25 Dekabr 2024, Çərşənbə

Addım-addım, qarış-qarış sənə doğru yaxınlaşırıq


Şuşa Qarabağın incisidir

Özümü dərk etdiyim bir gündən torpaqlarımızın bir çoxunun işğal altında olduğunu görmüşəm. O torpaqlarımızın hər bir qarışı, hər bir zərrəsinin bizim üçün nə qədər qiymətli olduğunu dərk etmişəm. Onların baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər güşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi-mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada adla tanınıb. Hələ ilahi səs, muğamını demirəm. Suyundandır, havasındandır cənnətməkanımın, bilmirəm. Bu, qarabağlı həmvətənlərimə genlə keçən fitri istedaddır desək, yanılmarıq yəqin ki....
Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumundan qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı güşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılır.

Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanu Natəvanın, artillerya generalı Mehmandarovun, şair rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun böyük qızı Qara Böyük xanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi,əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər bu qədim Azərbaycan şəhərinin gözəlliyini daha da əsrarəngiz etmişdir. Şuşa havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerlərinə, istirahət güşələrinə görə məşhur idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir.

Sən mənim könlümdə çarpan ürəksən, Şuşam...

Bir xalq olaraq Şuşamızın gözəlliyindən doya bilməmişik. Mənfur düşmən bir çox torpaqlarımızla yanaşı 1992-ci ildə Şuşanı bizdən alıb qoparıb. Şuşadakı mədəniyyət abidələrimizi talan, tarixi abidələrimizi isə darmadağın edilib. Erməni murdarlarının bu ağlasığmaz hərəkətləri isə elə onların özünə yaraşandır. Çünki onların xisləti terrorçuluqdur. Xalqımıza məxsus olan gözəl maddi mədəniyyət nümunələrimizə, bənzəri olmayan torpaqlarımıza göz tikmək, adət-ənənələrimizi adlarına çıxarmaq, riyakarlıq etmək adətidir düşmənin.
Hər bir azərbaycanlı kimi mənim də arzum cənnətməkanımız Şuşa şəhərinə ayaq basmaqdır. Oranı doyunca seyr edib, ətrini nəfəsimə çəkib, bir ovuc torpağını özümlə evimizə gətirməkdir. Başı bəlalı Şuşam...Sən saysız çətinliklərdən keçsən də, qürurunu, vüqarını itirməmisən düşmən qarşısında. Çünki, sən Azərbaycan torpağısan, sən azərbaycanlıların ayağı dəyən, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərini yetirən torpaqsan....
Dilbər guşələrimizdən olan Şuşamız haqqında çox yazılıb,çox deyilib. Amma gedib öz gözümlə görməyi o qədər arzu edirəm ki, məhz bunun üçün yuxularım ərşə çəkilib. Yorulmuşam artıq videokadrlardan izləməkdən, foto şəkillərinə həsrətlə baxmqdan. Hələ balaca ikən evdə valideyinlərimdən,məktəbdə isə müəllimlərimdən eşitdiklərimə görə sənin torpağına ayaq basan kəsə mənəvi qida bəxş edirsən. Bax, o mənəvi qidanı almağa möhtacam, Şuşa... Sən Azərbaycanımızın alınmaz qalası, mədəniyyət məbədimiz olan tarixi abidələr məkanısan...Sən mənim könlümdə çarpan ürəksən, Şuşam.
Artıq illərdir dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan sarı bülbül kimi sirdaşının səsi kəsilib, xarı bülbülünün isə boynu bükükdür. Şuşa şuşalılarsız qalıb. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün,Üzeyirin,Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü gözləyir. Bir zamanlar dinc əhalini qətl edilərək bağrından qoparılmış torpaqlarımızı bu gün igid övladlarımız qanı-canı bahasına yenidən bizlərə qaytarır. Addım-addım,qarış-qarış,sənə doğru yaxınlaşırıq Şuşa!

Cıdır düzü igidlərin məskəninə çevriləcək. Bunu hər yeni bir gündə aldığımız
Qələbə xəbərləri təsdiqləyir.

Bilirsiniz, Şuşa haqqında daha çox yazmaq istərdim. O torpağa ayaq basıb, öz gözlərim ilə gördüyümü yazıb qəzet səhifələrində oxucularla paylaşmaq istərdim. Və mən bu arzuma çatacağıma bütün hisslərimlə inanıram. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz hər gün qələbə gününü yaxınlaşdırırıq, gün gələcək Azərbaycan bayrağı Şuşada dalğalanacaq”. Bəli həmin günün olacağına ümidimiz sonsuzdur. Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bunu hər yeni bir gündə aldığımız Qələbə xəbərləri təsdiqləyir. Biz kiminsə torpağını istəmirik, öz doğma torpaqlarımıza qayıtmaq istəyirik. Yenidən həmin torpaqlarda yaşamaq istəyirik. Erməni murdarının doğma torpaqlarımızda nə işi? Ölkə başçısının dediyi kimi: “Bu gün qüvvətli Azərbaycan Ordusu, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü təmin edir, qoruyur, və müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, qondarma “Dağlıq Qarabağ Respublikası” ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.”
Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə ümidimiz sonsuzdur. Necə ki, Füzulimiz, Cəbrayılımız, Zəngilanımız, Qubadlımız düşməndən geri alındı, üçrəngli bayrağımız şərəflə ucaldıldı həmin torpaqlarda. Bu şərəfli yolda hamılıqla Ordumuzun, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşmişik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Tanrı möhtəşəm qələbə sevincini bizlərə yaşadan Azərbaycan Prezidentini, bu qələbəni əldə edən şanlı, müzəffər ordumuzu qorusun! Biz sizinlə qürur duyuruq, Ali Baş Komandanımız! Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.. Eşq olsun Azərbaycan ordusuna!..

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR