25 Dekabr 2024, Çərşənbə

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin başqanı Abdullah Erenlə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri bildirib ki, sentyabrın 27-dən bu günədək Türkiyənin dövlət və hökumət rəsmilərinin görüşləri, Azərbaycanla bağlı verilən bəyanatlar, qardaş ölkənin xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz yardımdır.

F.Muradov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir” fikrini, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Qardaşım Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır" deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm” sözlərini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.

Bütün dünyanın bu həlledici tarixi günlərdə Azərbaycan-Türkiyə qardaşlığına, tarixi dostluğumuza bir daha şahid olduğundan danışan Komitə sədri qeyd edib ki: “Bu gün erməni təbliğat maşını təkcə ölkəmizə qarşı deyil, bütün türk dünyasına qarşı çirkin təbliğat kampaniyası aparır. Xaricdəki Azərbaycan icmaları, diaspor təşkilatları təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Əsgərlərimiz döyüş meydanında, diasporlarımız isə beynəlxalq informasiya məkanında ermənilərin layiqli cavabını verir. Nəzərinizə çatdırım ki, son illər diasporumuzun təşkilatlanması üçün ciddi addımlar atılıb, artıq 12 ölkədə Azərbaycan evləri fəaliyyət göstərir, eyni zamanda Koordinasiya Şuraları yaradılıb. Lakin görəcəyimiz işlər çoxdur. Biz Türkiyə və Azərbaycan diasporlarının bundan sonra da birgə fəaliyyət göstərməsi, beynəlxalq media platformasına çıxması üçün imkanlarımızı daha qətiyyətlə səfərbər etməliyik”.

 

A.Eren bildirib ki: “Türk xalqı hər zaman haqlı mübarizəsində Azərbaycana dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Biz bütün prosesləri, Azərbaycanın haqlı mübarizəsini yaxından izləyirik. BMT qətnamələrini, beynəlxalq hüquq normalarını heçə sayaraq Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın törətdiyi terror faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq, diasporlarımızın əməkdaşlığını genişləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik”.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, eyni zamanda iki ölkədə-ABŞ-da və Almaniyada türkdilli dövlətlərin diasporlarının birgə toplantısı təşkil edilib.

Nümayəndə heyəti həmin gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstəsi qoyub. Qonaqlar Şəhidlər xiyabanında Türk Şəhidliyi abidəsini də ziyarət ediblər.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR