25 Dekabr 2024, Çərşənbə

Axşamüstüdür, ezamiyyətdə olduğum Sədərək rayonundan çıxıb şəhərə tələsirəm. Yolüstü daxil olduğum Heydərabad qəsəbəsindəki mağazaların birində alış-veriş edənlərin arasında yaşlı bir ağsaqqal diqqətimi çəkir. O, əlindəki plastik kartı satıcıya tərəf uzadaraq deyir: – Ay oğul, bax gör buaykı müavinətim gəlibsə, o pulun həcmi qədər mənə isti corab, bir az da o ev şirniyyatından ver. Satıcı qocaya: “Baş üstə”, – deyib onun istədiklərini torbalara yığır. Ağsaqqalın bu alış-verişi əsgərlərə etdiyini başa düşdüyüm üçün babaya yaxınlaşıb kim olduğu ilə maraqlanıram. O isə kimliyini açıqlamır: “Bir əlin verdiyindən digər əlin xəbəri olmamalıdır. Bu bizim hər birimizin vətəndaşlıq borcudur. Mən özüm də müharibə veteranıyam, dövlətimiz mənə ev də verib, maşın da, aylığım da var. Bir nədir ki, onaylıq pensiyam qurban olsun o səngərdəki balalarıma. Çox yaxşı bilirəm, onların heç nəyə ehtiyacı yoxdur. Dövlətimiz onlar üçün ən uca dağların zirvəsində elə əsgər yataqxanaları inşa edib ki, orada lap bəy balası kimi yaşayır, xidmət edirlər. Amma, ay qızım, baba payı şirin olur”.

Babanın sözləri gün ərzində Sədərək rayonunda gördüklərimi və həmsöhbətlərimi yada salır.
Sədərək kəndində tanış olduğum Xatun xala bir igid şəhid bacısıdır. O da hər gün pay tutur əsgər balalarına. Bişir-düşür eləyib kəndin cavanlarını çağırıb postlara göndərir, əlindən gələni edir. Deyir ki, 90-cı illərdə də belə etmişik. O vaxtlar dövlətimizə həm mənəvi, həm də maddi cəhətdən dayaq durmuşuq. Evimiz həm də səngər olub. Biz o zamanlar kəndi boş qoyub köçsə idik, əsgər də arxasında xalqın olmadığını görər və ruhdan düşərdi. O vaxtlar mərd insanlar öz əməkhaqlarını, qızıllarını müdafiə fonduna silah-sursat almaq üçün bağışlamasaydı, evlərindən köçüb getsə idilər, indi nə torpağımız var idi, nə də azadlığımız. Qardaşım Elxan Qarabağa döyüşə gedəndə cəmi 22 yaşı var idi. Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olanda hələ körpəsi dünyaya gəlməmişdi. O, şəhid olub canını Vətənə qurban verdi, üzünü görmədiyi körpəsini Vətənə əmanət etdi. Bir neçə gün əvvəl televizorun qarşısında əyləşib Ali Baş Komandanın xalqa müraciətini dinləyirdim. Dövlət başçısının “Qərivəli kəndi işğaldan azad edildi” dediyini eşidəndə qapıdan necə çıxmışamsa, Şəhidlər xiyabanına – qardaşım Elxanın məzarına çatanda gördüm ki, oraya kimi ayaqyalın gəlmişəm. Diz çökdüm, əlimi sinədaşına qoydum. “Qardaşım, gözün aydın, sənin tamamlaya bilmədiyin, düşmən gülləsinə tuş gəlib yarımçıq qalan arzuların çin oldu. Qalx, bir bax sənin kimi oğulların qanı ilə sulanan torpaq o murdarların izindən təmizləndi. Rahat uyu, şəhid qardaşım. Tanrı sənin kimi igidlərin torpağı qədər ömür yazsın o Vətən yolunda səfərbər olan igidlərə”, – dedim.
Səngərdəki oğulların hamısı bizim öz övladımızdır. Onlara bağımdan, süfrəmdən pay tutanda ürəyim sakit olur, az da olsa, rahatlıq tapıram. Bu bağın nübar meyvələrindən, birinci bax o dağlarda bizə keşik çəkən oğullarım dadır. Yığıb onlara göndərirəm. Axı onlar bu torpağı qorumasa, buranı necə əkib-becərərik? Onlar var deyə, sabitliyimiz var, torpağımız rahat nəfəs alır. Həyət-bacamda nə var, hamısı əsgər balalarıma qurbandır. Hələ bu nədir ki, imkan versələr, inanın ki, gedib onlarla birgə o postlarda dayanaram.
Sədərək kənd tam orta məktəbində tanış olduğum Leyli müəllimə əslən Zəngilan rayonundandır. Onun sevincinin həddi-hüdudu yoxdur. Doğma yurdunun işğaldan azad edildiyi xəbərini iş yoldaşları ilə toplaşıb əsgərlərə isti qutab, təndir çörəyi bişirdiyi zaman alıb. Deyir ki, 25 ilə yaxındır, bu elin gəliniyəm. Sədərək də yurdum-yuvamdır. Burada 90-cı illərin çətin sınaqlı günlərini yaşamışam. Həmin vaxtlar dahi rəhbərin ətrafında sıx birləşərək ordumuzun yaradılmasında və yaşadılmasında var gücünü əsirgəməyən naxçıvanlılar bu gün də xalq-ordu birliyinin nümunəsini göstərirlər. O çətin günlərdə evlərində qalıb səngərdə döyüşənlərə isti çörək, yemək bişirib göndərən, neçə xatirələrin, neçə arzuların yadigarı olan qızıllarını müdafiə fonduna bağışlayan anaların övladları bu gün də həmin ənənəni davam etdirirlər. Uzun illərdir ki, keçirilən iməciliklər nəticəsində bütün magistral yolların ətrafına salınan meyvə bağlarından idarə və müəssisələr tərəfindən toplanan məhsullar mütəmadi olaraq hərbi hissələrə təhvil verilir. Bununla bərabər, sıravi vətəndaşlar da öz alın tərləri ilə yetişdirdikləri bostan və tərəvəz məhsullarından tez-tez Vətənimizin keşikçilərinə sovqat aparırlar. Bu gün də rayonun bütün təşkilatlarının qadınları bir olub əsgərlərimizə isti yeməklər, şirniyyatlar bişirib göndərirlər.
Sura nənə də buraya müəllimlərə əl tutmağa gəlib. O deyir ki, biz də əlimizdən gələni bişirir, dağlara keşik çəkən oğullara göndəririk. Onların heç nəyə ehtiyacı yoxdur, amma biz də burada əlimizdən gələni etmək istəyirik. Bilirəm, indi əsgərlərimiz səliqəli yeməkxanalarda yemək yeyir, şəraitli yataqxanalarda yatırlar. Amma biz nənələr də əlimizdən nə gəlirsə, etməyə çalışırıq. Axı onlar o dağlarda keşik çəkməsələr, biz necə rahat yaşayarıq. Onların yuxusuz gecələrinin sayəsində kənd sakinləri əkin-biçinlə məşğul olur, gecələr evimizdə rahat yatırıq. Allah igidlərimizi qorusun.
Yolum Şərurdan, Kəngərlidən keçir, burada da həmin mənzərənin şahidi oluram. Kimi aylıq müavinətini Silahlı Qüvvələrinə Yardım Fonduna bağışlayır, kimisi heyvanını kəsib hərbi hissələrə təhvil verir, kimisi isə dua edir.
Bu gün hər kəsin, böyükdən kiçiyə hamının ürəyi cəbhədə – Qarabağda döyünür. Azərbaycan igidləri xalqının mənəvi dəstəyindən güc alır, durmadan irəliləyir. İllərdir, o gün gələcək dediyimiz günləri bizə gətirir. Bir aydan çoxdur ki, davam edən Vətən müharibəsinin qəhrəmanları irəli getdikcə, tarixi torpaqlarımızı özümüzə qaytardıqca xalqımızın illərdir, yanan ürəyinə təpər, gözlərinə sevinc gəlir. Azərbaycan əsgərinin şücaəti dünyaya səs salır. Vətənin keşiyində duran igidlərə hər kəs dəstəyini bir cür ifadə edir. Ana-ata payı, qardaş-bacı sovqatlarını göndərənlər çox olur. Bunun üçün qanqohumluğuna da ehtiyac yoxdur. Böyük ümidlərlə, təşəkkür hissi ilə yola düşür bu bağlamalar. Və hər gün yolu bir az daha uzanır bu payların. Öncə Cəbrayıla, sonra Füzuliyə, Zəngilana, Qubadlıya yol aldı bu sevgi, minnətdarlıq dolu bağlamalar. Sabah Şuşaya, Laçına, Xankəndiyə göndərmək ümidi ilə toplanır bir ananın, bir bacının, bir qardaşın ümid dolu bağlaması...

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR