Vətənini sevən, cəsur və qəhrəman övladlar müstəqil və qüdrətli Azərbaycanın uğurlu gələcəyinin zəmanətidir. O qəhrəman övladlar ki bu gün öz canları, qanları bahasına 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarına azadlığı daddırırlar. O qəhrəman övladlar ki bütün həyatlarını Vətənə həsr ediblər, ölsələr belə, ölümün ən şərəfli olanını, Vətən üçün ölməyi – şəhidliyi seçirlər. Və o qəhrəman övladlar ki, şəhid olarkən son sözləri “Azərbaycan”dır. Belə qəhrəmanları isə sadəcə, Azərbaycan xalqı kimi qəhrəman bir xalq yetişdirə bilərdi. Bu gün səngərdə şahidi olduğumuz gənclərimizin şücaət və qəhrəmanlığı xalqımızın vətənpərvər gənc yetişdirmək missiyasının öhdəsindən necə uğurla gəldiyini bir daha sübut edir.
Hər bir millətin gələcəyi onun gənclərindən asılıdır. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu deviz-şüar həmişə aktual olub. Çünki bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsli sabah gənclər əvəz edəcək. Ölkənin qurucuları, sahibləri onlar olacaq. Heç şübhəsiz ki, hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, çiçəklənən görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını mühüm vəzifə kimi qarşıya qoymuşdu. Ümummilli liderimiz öz çıxışlarının birində qeyd edirdi ki, müasir gənclərimiz milli və bəşəri dəyərlər ruhunda tərbiyə olunmalı, onlar tariximizi, dəyərlərimizi yaxşı bilməli, soykökümüzdəki, mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri dərindən öyrənməlidirlər. İdeyanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi, bu gün də diqqət mərkəzindədir.
Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə müharibədə Vətəni silahla müdafiə etmək demək deyil. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğıları ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin inkişafına çalışsın. Əsl vətənpərvər insan öz fəaliyyətini bu müqəddəs mərama xidmət etmək üzərində qurur, Vətənin, xalqın suverenliyi, müstəqilliyi, inkişafı uğrunda çalışır.
Bu gün muxtar respublikada gənclərin vətənpərvər ruhda tərbiyə olunması ən çox diqqət mərkəzində saxlanılan məsələlərdən biridir və bu sahədə bir çox tədbirlər həyata keçirilir. Belə ki, gənclər siyasəti çərçivəsində müxtəlif tədbirlər, aksiyalar, hərbi-idman oyunları təşkil edilir, mütəmadi olaraq yeni layihələr icra olunur.
Son illərdə muxtar respublikamızda gənclərdə Vətənə sevgi hisslərinin aşılanması, vətənpərvərlik ideyalarının təbliği istiqamətində xeyli işlər görülüb. Bu məqsədə xidmət edən tarix-diyarşünaslıq muzeylərinin sayı xeyli artırılıb, həmçinin gənclərin Vətənimizi, şəhidlərimizi daha dərindən tanımasına imkan verən yeni layihələrə start verilib.
Gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən biri də ayrı-ayrı şəxsiyyətlərin, milli qəhrəmanların şəxsi nümunələrindən istifadədir. Tariximizdə, müasir dövrümüzdə həyatı gənclərə vətənpərvərlik nümunəsi olan şəxsiyyətlər çoxdur. Yeniyetmə və gənclərin milli qəhrəmanlarla, torpağımız uğrunda savaşda böyük igidliklər göstərmiş Vətən oğulları ilə keçirilən görüşləri, onların həyat və döyüş yolu ilə yaxından tanış olmaları da gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına güclü təsir göstərən amillərdəndir.
Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib, yetişdirir və həmişə yetişdirəcəkdir. Bu gün demək olar ki, hər bir Azərbaycan gənci dövlətimizin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab edir, dərk edir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir”. Hazırda səngərdə və arxa cəbhədə baş verən hadisələr gənclərimizin və bütövlükdə, Azərbaycan xalqının vətənpərvərliyinin, Vətənə, millətə nə qədər bağlı olmasının ən bariz göstəricisidir. Belə ki, ön cəbhədəki vətənpərvər gənclərimiz səngərdə düşmənə göz açmağa imkan vermir, demək olar ki, hər gün şad xəbərlərlə bizi sevindirir, arxa cəbhədə döyüş əmrini səbirsizliklə gözləyən vətənpərvər gənclərimiz isə onlara hərtərəfli dəstək olmaqla yanaşı, günümüzün ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələr vasitəsilə ölkəmizin tarixini, həqiqətlərini, haqq səsini dünyaya çatdırır və bununla da Vətənə olan borclarını bacardıqları qədər yerinə yetirməyə çalışırlar. Bu cür vətənpərvər, qorxmaz, əzmkar, iradəli, intellektli və bacarıqlı gəncləri olan bir ölkənin böyük uğurlardan ibarət gələcəyini təsəvvür etmək heç də çətin deyil. Biz əminik ki, Prezidentimizin “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq” sözləri ilə xəbər verdiyi həmin gələcəkdə Azərbaycan gəncləri öhdələrinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklər. Çünki namusunu hifz etməyə və bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır, Azərbaycan!
Valeh Mahmudov
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin əməkdaşı