Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb, yarısı isə erməniləşdirilib.
Bunu AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, ermənilər həm də işğal etdikləri ərazilərdə yerləşən Azərbaycan xalqının əsrlər boyunca yaratdığı, müasir dövrdə isə bütün bəşəriyyətin tarixi mədəni irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkətləri törədiblər. Bu vandalizm hərəkətləri bu günə qədər davam edir.
Tədqiqatçı qeyd edib ki, Laçın rayonunun işğalından sonra Laçın şəhərində, Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Soltanlar, Seyidlər, Kosalar və digər kəndlərdə 40-a yaxın heyvan fiqurları, üzərində yazılar və rəsmlər olan 35-dən artıq sal daşlar, qəbirüstü daşlar dağıdılmış, baxımsız vəziyyətə salınmış, bəziləri isə bu ərazidən daşınıb. Sarı Aşıq türbəsi, Şeyxəhməd, Soltan baba məbədləri, Dəmirovlu pir məbədi və digər neçə-neçə abidələr dağıdılıb. Laçın Tarix-Diyarşünaslıq Muzeyində, Şəkil Qalereyasında, bölgənin gerçək tarixini əks etdirən mənbə və abidələr məhv edilmiş, qiymətli eksponatlar talanmış, satılmış və sıradan çıxarılıb.
Alim əlavə edib ki, ermənilər tərəfindən “erməniləşdirilməyə” məruz qalan alban xristian abidələri sırasında Laçın rayonunun Kosalar kəndi yaxınlığında yerləşən Ağoğlan məbədinin (IV əsr) adı xüsusi qeyd edilməlidir:
E.Kəlbizadə deyib ki, Qubadlı rayonu ərazisinin işğalı nəticəsində isə 2 mağara, 2 məbəd, 8 məscid, 1 mağara ibadətgah, 7 türbə, 10 ocaq və pir, 2 imamzadə, 6 qala və s. tarixi abidələr düşmənin vandalizminə məruz qalıb. Uzun bir tarixi dövr ərzində bu abidələr baxımsızlıq ucbatından təbii və antropogen amillərin təsiri altında xeyli dərəcədə sıradan çıxmışdır.
Cəbrayıl rayonunda Sultan Allahverdi hamamı, Xudayarlı türbələri, Şıxlar kəndindəki dairəvi türbə (XIV əsr) ciddi dağıntılara uğradıılıb. Araz çayı üzərindəki tarixi Xudafərin körpüsünün dağıdılması üçün müxtəlif vasitələrə əl atılıb. Zəngilan rayonu ərazisində yerləşən Hacallı dairəvi bürcü, Şərifan sərdabəsi (XIII əsr), Məmmədbəyli türbəsi (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr) də erməni təcavüzünə məruz qalıb.
Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı tarixi-memarlıq abidələri - Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (XIV əsr), Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənddəki Xanoğlu türbəsi (XVII əsr), Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi-memarlıq abidələri işğalçılar tərəfindən dağıdılıb.
İşğala məruz qalmış Xankəndi, Xocavənd və Xocalı rayonlarında da tarixi abidələrə qarşı vandalizm hərəkətləri törədilib.