25 Dekabr 2024, Çərşənbə

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı nəticəsində sosial problemlərin həllinə xüsusi diqqət və qayğı göstərilməsi, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbul olunması və ya qüvvədə olan aktların təkmilləşdirilməsi digər sosial qruplar kimi şəhid ailələrinin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin də həyat səviyyəsinin yaxşılaşmasına əlverişli şərait yaradıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərilir, onların mənzil-məişət problemləri həll olunur, müalicələri üçün müvafiq təyinatlı tibb müəssisələrinə göndərişlər verilir. Həmçinin bu qəbildən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən təqaüd və müavinətlərin məbləği artırılır, bu istiqamətdə yeni normativ-hüquqi aktlar qəbul edilir.

Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslərin və şəhid ailələrinin, habelə müharibə iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə müvafiq kateqoriyadan olan şəxslər fərdi yaşayış evi və mənzillərlə təmin olunur, onlara avtomobillər verilir. Təkcə cari il ərzində muxtar respublikada 25 nəfərə minik avtomobili, 10 ailəyə isə yeni mənzillər təqdim olunub.

Bununla yanaşı, qəbul edilmiş qanunvericilik aktlarına uyğun olaraq müharibə iştirakçılarının sosial və tibbi reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, məşğulluğu, eyni zamanda digər sosial məsələlərinin həlli də daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri işlər həyata keçirilir. Bu qəbildən olan insanlar vaxtaşırı tibbi müayinələrdən keçirilir, tibbi-reabilitasiya vasitələri ilə təmin olunurlar. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxslərə müvafiq protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar.
Görülən bu işlərlə yanaşı, muxtar respublikada təqaüd və müavinətlərin də vaxtında ödənişi diqqətdə saxlanılır, bu istiqamətdə qəbul edilmiş fərman və sərəncamlar dəqiqliklə icra olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış müvafiq fərmanın icrası çərçivəsində muxtar respublika sakinlərindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi təmin olunub. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə müharibədə sağlamlıq imkanlarını itirənlər və şəhid ailələri üçün aylıq Prezident təqaüdləri ödənilir, həmçinin 2019-cu il aprel ayının 1-dən təsis olunmuş “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənişi davam etdirilir.
Artıq uzun müddətdir ki, muxtar respublikada dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etmələri ənənə halını alıb. Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də məhz əsgərlərimizin mənəvi-psixoloji hazırlığıdır. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlərin tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud qadınlar tərəfindən hərbi qulluqçular üçün yun boyunluq və yun corab dəstlərinin toxunulması işi də mühüm əhəmiyyət daşıyır. Təbii ki, çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə isti qış geyimlərinin məhz məhdud fiziki imkanlılar tərəfindən hazırlanması, onların əsgərlərlə həmrəylik nümayiş etdirməsi xalqımızın öz ordusuna olan sevgi və ehtiramının növbəti ifadəsidir. Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq hərbi hissələr üçün yun corabların toxunması işi cari ildə də davam etdirilir. Bu məqsədlə sağlamlıq imkanları məhdud şəxslərlə müqavilələr bağlanılmış, ilkin olaraq toxunmuş 2000 cüt yun corab və 1700 ədəd boyunluq 14 oktyabr 2020-ci il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Belə tədbirlərin təşkili, eyni zamanda həm də məhdud fiziki imkanlı şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradır.
Bu gün həyata keçirilən tədbirlər hərbi qulluqçular, müharibə iştirakçıları, onların ailə üzvləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır, göstərilən diqqət və qayğı üçün minnətdarlıq edirlər. Təbii ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda ordu quruculuğuna, hərbi qulluqçuların və ailə üzvlərinin sosial müdafiəsinə göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu müharibə meydanlarında tarixi uğurlar əldə edərək işğal altındakı torpaqlarımızı düşməndən azad edir, bu döyüşlərdə yüksək peşəkarlıq, əzm və böyük şücaət göstərir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR