Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı, yerli qeyri-hökümət təşkilatlarının dəstəyi ilə “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanın haqq səsini və işğalçı Ermənistan dövlətinin günahsız dinc əhaliyə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Diaspor sədri həmçinin qeyd edib ki, Şimali Kiprdə diaspor təşkilatı olaraq 10 ilə yaxındır ki, Azərbaycan həqiqətlərini və torpaqlarımızın işğal faktını yerli televiziya kanallarında işıqlandırır, mətbuatda Azərbaycanla bağlı çoxsaylı məqalələr yayımlayırlar.
Aksiyada Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.
O.Həsənoğlu Dağlıq Qarabağda son günlərdə yaşanan hadisələr ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə ŞKTR Parlamentinin vitse-prezidenti Zorlu Törə, ŞKTR parlamentinin millət vəkili, Yenidən Doğuş Partiyasının sədri, Prof.Dr.Erhan Arıklı çıxış ediblər.
Aksiyaya Şimali Kiprdə yaşayan soydaşlarımız, dövlət rəsmiləri, millət vəkilləri müxtəlif QHT sədrləri, yerli ictimaiyyət və media mənsubları qatılıblar.