Addım-addım, qarış-qarış sənə doğru yaxınlaşırıq
Şuşa Qarabağın incisidir
Özümü dərk etdiyim gündən torpaqlarımızın bir çoxunun işğal altında olduğunu görmüşəm. O torpaqlarımızın hər bir qarışı, hər bir zərrəsinin bizim üçün nə qədər qiymətli olduğunu dərk etmişəm. Onların baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər guşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada adla tanınıb. Hələ ilahi səsləri, muğamları demirəm. Suyundandır, havasındandır cənnətməkanımın bilmirəm. Bu, qarabağlı həmvətənlərimə genlə keçən fitri istedaddır desək, yanılmarıq yəqin ki...
Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumundan qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılır.
Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati-iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri tarixin əvəzsiz yadigarı olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair, rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun böyük qızı Qara Böyük xanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər bu qədim Azərbaycan şəhərinin gözəlliyini daha da əsrarəngiz etmişdir. Şuşa havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerlərinə, istirahət guşələrinə görə məşhur idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, bu şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir.
Sən mənim könlümdə çarpan ürəksən, Şuşam...
Bir xalq olaraq Şuşamızın gözəlliyindən doya bilməmişik. Mənfur düşmən bir çox torpaqlarımızla yanaşı, 1992-ci ildə Şuşanı da bizdən alıb qoparıb, buradakı mədəniyyət abidələrimiz talan, tarixi abidələrimiz isə darmadağın edilib. Erməni murdarlarının bu ağlasığmaz hərəkətləri isə yalnız onların özünə yaraşandır. Çünki xislətləri terrorçuluqdur. Xalqımıza məxsus olan gözəl maddi mədəniyyət nümunələrimizə, bənzəri olmayan torpaqlarımıza göz dikmək, adət-ənənələrimizi adlarına çıxarmaq, riyakarlıq etmək adətidir qarı düşmənimizin.
Hər bir azərbaycanlı kimi, mənim də arzum cənnətməkanımız Şuşa şəhərinə ayaq basmaqdır. Oranı doyunca seyr edib, ətrini nəfəsimə çəkib, bir ovuc torpağını özümlə evimizə gətirməkdir. Başı bəlalı, Şuşam... Sən saysız çətinliklərdən keçsən də, qürurunu, vüqarını itirməmisən düşmən qarşısında. Çünki sən Azərbaycan torpağısan, sən azərbaycanlıların ayağı dəyən, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərini yetirən torpaqsan...
Dilbər guşələrimizdən olan Şuşamız haqqında çox yazılıb, çox deyilib. Amma gedib öz gözlərimlə görməyi o qədər arzu edirəm ki, məhz bunun üçün yuxularım ərşə çəkilib. Yorulmuşam artıq videokadrlardan izləməkdən, fotoşəkillərinə həsrətlə baxmaqdan. Hələ balaca ikən evdə valideynlərimdən, məktəbdə isə müəllimlərimdən eşitdiklərimə görə, sənin torpağına ayaq basan kəsə mənəvi qida bəxş edirsən. Bax o mənəvi qidanı almağa möhtacam, Şuşa... Sən Azərbaycanımızın alınmaz qalası, mədəniyyət məbədimiz olan tarixi abidələr məkanısan... Sən mənim könlümdə çarpan ürəksən, Şuşam.
Artıq illərdir, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşanın qürbətdə qalan sarı bülbül kimi sirdaşının səsi kəsilib, xarıbülbülünün isə boynu bükükdür. Şuşa şuşalılarsız qalıb. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü gözləyir. Bir zamanlar dinc əhalisi qətl edilərək Vətənin bağrından qoparılmış torpaqlarımızı bu gün igid övladlarımız qanı-canı bahasına yenidən bizlərə qaytarır. Addım-addım, qarış-qarış, sənə doğru yaxınlaşırıq, Şuşa!
Cıdır düzü igidlərin məskəninə çevriləcək. Bunu hər yeni gün aldığımız
Qələbə xəbərləri təsdiqləyir
Bilirsiniz, Şuşa haqqında daha çox yazmaq istərdim. O torpağa ayaq basıb, öz gözlərim ilə gördüyümü yazıb qəzet səhifələrində oxucularla paylaşmaq istərdim. Və mən bu arzuma çatacağıma bütün hisslərimlə inanıram. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”. Bəli, həmin günün olacağına ümidimiz sonsuzdur. Bütün ərazilərimiz kimi, Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bunu hər yeni bir gündə aldığımız Qələbə xəbərləri təsdiqləyir. Biz kiminsə torpağını istəmirik, öz doğma torpaqlarımıza qayıtmaq istəyirik. Yenidən həmin torpaqlarda yaşamaq istəyirik. Erməni murdarının doğma torpaqlarımızda nə işi? Ölkə başçısının dediyi kimi: “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! ...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə ümidimiz sonsuzdur. Necə ki Cəbrayılımız, Füzulimiz, Zəngilanımız, Qubadlımız düşməndən geri alındı, üçrəngli bayrağımız şərəflə ucaldıldı həmin torpaqlarda. Bu şərəfli yolda hamılıqla Ordumuzun, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşmişik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Tanrı möhtəşəm qələbə sevincini bizlərə yaşadan Azərbaycan Prezidentini, bu qələbəni əldə edən şanlı, müzəffər Ordumuzu qorusun! Biz sizinlə qürur duyuruq, Ali Baş Komandanımız! Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.. Eşq olsun Azərbaycan Ordusuna!..
Nuray ƏSGƏROVA