar bu uca zirvələrdə qanlı döyüşlərdə sinəsini Vətənə sipər edən oğulların yolunu bu gün Əlahiddə Ümumqoşun Ordunun əsgərləri davam etdirir.

Dağlara boyverən oğulların yuxusuz gecələrinin nəticəsidir ki, bu gün qədim yurdumuzun sərhəd kəndlərində sabitlik hökm sürür. 2013-cü ildə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılanda bundan əməlli-başlı qorxuya düşən, hər gün müxtəlif bəyanatlar verən ermənilər bu gün dönüb Naxçıvana tərəf baxmağa belə, cürət etmirlər. Yurdumuzda yaradılan güclü ordu və hakim yüksəkliklərdə keşik çəkən vətənpərvər oğulların sayəsində evimizdə rahat yaşayır, qurub-yaradırıq. Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının yüksək səviyyədə olduğunu bildirərkən dediyi kimi: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır.

Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli liderimiz deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir”.

Elə bu qürur dolu düşüncələrlə dövlət sərhədinin başlandığı yerə – Gərməçataq kəndinə çatırıq. Uca dağların başında zabit və əsgərlərimizlə bərabər, səngərdə addım- addım irəliləyir və buradakı Vətən oğulları ilə həmsöhbət oluruq. Hərbi qulluqçu Sübəhən Əjdərov deyir ki, bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun 2016-cı il aprelin əvvəllərində düşmən təxribatlarının qarşısını almaq üçün həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və artıq bir aydan çoxdur ki, davam edən əks-hücumda qazanılan qələbələr hər birimizdə qürur hissi yaradıb. Ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi sayəsində işğal altındakı torpaqlarımız geri qaytarılır. Hər qarışı şəhid qanı ilə sulanan torpağın bir parçası belə, güzəştə gedilmir. Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi quraraq düşməni nəzarətdə saxlayır və istənilən təxribatlara adekvat cavab verir. Ətrafdakı ərazilərə maneəsiz və tam nəzarət edirik. Bu gün bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə tam hazırıq.
Hərbi qulluqçu Əli Babayev Babək rayon sakinidir. O, 10 ilə yaxındır ki, Vətənin müdafiəçisi kimi şərəfli bir peşənin sahibidir. Deyir ki, hərbçi olmağa lap uşaqlıqdan can atmışam. Şükür Allaha ki, arzuma çatdım bu müqəddəs torpağın keşikçisi olmaq istəyimə qovuşdum. Harada olmağımızın fərqi yoxdur, xidmətimizi layiqincə yerinə yetirməyə səy göstərir, Vətənimizin qorunmasına öz töhfəmizi verməyə çalışırıq. O deyir ki, Vətən müharibəsi başlayan gündən bu günə kimi gördüyünüz bu kənddə vəziyyət heç dəyişməyib, hamı öz evindədir. Bunu indi də görə bilərsiniz. Baxın, evlərin hamısının həyətində əkin-biçinlə məşğul olan insanlar var. Amma bir vaxtlar bizdən qoparılıb o mənfur qonşularımıza hədiyyə edilən qarşıdakı Gülüstan kəndində bir adam belə, gözə dəymir. Bəli, onlar çox qorxaq məxluqdurlar. Burada düşmən təxribatının qarşısını almaq, Vətənimizi müdafiə etmək üçün dayanmışıq, mülki əhaliyə atəş açmaq üçün yox. Amma onlar bu münaqişənin hələ ilk günlərindən xalqımızın başına olmazın müsibətlər gətirib. Xocalıda, Daşaltıda, Ballı Qayada törətdikləri qətliamların davamını bu gün də Bərdə və Gəncədə həyata keçirirlər. Nə xalqımız, nə də ki ordumuz o mənfurların bu hərəkətindən qorxuya düşmür. Əksinə, intiqam hissimiz alovlanır. Burada əsgərlərlə birgə müzəffər Ordumuzun qalibiyyətinə sevinir, hər birimiz döyüşün qaynar nöqtələrinə can atırıq.

Döyüş növbətçiliyini öz əsgər yoldaşına təhvil verən Rüfət Məmmədovun sevincinin həddi-hüdudu yoxdur. Onun ata-baba ocağı olan Füzulu rayonunun Tuğ kəndi düşməndən azad edilib. Deyir Ali Baş Komandanımızın xalqa müraciətini dinləyərkən kəndimizin işğaldan azad edildiyini eşidəndə sevincimi atamla bölüşmək istədim, komandirimin köməyi ilə valideynlərimlə telefon əlaqəsi yaratdım. Atam səsimi eşidib qürurla: “Oğul, torpağımız azad oldu. Allah Azərbaycan əsgərini qorusun. Bizə bu günləri bəxş edən Ali Baş Komandanımıza böyük zəfərlər nəsib etsin. Xidmətini bitirib gələndə gedərik ata-baba yurdunu görərik”, – dedi. Əsgər bildirir ki, o, Füzulini, Qarabağı, ancaq ata-anasının dilindən eşitdikləri ilə təsəvvür edib və sevib. Orada doğulmasa da, Füzuli həsrəti ilə böyüyüb.
Rüfət onu da deyir ki, bu gün burada – qədim Naxçıvanın keşiyində dayananlardan biri olmaqdan qürur duyuram. Əldə silah, qəlbimizdə Vətən sevgisi ilə sərhədimizi qoruyur və nə yaxşı ki, azərbaycanlıyıq deyirik. Hansı rayonda xidmət etdiyimizin fərqi yoxdur. Hər qarışı bizimdir bu torpağın. Vətənimizdəyik və başımızı dik tutub xidmət edirik. Çünki biz qalib bir xalqın övladları, müzəffər bir ordunun fərdiyik. Lazım gəlsə, buradan Qarabağa gedər, öz canımızı torpağımıza qurban verərik.
Digər bir əsgər Cavid Ağayev əslən dağlar gözəli, qızıl yataqları, isti suyu, keçilməz meşələri ilə tanınan Kəlbəcər rayonunun Çay kəndindəndir:
– Mən Gəncədə dünyaya göz açsam da, nənəmin kəndimiz, evimiz haqqındakı nağılları ilə böyümüşəm. Kəlbəcərsiz kəlbəcərli olmuşam. Həmişə evimizdən danışanda nənəm deyərdi ki, vaxt gələcək biz o torpaqlara geri qayıdacağıq, çünki ora bizim dədə-baba yurdumuzdur. Bu gün həmin vaxtın gəldiyinə şahidlik edənlərdən biriyəm. Hər dəfə televiziya kanallarında xəbərləri izləyəndə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində kəndimizin azad edilməsi xəbərini səbirsizliklə gözləyirəm. Vətənimizin hər qarışı bizim üçün əzizdir, doğmadır. Burada, yaşı min illərlə ölçülən qədim bir yurdda olmaq və Vətənimizin əziz bir parçası Naxçıvanda, Xalq qəhrəmanı Babəkin adını daşıyan bir rayonun keçilməz dağlarında xidmət etmək hər bir gəncin qürurudur. Əsgərimiz onu da deyir ki, burada bizim ərzaq və geyim təminatımız çox yüksək səviyyədədir. Kənd camaatı və bir çox şirkətlər də tez-tez bizə sovqat gətirirlər. Onların gəlib bizə öz övladları kimi qayğı göstərməkləri özümüzü evimizdəki kimi hiss etdirir.
Əsgər Əli Abbasov Gəncə şəhərindəndir, o, beş aydan artıqdır ki, həqiqi hərbi xidmətdədir:
– Bu qədim yurd haqqında məlumatım var idi. Amma heç ağlıma da gəlməzdi ki, hərbi xidməti keçmək üçün buraya gələrəm. Artıq beş aydır ki, bu igidlər yurdunda əsgəri xidmətdəyəm. Vətənimizin bu dilbər guşəsində olmaq, Naxçıvanı tanımaq qürurvericidir. Buradakı nizam-intizam, təmizlik, ən əsası isə qonaqpərvərlik insana öz evindəki kimi rahatlıq verir. Əsgər Abbasov onu da bildirir ki, sentyabrın 27-dən Azərbaycanın qəlbi Vətən eşqi ilə döyünən igid oğulları öz canları bahasına üçrəngli bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruda, Zəngilana, Qubadlıya sancıb. Onlar Azərbaycan xalqının tarixini öz müqəddəs qanları ilə yazırlar. Bizə öz şərəf dolu hekayələri ilə nümunə olurlar. Ordumuzun gücü qarşısında dayana bilməyən düşmən həmişəki kimi acığını dinc sakinlərdən çıxır. Ailəm Gəncə şəhərində olsa da, ora düşmənlərimiz tərəfindən bir neçə dəfə raket atəşinə tutulsa da, mən və oradakı ailəm heç də ümidsizliyə qapılmır, bilirik ki, müzəffər Ordumuz hər bir hücumun layiqincə cavabını verib düşməni geri oturdur.
Vətənimizi hərəsi bir evin madarı, bir atanın, ananın ümid işığı, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igid balalarımıza, onları isə Uca Tanrıya əmanət edib əsgər və zabitlərimizdən ayrılanda artıq Günəş dağların arxasına çəkilməkdə idi. Səhər saatlarından buradayıq və vaxtın necə keçdiyindən xəbərimiz olmadı. Bura zamanın hiss edilmədiyi yerdir desək, yanılmarıq. Çünki Vətən müdafiəsi o qədər müqəddəsdir ki, burada vaxtın necə ötdüyünü bilmirsən.
Əziz oxucu, sizə nə əsgərlərimizin ərzaq təminatından, geyim-kecimindən, nə də ki silah-sursatından, yataqxana, yeməkxanalarından söhbət açdım. Çünki “Görünən kənd bələdçi istəməz”, – deyiblər. Hər birimizin oğlu, qardaşı, ya da ki, qohumlarından olan gənclər həqiqi hərbi xidmət keçib. Və demək olar ki, çoxumuz ordumuzun ötən əsrin 90-cı illərindən bu günə kimi hansı şərəfli yolu keçdiyini yaxşı bilirik. Və bu gün hamımız tarixin ən şanlı günlərini yaşayırıq. Vətənimiz və müqəddəs dəyərlər üçün birgə mübarizə aparan bütöv Azərbaycanımızla fəxr edirik. Bilirik ki, şanlı Ordumuz xalqımıza tarixin ən gözəl gününü – Böyük Qələbəni yaşadacaq.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR