Bir aydan artıqdır ki, ata-baba yurdumuzu, 30 ildir, düşmən tapdağında öz övladlarının yolunu gözləyən torpaqlarımızı mənfurlardan təmizləyirik. Danışıqlar masasında sözümüzə əhəmiyyət verməyən dünya dövlətləri bu gün Azərbaycan xalqının, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha görürlər. Azərbaycan tərəfindən qeyri-millətlərdən olan nümayəndələrin səngərlərimizdə döyüşdüyü kimi çirkin iftiralara əl atan düşmən öz qarayaxmasından əl çəkmir. Düşmənin qəbul edə bilmədiyi reallıq isə əli silah tutan hər bir azərbaycanlının cəbhəyə yollanmaq üçün hazır dayanmasıdır. Elə bu mövzu ətrafında həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin baş zabiti kapitan Asim Babayevdir.
– Asim müəllim, xalqımızın apardığı haqq savaşı barədə nə deyə bilərsiniz?
– Bu günü çoxdan gözləyirdik. 1992-ci ildə ermənilər öz havadarlarının gücü ilə musiqi beşiyi hesab etdiyimiz Qarabağı işğal edərək azərbaycanlılardan ibarət olan yerli sakinləri öz yaşayış məskənlərindən çıxarmağa nail oldular.
Müstəqilliyini yenicə quran Azərbaycan dövlətinin nizami ordusunun olmadığını bilərəkdən bunu etdilər. Bir də həmin dövrdə yeni qurulan dövlət idarəçiliyində baş verən çəkişmələr, kürsü davası, səriştəsiz rəhbərliyin yürütdüyü səhv siyasət buna rəvac verdi. Xalqın qeyrətli oğulları birləşərək dəstələr halında Vətənin müdafiəsinə qalxdılar. Bir mərkəzdən idarə olunmadığı üçün bu dəstələr də çox vaxt uğursuzluqla qarşılaşır, itkilər verərək geri çəkilirdilər. 1993-cü ildə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və düzgün siyasəti nəticəsində həmin dəstələr ordu halında birləşərək Horadiz əməliyyatında ermənilərə sarsıdıcı zərbələr vurdular. Bu zərbədən qorxuya düşən erməni atəşkəs müqaviləsi bağlamağa məcbur oldu. Bundan sonra aparılan danışıqlar, ATƏT-in Minsk qrupunun apardığı səmərəsiz işlər heç bir əhəmiyyət vermədi. Bir çox dövlət başçıları “Qarabağ” kartından istifadə edərək, erməni lobbisinə dəstək olub hakimiyyətə gəldilər. Onlarda arxayınlıq yarandı ki, Azərbaycan geri addım atıb məğlubiyyətlə razılaşacaq. Lakin gözlədikləri kimi olmadı. Otuz il gözlədik, səbir etdik. İnkişafa nail olduqca mükəmməl ordu yaratdıq. Əsgəri Vətən üçün qanından, canından hər an keçməyə hazır olan, hərbi biliklərə dərindən sahib olan, müasir silahlarla təchiz olunan şanlı bir ordu...
Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə bəzi dövlətlər heç də bunu həzm edə bilmədilər. Bakı-Tiblisi Ceyhan və Tanap boru xətlərinin çəkilişi Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin işlək hala gətirilməsi, qeyri-neft sənayesinin inkişafı belə, dövlət başçılarının yuxusunu ərşə çəkdi. Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətləri onları daha da qıcıqlandırdı. Özləri qınlarına çəkilib, erməniləri Azərbaycan üzərinə qısqırtmağa başladılar. 2016-cı ildə ordumuz erməniyə gücünü göstərə bildi. Cəbrayılda Cocuq Mərcanlı, 2018-ci ildə Naxçıvanda Günnüt kəndləri qüdrətli ordumuz sayəsində işğaldan azad olundu. Ermənilər, sanki bunu zarafat hesab etdilər. 2020-ci ilin iyul, avqust aylarında da hücuma cəhd göstərdilər. Ordumuzun rəşadətli və igid oğulları onların cavablarını həmişə olduğu kimi yenə də layiqincə verə bildi.
27 sentyabr 2020-ci il tarixdə ermənilər bir daha müxtəlif istiqamətlərdən hücum edərək sərhədlərimizi pozub, kəndləri atəşə tutdular. Ordumuz müdafiə hücümuna keçərək, onlara sarsıdıcı zərbələr vurdu. Qısa zaman içərisində şanlı ordumuz işğalda olan torpaqlarımızın bir hissəsini – Cəbrayıl, Füzuli, Qubadlı şəhərlərini, bir çox kənd və qəsəbələrimizi özümüzə qaytardı. Bütünlükdə, Qarabağımızın azad olunmasına isə sayılı günlər qalır.
– Doğrudur, Azərbaycan Ordusu bu gün tarix yazır. Lakin o tarixi yazarkən mənfur düşmənlərimizdən fərqli olaraq dinc əhaliyə, qadına, uşağa, qocaya, ümumiyyətlə, silahsız gördüyü düşmənə əl qaldırmır.
– Bir neçə gün əvvəl hər birimiz mətbuatda yayımlanan bir hadisənin şahidi olduq. Torpaqlarımızı azad edən əsgərlərimiz, bir daxmada erməni qadını ilə rastlaşdılar. Lakin onu öldürmədilər. Qadın öldürməyi öz qeyrətlərinə sığışdırmadılar. Bax budur bizim əsgərlərin ermənidən fərqi.Vəhşilik xisləti ermənidədir, bizdə yox.
Çox təəssüflər olsun ki, düşmən humanizm prinsiplərini unudur. Döyüş meydanından kilometrlərlə aralıda yerləşən şəhərlərimizi atəşə tutur, dinc əhaliyə qarşı terror aktları törədir. Bununla xalqımızın ruhdan düşəcəyini zənn edən mənfurlar, bu terrorçuluqla daha da sərtləşdiyimizin, məğrurlaşdığımızın fərqinə varmır. Bir ay ərzində bir neçə dəfə humanitar atəşkəs rejimi elan olunsa da, kobud şəkildə atəşkəsi pozan Ermənistan silahlı qüvvələri Tərtər, Ağcabədi, Füzuli və başqa yaşayış məntəqələrimizi atəşə tutmaqdadır. Oktyabrın 4-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, 28-də isə Bərdə şəhərinin “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması onların terror qruplaşması olduğunu bütün dünyaya bir daha sübut etdi. Bütün bu terrorçuluğun qisasını ordumuz döyüş meydanında alır. Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib və edilməkdədir.
Azərbaycan əsgəri öz əbədi və əzəli torpaqları, tarixi ədalətin bərpası uğrunda canlarından keçir. Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda tökülən qanlardan qorxmayan, əzmkar xalqdır. Bu gün əgər biz Vətən müharibəsinə qalxmışıqsa, şəhidimiz də olacaq. Vətən uğrunda canını qurban verənlərə şəhid deyilir. Bu gün şəhid olan qardaş-bacılarımızın dəfn mərasimləri çox yüksək səviyyədə keçirilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhid adını almış və ya müvafiq hərbi hissənin arayışı ilə şəhid olması təsdiq edilmiş hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissə komandiri şəhidin yas mərasimində hərbi hissə nümayəndələrinin iştirakını təmin edir, habelə hərbi hissələrdə xüsusi guşə yaradılır, şəhid olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış vəzifəlilərin şəkli və onlar haqqında müvafiq məlumat həmin guşədə əks etdirilir. Bu gün cəbhədə şəhid olanlanlara dövlətimizin diqqət və qayğısı çox böyükdür. Onların ailələri də hər zaman diqqət mərkəzində saxlanılır və problemləri dərhal aradan qaldırılır. Bu gün şəhid analarının “oğlum kürəyindən vurulsa, ona haqqımı halal etməzdim, düşmənin gözünə dik baxaraq ürəyindən vurulub” deyərək başını qürurla dik tutması düşmənə ən layiqli cavabdır.
– Asim müəllim, mənfur düşmənlərimiz ordumuzda qeyri-millətlərdən olan muzdluların döyüşməsi haqqında uydurmalarından da əl çəkmirlər...
– Bu gün “Mənim addımım” partiyasının lideri, Ermənistanın baş naziri Paşinyan çaş-baş vəziyyətində, narahatçılıq içindədir. Addımını atmaq üçün yer axtarır, tapa bilmir. Heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da ona addım atmaq üçün yol göstərə bilmir. Bu təşkilata üzv olan dövlətlər tərəfindən ermənilərə nə qədər dəstək göstərilsə də zəhmətləri hədər gedir. “Tikinti materialı” adı ilə göndərdikləri silah və texnikanı qorxaq erməni dığaları döyüş meydanında qoyaraq qaçırlar. Elə bu səbəbdəndir ki, əli hər yerdən üzülən ermənilər artıq qarayaxmalar yolu ilə dünya dövlətlərindən yardım almağa çalışırlar.
Dilimizdə bir deyim var: “Erməni qan gördü, qaçar”. Qan görən kimi qaçan, döyüşməkdən imtina edən düşmən hərbçilərinin yerinə muzdlu döyüşçülər toplayır. Lakin bu muzdlular da Azərbaycanın şanlı Ordusunun taktik döyüşü qarşısında tab gətirə bilmir, gəldiklərinə belə, peşman olduqlarını özləri etiraf edirlər. Çıxılmaz, rəzil duruma düşən ermənilər ordumuzun rəşadət və gücünü kölgə altına salmaq üçün müxtəlif bəhanələr uyduraraq özlərinə və havadarlarına təsəlli verməyə çalışırlar. Guya ki, ordumuzda döyüşənlər türk əsgərləridir. Ağılsız və qərəzli dövlət başçıları bunu doğru saysa da, ağıllı, siyasətdə uğur qazanan dövlət başçıları bu cəfəng iftiralara inanmırlar. Bilirlər ki, on milyon sakini olan bir dövlətin iki milyondan da az sakini olan bir dövlətlə döyüş aparmağa özünün qüvvəsi, əsgəri və zabiti çatar. Ali Baş Komandan qismən səfərbərlik göstərişi verdiyi halda, Vətənin on minlərlə ehtiyatda olan gənci, ahılı səfərbər olub, çağırış məntəqələrinə üz tutdular. Bu, xalqın orduya, dövlətə, Ali Baş Komandana olan inam və sevgisindən irəli gəlir. Erməni quldurları bilməlidirlər ki:
Mənəm, mənəm deyib çox qılınc taxan
Torpaqlar altında yatar bir zaman.
Sonda bildirmək istərdim ki, yenilməz, qüdrətli Ordumuz torpaqlarımızı mütləq azada edəcək. Xalq-ordu birliyi bu inamı verir. Hər kəs orduya inanır, ona güvənir. Bilir ki, ön cəbhədə Vətənini, torpağını canından artıq sevən igid, qorxmaz, qəhrəman oğullarımız var. Bu oğullar düşmənə qan udduracaq, onları Vətən torpağından qovacaq və xalqına qələbə sevinci yaşadacaq. Düşmən bilməlidir ki, bu torpaqlar Azərbaycan adlı müdrik, yenilməz, cəsur, Vətəni, torpağı üçün canından keçən bir xalqa aiddir. Və bu xalq öz torpağının bir qarışını belə, heç kimə güzəştə getməyəcək.
– Müsahibə üçün sağ olun!
- Telli MƏMMƏDOVA