25 Dekabr 2024, Çərşənbə

Həsrət dolu illərin yorğun, təlatümlü, gözləri. İntizar dolu baxışları sessiyadakı qərarı gözləyir. Gözdən uzaq könüldən iraq nisgilliklər də yoxdur artıq. Çoxdan arzuolunan, gözlənilən müstəqilliyin havası gəlir. Mənzilə çatan xalq duaları, el niyyətləri qəbul olunub. Hər kəsin ürəyindən xəbər verən o möhtəşəm anlar...Həmin anlar 1990-cı ilin noyabrın 17-də baş verir. 70 ildir əsarətdə qalmağa məcbur edilən, azadlığın kəndarında küncə sıxışdırılan, mənliyini sübut etməyə çalışan, gözlərimizin axtardığı o üçrəngli bayrağım Naxçıvanda sessiyada ulu öndərin rəhbərliyi ilə iclas solununa gətirilərək qaldırılır. Qürurla layiq olduğu yüksəkliyə vurulur. Sevinc gülüşləri ilə  bayraq qarşılama mərasimində fərəh dolur hər kəsin qəlbinə. Üçrəngli bayrağımız dövlət səviyyəsində rəsmi şəkildə qəbul edilir. Birliyimiz, suverenliyimiz Naxçıvandan bəyan edilir. Naxçıvandan duyurulur. O anları bizlər görməsək də, şahidi olmasaq da təssəvvür etməkdə də heç də çətinlik çəkmirik. Böyüklərimizin dediklərindən biz də o xoşbəxt anların eskizin beynimizdə cizirik illərdi bir naxçıvanlı kimi.

 Sonralar ulu öndər Heydər Əliyev bu barədə deyimini xatırlayıram: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycanın milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

  Bu gün o həmin iğtişaşla qəbul edilən bayraq bizim milli şüurumuzun formalaşmasında, bir millət kimi bütövlüymüyümüzü, mənliyimizi qoruyub nümayiş etdirməyimizdə, bugünkü tərəqqimizin mütəşəkkil tapmasında ilk addım oldu. Hələ müstəqillik qazanmasaq da demokratik dövlətin ilk sədaları üçrəngli, bayraqla gəldi  obamıza. Həmin bayraq ki, 1918-ci ildə qaldırılıb Cümhuriyyət deyərək, azadlığını bəyan edib, sonralar suverenliyi əlindən alınaraq yarımçıq qalmışdı planları. O, bayraq ki, nə vaxtsa “bir kərə yüksələn bayraq bir daha enməz” fikrinin təsdiqinə canla-başla inanırdı. Nəhayət həmin bayraq ki, bizi qəflət yuxusundan ayıldıb, azad iradəmizi xatırlatdı yerlilərinə. Türkün qüdrətini xatırlatdı.  Hələ 1918-ci ildə qəbul olunan üçrəngli bayrağımız 8 prinsiplə müəyyənləşdi. Türçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Aypara ulduzumuz isə qədim maraqlarımızın ifadəsi və simvolu kimi əsas götürüldü. Bu gün bu prinsiplər onun sadəcə bir parçadan ibarət olmadığını, mahiyyətini bizlərə göstərir.“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir. Bu gün Naxçıvan Muxtar Respublikasında da bayrağa rəğbət, onun ali məqamı çağdaş gənclər arasında təbliğ edilir, dövlətin diqqət və qayğısı ilə bu istiqamətdə uğurlu istalahatlar həyata keçirilir. 30 il əvvəl Naxçıvandan bəyan edilən üçrəngli bayrağın əzəməti, qüdrəti görülən işlərin tərkib hissəsidirki, bu gün Ali Məclisi Sədri Vasif Talıbovun səyi və təşəbbüsü ilə “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən muzey yaradılır. 2014-cü il noyabrın 17-də isəşəhərimizin başı üzərindən ən yüksək zirvədə üçrəngli bayrağımız məğrur-məğrur dalğalandığı muzeyin açılışı olur.Muzeydə  Üçrəngli Dövlət Bayrağı, 1922-1981-ci illər arasında SSRİ dövründə  qəbul edilmiş Naxçıvan bayraqları, Naxçıvan xanlığının döyüş və dövlət bayraqları, Kəngərli süvari dəstəsinin döyüş bayrağı, Eldənizlər dövlətinin bayrağının, Naxçıvan Bəy Drujinasının döyüş və fəxri bayraqları tarixən Naxçıvanın birliyindən vahid bayraq altında birləşmə ənənəsinin qüdrətindən danışır. Şəhərimizlə yanaşı bu işlərin davamı kimi rayonlarımzda fəaliyyət gösətərən Dövlət Bayraq meydanları şəhərimizin ən gözəl və ən müqəddəs məkanına çevrilir. Əhəmiyyətli sayılan bu addımlar insanların vətənpərvərlik hisslərini, əhval ruhiyyəsini daim yüksək tutur, mənliyini, kimliyini xatırladır.

Bu gün də bu bayraq altında birləşib gücümüzü bu bayraqdan alırıq birliyimizi göstərərək. Ümummilli lider Heydər Əliyevin dediyi kimi:  “ Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

İşğal olunmuş torpaqlarımızı əsarətdən bu bayrağın enerjisi, mövcudluğu, müqəddəsliyi,mərdliyi ilə azad edirik.  Həmin torpaqlar ki, bayraq həsrətlisidirlər. Bayrağımızın qəbul olunmasından sonra işğala məruz qalmış, üçrəngli bayrağımızın dalğalanması bu torpaqlara nəsib olmamışdı. Sentyabrın 27-dən erməni hissələri tərəfindən başlanılan Azərbaycan-Ermənistan müharibələri nəticəsində rəşadətli ordumuz bayraq həsrətlisi elimizin Cəbrayıl, Füzuli,Zəngilan, Qubalı şəhərləri və bir çox kəndlərinə, Murovdağ zirvəsinə, Suqovuşan ərazisinə, Xudafərin körpüsünə Ali baş Komandanımız İlham Əliyevin əmri ilə üçrəngli bayrağımızı sancdı. Ordumuz da, torpaqlarımızda tarixi əhəmiyyətli günlərin sevincini bayrağımızla ikiqat yaşadı.

Torpağımıza müstəqilliyin toxumlarını gətirən bayrağımızın müqəddəsliyini canı qəlbdən duysaq da, mahiyyət olaraq bugünkü qədər dərk etməmişdik onun məqamını. Bu gün uşaqdan böyüyə hər kəs bayrağın təkcə atriburt kimi yox, ali məqamını, dəyərini duyur və hiss edir.Evlərin balkonlarında, alış-veriş mərkəzlərində, yollarda,şəhərimizin hər yerdə üçrəngli bayrağımız dalğalanır. Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün canını canla-başla fəda edən oğullar bu bayrağımızın altında birləşərək, onun ali məqamı üçün şəhid olur. Və onun müqəddəsliyinə sarılaraq son mənizlə yola salınır ki,bu da hər kəsə nəsib olmaz. Hər birimizə bu torpaq uğrunda şərəfli ölümün şəhidlik məqamını dadaraq ölməyi nəsib etməz.Bayrağımızın aliliyi, məqamı, zirvəsi də bundadır. Bəzi ölkələrdə  torpaq üçün vahiməli görünən ölüm, bizim vətən övladlarının ən müqəddəs amalı uğruna bayrağa bükülərək son mənzilə yola salınmağıdır, şəhadətidir, şəhidlik məqamıdır- ÖLÜM.

Başım üstə mərur-məğrur dalğalanan

Bayrağına canım qurban Azərbaycan

Ruhuma can cismim üçün Vətən olan

Torpağına canım qurban Azərbaycan...

 

Türkan HÜSEYNLİ

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR