120 nəfərdən ibarət kubalı tibb mütəxəssisi xüsusi reyslə noyabrn 6-da ölkəmizə gəlib. Bu heyət üç ay müddətində Azərbaycanda olacaq. Onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər. Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti, Azərbaycan və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər. Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.