Müstəqillik tariximizdə son həftələr yaşadığımız zəfər sevincləri kimi xoş anlarımızın şahidi olaraq özümü hədsiz dərəcədə şanslı bir vətəndaş olaraq görürəm. Uzun illərdir, həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının düşmən işğalından gündən-günə təmizlənməsi, azad edilməsi hər bir Azərbaycan vətəndaşının öz içində böyütdüyü arzusu idi. Allahımıza şükürlər olsun ki, bu günlərdə həmin arzumuzun reallaşdığını həyəcanla izləyir, cəbhəboyu aparılan uğurlu hərbi əməliyyatların müjdələri ilə ifadə edilməsi mümkün olmayan sevinc hissləri yaşayırıq.
Ən əsası isə ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları xalq-dövlət birliyinin ən gözəl ifadəsi kimi sinəmizi qabardır, könlümüzü oxşayır, hər birimizi Vətən yolunda son damla qanımıza kimi savaşa kökləyir.
Bir aydan çoxdur ki, Qarabağın kəndbəkənd, zirvəbəzirvə geri qaytarılması hər kəsin ürəyincədir, hər kəsi həyat dolu inamla kökləyib. İnsanların 30 ilə yaxındır, üzərində daşıdığı məğlubluq hissi tamamilə sındırılıb və bu gün uşağından yaşlısına kimi bütün Azərbaycan xalqı qanı, canı, ruhu – bütün varlığı ilə döyüşə getməyə hazırdır.
Qismən səfərbərlik qərarından sonra cəbhəyə gedənlərə bir çox gənclərimizin həsəd hissi ilə baxması, onların da əldə silah düşmənlə mübarizəyə atılma istəklərini görmək isə nəyə desən dəyər. Xüsusilə Vətən oğulları ilə birlikdə ana-bacılarımızın da bu yolda hazır olduqlarını nümayiş etdirmələri xalq olaraq birliyimizin ən bariz göstəricisidir. Hələ illər əvvəl bir şeirimdə yazmışdım ki,
Azərbaycan, hər qarışın Vətənsə,
Vətən mənəm, Vətən odur, Vətən sən.
Dünyanı lərzəyə salaq Vətəndən
Dünyanı lərzəyə salsın bu birlik,
Bu gün yox, hər zaman birləşməliyik.
Vətən hamı üçün başlar sərhəddən,
Bizim varlığımız başlar bu həddən.
Hərəmiz bir yandan – şəhərdən, kənddən
Birləşib bir olan – yüzük, yüz minik,
Bu gün yox, hər zaman birləşməliyik.
Bax bu günlərdə xalq olaraq hər birimiz həmin birliyin şahidiyik. Ön cəbhədə əsgərindən generalınadək necə yumruq kimi birləşiblərsə, arxa cəbhədə də şəhid anaları ilə gənc analar, şəhid ataları ilə gənc atalar, müəllim və tələbələr, müdir və işçilər, fəhlə və ziyalılar, o şəkildə birləşiblər, həmrəydirlər, yekdildirlər, birqəlbdirlər.
Xalqımızın tarixi torpaqlarımız uğrundakı haqq savaşında canını Vətən yolunda fəda edən şəhidlərimiz də vardır. O şəhidlər ki ən uca haqq zirvəsini, mənəviyyat zirvəsini, ən əsası isə xalqın qəlbində əbədi yaşama haqqını qazanırlar. Buna baxmayaraq, şəhidlərimiz öz əsgər yoldaşlarına yaxınlaşan zəfər günləri üçün yol açır, istiqamət verir, güc bağışlayır.
Haydı, Azərbaycan əsgəri, alimiylə, şairiylə, müəllimi, jurnalisti, fəhləsi, ustası, uşağı, böyüyü ilə Azərbaycan xalqı, Türk dünyası sənin gücünə arxalanır, səni öz duaları ilə qələbəyə kökləyir.
Bu yazdıqlarımı qələmə alarkən ruhumun özünə yer tapmadığını, bədənimin gizildədiyini, qanımın qaynadığını, yumruğumun sıxıldığını, biləyimin möhkəmləndiyini hiss edirəm. Təkcə mənmi? Xeyr! Hər birimiz, hər bir azərbaycanlı bu gün bu hissləri yaşayır. Çünki biz haqq savaşındayıq, biz haqqımız uğrunda mübarizədəyik və biz haqqımızı alacağımıza əminik.
Ey səngərdəki əsgər qardaşım, general komandirim, bilin ki, minlərlə, milyonlarla əsgərin əmrə müntəzirdir və lazım olacağı təqdirdə bir çağırışla sizin səflərinizdə olacaq, sıralarınızda dayanacaq. Çünki...
Bu namus savaşıdır, bu torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır,
Bu, haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı bilsin: Qarabağ Azərbaycandır, nida!
Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist