Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə alay komandiri, polkovnik İspəndiyar Əhmədov açaraq qeyd edib ki, bu gün hərbi hissədə əlamətdar bir gündür. Məhz bu gün xidmətə yeni başlayan əsgərlərimiz hərbi and içirlər.
Bildirilib ki, and müqəddəsdir. Hərbi and hər bir hərbi qulluqçunu mübariz olmağa çağırır. Hərbi andı qəbul edəcək gənc əsgərlər komandirlərin öyrətdikləri bilikləri dərindən mənimsəməli, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında, zərərçəkmiş əhaliyə ilk tibbi və digər yardımların göstərilməsində komandirlərin əmrlərinə tabe olmalıdırlar. Bu gün and içən hər bir əsgər doğma Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü keşiyində layiqincə duracağına, texnikanın sirlərinə bələd olacağına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının əsgəri kimi Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə şərəf sözü verir.
Sonra alayın gənc əsgərləri hərbi and içiblər.
Mərasimdə Mülki Müdafiə Alayının zabiti Aslan Əliyev çıxış edərək bildirib ki, Mülki Müdafiə Alayının qarşısında duran əsas vəzifələr əhalinin və ərazilərin fövqəladə hadisələrdən, yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların təhlükəsizliyinin, təbii texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsinin təmin edilməsindən ibarətdir. Əminliklə demək olar ki, Mülki Müdafiə Alayı sıralarına qatılan gənc əsgərlər bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.
Tədbirdə gənc əsgərlər adından Vəli Rzayev çıxış edərək anda sadiq qalacaqlarına, hərbi xidməti nümunəvi başa vuracaqlarına söz verib.
Əsgər valideynləri Solmaz Nuriyeva, Səyyad İbrahimov çıxışlarında övladlarının Vətənə xidmət andı içməsindən iftixar duyduqlarını bildirərək onlara nümunəvi xidmət etməyi tövsiyə ediblər.
Sonda Azərbaycan Respublikasının Dövlət himni oxunub, gənc əsgərlər təntənəli marş sədaları altında nizami addımlarla tribuna önündən keçiblər.
Xəbərlər şöbəsi