Efiopiyanın aparıcı və ən geniş oxucu kütləsinə malik olan “Reporter” qəzetində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin “Azərbaycan tarixi ədaləti bərpa edir” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən bildiriblər ki, məqalədə Azərbaycana qarşı təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı vurğulanır. Bundan əlavə, yazıda qeyd olunur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı bəyanatlar, “yeni ərazilər üçün yeni müharibə” kimi ilhaqçı konsepsiya, “Paşinyanın 7 şərti” kimi cəfəng xəyalların ifadə edilməsi kimi məsuliyyətsiz addımları atmaqla beynəlxalq ictimaiyyət qarşısında münaqişəni sülh yolu ilə həll etmək deyil, məhz özünün çirkin ilhaqçı siyasətini davam etdirmək niyyətində olduğunu açıq şəkildə izhar edir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təxribatların ardınca sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə kəndlərimizi iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından atəşə tutduğu və Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdığı bildirilir. Hərbi təxribatlar zamanı mülki əhalinin hədəfə alındığı qeyd olunur.
Müəllif Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirdiyini bildirir.
Eyni zamanda, müəllif məqalədə Ermənistanın münaqişə zonasından xeyli uzaq məsafədə yerləşən Gəncə, Bərdə və digər rayonlarımızda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan edilmiş kaset raketləri ilə atəşə tutduğunu, bu hücumlar nəticəsində 90-dan artıq vətəndaşımızın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyini, 400 yaxın mülki insanın yaralandığını və həmçinin minlərlə yaşayış və inzibati binaların dağıdıldığını qeyd edir.
Səfir E.Abdullayev Azərbaycanda əsrlərboyu sülh və qardaşlıq şəraitində yaşayan müsəlman, xristian və yəhudilərin bir yumruğa dönərək təcavüzkar dövlətə döyüş meydanında layiqli cavabını verdiyini və bununla Azərbaycan tərəfindən tarixi ədalətin bərpa edildiyini vurğulayır.